Qadın kişinin qabırğa sümüyündən yaradılmayıb

Qadının kişinin qabırğa sümüyündən yaradılması əfsanəsi Qurandan xaric inancdır. Bu mifoloji yanlışlıq uydurma hədis və rəvayətlərlə dini həqiqət kimi göstərilməyə çalışılır. Halbuki Quranda açıq şəkildə hər ikisinin tək nəfsdən yaradıldığı bildirilir.

Qurandan kənar mənbələrin təsiri ilə yazılan Quran məallarında düzəliş edilməlidir. Qadın kişinin qabırğa sümüyündən yaradılmayıb. Hər ikisi eyni nəfsdəndir. Ayədə belə yazılır:

Ey insanlar! Sizi tək bir nəfsdən xəlq edən, ondan zövcəsini yaradan və hər ikisindən də bir çox kişi və qadın törədib yayan Rəbbinizdən qorxun!… (Nisa surəsi, 1)

  1. ya əyyuha:             ey
  2. ən nasu:                 insanlar
  3. ittəqu:                    təqvalı olun
  4. rəbbə-kum(u):       Rəbbinizə qarşı
  5. əlləzi:                    O ki
  6. xələqə-kum:          sizi yaratdı
  7. min:                       -dan2
  8. nəfsin:                   bir nəfs
  9. vahidətin:              bir (tək)
  10. və xələqə:              yaratdı
  11. min ha:                  ondan
  12. zəvcə-ha:               onun zövcəsini (xanımını)
  13. və bəssə:               yaydı, törətdi
  14. min-huma:            onlardan
  15. ricalən:                  kişilər
  16. kəsiran:                 çoxlu sayda
  17. və nisaən:              qadınlar   

Burada iki sözə nəzər salacağıq:

  1. min ha – ondan
  2. min huma – onlardan

Bu qeyd etdiyimiz sözlər nəfsi vurğulayır. Bəs ilk yaradılışdakı nəfs nədir?

Allah Quranda insanı sudan, torpaqdan və palçıqdan yaratdığını bildirir. İlk yaradılışdakı nəfs su və torpaqdakı mineralların bir araya gəldiyi durumdur. Bu, nəfsi əmələ gətirir.

Məsələn,   palçıqdan 90 kq-lıq bir insan düzəldiləcəyinizi düşünün. Təsəvvür edin ki, 70 kq-a qədər su və insan bədənindəki minerallar torpaqdan alınıb eyni qaba əlavə edilir. Qabdakı su və minerallardan ibarət qarışıq (nəfs) palçığa dönəcək. Belə ki, nəfs yaradıldı və indi də Adəm yaradılır və ondan da (min ha), yəni eyni nəfsdən onun xanımı (zövcəsi) yaradılır. Bəs sonra nə olur? Onlardan (min huma), yəni eyni nəfs qarışığından bir çox kişi və qadın törəyir. Yəni ilk kişi və qadın eyni qarışıqdan yaradıldı. Digər kişi və qadınlar da eyni qarışıqdan yaradıldılar.

min:         -dan2

nəfsin:      bir nəfs

vahidətin: bir (tək)        

Ayədə işlənən söz “nəfsi-vahidə: ilk can, ilk canlı, ilk cövhər”  mənasını ifadə edir.   Burada bir cinsdən bəhs edilmir. Lakin ənənəvi düşüncədə “nəfsi vahidə” “Adəm” kimi tərcümə edilir. Əgər belə olsaydı, Allah açıq şəkildə “Adəmi və ondan zövcəsini yaratdı” deyə bilərdi. Halbuki burada heç bir addan istifadə olunmayıb. Belə bir məna çıxarılmasının qarşısı alınmışdır. Adəm necə yaradılıbsa, zövcəsi də eyni şəkildə yaradılıb. İkisinin də yaradıldığı qaynaq eynidir. Qadının kişinin qabırğasından yaradılması mövzusu Tövrata əsaslanır və bir çox ənənəvi inanc yəhudi mədəniyyətinin təsiri altındadır.