Qadın və müvəqqəti borcda şahidlik

Qadının şahidliyində Quranda istisna edilən yeganə mövzu müvəqqəti borc məsələsidir. Buradakı istisna vəziyyəti başa düşmək üçün borcdan bəhs edilən “Bəqərə” surəsinin 282-ci ayəsinə nəzər yetirək:

Ey iman gətirənlər! Müəyyən bir müddətədək bir-birinizə borc verdikdə onu yazın. Qoy bunu aranızda bir katib ədalətlə qeyd etsin. Katib Allahın onu öyrətdiyi kimi yazmaqdan boyun qaçırmamalıdır. Qoy o yazsın, borc alan da  yazdırsın, Rəbbi olan Allahdan qorxsun və borcdan heç nə əskiltməsin. Əgər borc alan ağıldan zəif və ya acizdirsə və yaxud özü yazdırmağa qadir deyilsə, qoy onun yaxın adamı ədalətlə yazdırsın. Aranızdakı kişilərdən iki nəfəri şahid tutun. Əgər iki kişi olmazsa, razı olduğunuz şahidlərdən bir kişi və iki qadını (şahid tutun) ki,  biri unutduqda, o birisi onun yadına salsın. Şahidlər (şahidlik etməyə) çağırıldıqda boyun qaçırmasınlar. Az da olsa, çox da olsa, (həmin məbləği və) onun vaxtını yazmaqdan usanmayın. Bu, Allah yanında daha ədalətli, şahidlik üçün daha düzgün və şübhəyə düşməməyiniz üçün daha münasibdir. Yalnız aranızda gedən nağd ticarət istisnadır. Bunu yazmamağınız isə sizin üçün günah deyildir. Alver etdikdə şahid tutun. Amma katibə və şahidə zərər verilməməlidir. Əgər (zərər) yetirsəniz, şübhəsiz ki, bu, sizin üçün günahdır. Allahdan qorxun, Allah da sizi öyrətsin. Allah hər şeyi bilir. (Bəqərə surəsi, 282)

Borc hökmünü təsvir edən bu ayədə borcların yazılmasından və katiblə şahidlərin bu vəzifədən boyun qaçırmamağından danışılır. Bundan başqa, ayənin sonunda qeyd olunur ki, katibə və şahidlərə zərər verilməməlidir. Göründüyü kimi, maddi mənfəətlərə aid olan şeylərdə insanlar şahidlik etməkdən çəkinirlər. Allah isə bu məsuliyyəti tamamilə kişilərə yükləyir və bu işdə iki kişinin şahid olmağını istəyir. Diqqət edildikdə görünür ki, ayədə “iki kişi və ya dörd qadın şahid tapın” ifadəsi işlənmir, birbaşa iki kişi şahid istənilir. Hamının çəkindiyi bu məsuliyyət birbaşa kişilərə verilmişdir. Beləliklə, təzyiqlərə daha həssas olan qadın bu riskli işdən qorunmuşdur.

Ayənin hökmünə görə, iki kişi deyil, bir kişi tapılarsa, o zaman bir kişi və iki qadın şərti var.  Beləliklə, borc kimi riskli hesablaşmada qadın yalnız buraxılmır.  Olumsuz vəziyyətin yaranması ehtimalında bir kişi ilə bir qadının üz-üzə gəlməsinin qarşısı əvvəldən alınır və qadın qorunur.

Məsələn, fərz edək ki, borcun miqdarı və ya ödəmə forması ilə bağlı anlaşılmazlıq yaranıb. Belə olduqda iki nəfərin fərqli şahidliyi qarşısında qadın kişi ilə üz-üzə gəlib iki tərəfdən birinin yalançı olduğu durumda stress və təzyiqlə üzləşə bilər. Allah Quranda hər vəziyyətdə qoruduğu qadının belə bir duruma düşməyinin qarşısını almışdır. Belə ki, qadının yanında ikinci şahidin varlığı ona dəstək vermiş olur. Bir kişi və iki qadın şahid olanda şahidlərin sayı üçə çatır. Bu minvalla,  məsuliyyət bir nəfərin deyil, üç nəfərin üzərinə düşməklə paylanılır. Beləliklə, pis niyyətli insanlar üç nəfərdən ikisini aldatmalı olduqlarına görə işləri çətinə düşür.

Məlum məsələdir ki, pul ilə bağlı məsələlər xüsusilə dövrümüzdə iftira atmağa, bir başqasını günahlandırmağa və şübhə yaratmağa səbəb ola bilir. Dolayısilə, burada qadını qorumaq üçün görülən tədbir qadını bir çox yöndən qoruyur. Bəzi insanlara görə, qadınları gücsüz görüb onlara iftira atmaq çox asandır. İşə pulun qarışdığı vəziyyətlər həmin insanların qadına iftira atıb onu günahlandırmaq üçün istifadə edəcəyi mühitlərdən biridir. Lakin verilən borca iki qadının şahidlik etməsi bu iftira riskini aradan qaldırır.

Bu, eyni zamanda qadın üçün psixoloji yöndən də rahatlıq deməkdir. Borc məsələsində pulun miqdarı, işin digər xırda detalları unutmaq baxımından həssas məsələdir. Müsəlmanlar ədalətli olmaq üçün borcla bağlı hər şeyi bilməyə və bu işdə nəyi isə unutmamağa görə məsuliyyət daşıyırlar. Belə ki, bu zaman qadına düşən məsuliyyət iki yerə bölünür. Qadın güclü yaddaşa malik olsa da və unutmamaq üçün lazımi tədbirləri alsa da, (hansı ki, bu işdə qadınlar kişilərdən həmişə dəqiq və ehtiyatlıdırlar) başqa bir qadının varlığı ona psixoloji yöndən dəstək verir. 

Bunlar, əlbəttə, kişilər üçün də əsaslıdır. Lakin Quran belə mövzularda daima qadına üstünlük verir. Rəbbimiz qadınları xırdalıqlara əhəmiyyət verən, ən adi vəzifəyə belə ciddi yanaşan, ehtiyatkar və məsuliyyətli varlıq olaraq yaratmışdır.  Buna görə də borc məsələsində qadının üzərində hiss etdiyi yük yaradılışı etibarilə çox böyük olur. Odur ki, bu yükü azaltmaq və onu psixoloji təsirdən qorumaq üçün uca Allah belə bir tədbir almışdır. Bu həm də Rəbbimizin qadına verdiyi üstün dəyərin təzahürüdür.

Bunu unutmaq olmaz ki, Quranda qadın dövlət başçısı (Səba məlikəsi) kimi nümunə verilir və onun qərarlı alan güclü şəxs olduğu vurğulanır. Bunun mənası odur ki, Qurana görə, qadınlar dövləti idarə edə biləcək qədər ağıllı və güclü şəxsiyyətə sahibdirlər. Buna görə də borc məsələsində qadınları açıq şəkildə qoruyan ayəni qadınların əskik olduqları şəklində şərh edənlər Quran hökmünü görməzlikdən gəlirlər. Bizim ölçümüz isə yalnız Qurandır.