Qurana əsasən, qadın da boşanma haqqına sahibdir

Rəvayətçilər qadının boşanma haqqının olmadığını, bu hüququn ancaq kişilərə məxsus olduğunu iddia edirlər. Əlbəttə, buna Qurandan əsla dəlil gətirə bilməzlər. Allah Quranda boşanmanın ən son düşünülməsi gərəkən iş olduğunu bir çox ayə ilə bildirir. Buna görə də çox ciddi tədbir alır. Əgər ər-arvad anlaşa bilmirsə, yaxınlarının ilk etməli olduğu şeyləri Allah bir ayədə belə bildirir:

Əgər ər-arvad arasında ixtilaf olacağından qorxsanız, onda kişinin ailəsindən bir hakim və qadının ailəsindən bir hakim göndərin. Əgər bunlar islah etmək istəsələr, Allah da onları barışdırar. Həqiqətən, Allah biləndir, xəbərdardır. (Nisa surəsi, 35)

Ayədən başa düşüldüyü kimi, boşanma mövzusunda kişi və qadının arasını düzəltmək üçün hər iki tərəfin yaxınlarından bir hakim təyin edilməlidir. Bu, o deməkdir ki, evliliyin davam etməsi yalnız kişinin istəyi ilə olmur. Çünki ayədə cinsi ayrı-seçkilik edilmədən ümumi mənada yola getməməkdən, aranın pozulmasından bəhs edilir. Diqqət edilirsə, dövrümüzdə də belədir. Cütlərin barışması üçün araya vasitəçilər təyin edilir. Bu, mümkün olmursa, o zaman məhkəmədə hər iki tərəfin yaxınlarının şahidliyi ilə ər-arvad ayrılırlar.

Bir Quran ayəsində belə buyurulur:

Əgər (ər-arvad) ayrılsalar, Allah hər birini Öz lütfündən zəngin edər. Allah əhatə edəndir, müdrikdir. (Nisa surəsi, 130)

Bu ayədə cinsi ayrı-seçkilik edilmədən bildirilir ki, ayrılmaq istəsələr, çətin vəziyyətə düşməkdən qorxmasınlar. Allah onlara kömək edəcək. Burdan da anlaşıldığı kimi, qadın da istədikdə, yəni ərindən razı deyilsə, ayrıla bilər. 

Rəvayətçilər Quranı deyil, rəvayətləri əsas götürdüklərinə görə Quranda bildirilən qadın-kişi hüquqlarından tamamilə fərqli anlayışa malikdirlər. Halbuki qadın istədiyi kimi işləyə bilər, amma işləmək məcburiyyətində deyil. Qurandakı qadın Səba məlikəsi nümunəsində gördüyümüz kimi ölkə rəhbəridir. Qurandakı qadın hz.Məryəm nümunəsində gördüyümüz kimi, çətinlik vaxtlarında səbirli və qərarlıdır, bütün qadınlara örnəkdir. Quranda qadın sultandır, daima əl üstündə saxlanmalıdır. Dolayısilə, qadınlara münasibət baxımından bütün dünya Quranı rəhbər götürməlidir.