Qurana əsasən, qadınların miras haqqı

Miras məsələsində qadının kişinin yarısı qədər pay alması da bir çoxlarının yanlış başa düşdüyü mövzudur. Quranın ruhunu, İslamın təməl əsaslarını və Rəbbimizin qadınlara şəfqətini qavramayan bəzi insanlar mirasın bölünməsindən bəhs edən ayəni Quranın bütünü ilə deyil, tək olaraq şərh etməklə öz iddialarını əsaslandırmağa çalışırlar. Halbuki miras hüququ yenə Quranda qadının qorunduğunu göstərən mövzulardan biridir.

Quranda qadının miras payından bəhs edən ayələr belədir:

Valideynlərin və yaxın qohumların qoyub getdikləri (maldan) kişilərə pay düşür; valideynlərin və yaxın qohumların qoyub getdikləri (maldan) qadınlara da pay düşür. Bu (mal) istər az olsun, istərsə də çox, (onlar üçün) müəyyən edilmiş bir paydır. (Nisa surəsi, 7)

Allah övladlarınız haqqında sizə  tövsiyə edir; kişiyə, iki qadının payı qədər (pay) düşür. Əgər ikidən artıq sayda qadındırlarsa, (vəfat edənin) qoyub getdiyi (malın) üçdə iki hissəsi onlara çatır. Əgər təkcə bir qadındırsa,  yarısı ona çatır. Əgər (ölənin) bir övladı varsa, onun valideynlərinin hər birinə qoyub getdiyi (malının) altıda bir hissəsi çatır. Əgər onun övladı yoxdursa, varisi də  valideynləridirsə, onun anasına  üçdə bir hissəsi düşür. Əgər (ölənin) qardaş-bacıları varsa, onun anasına  altıda bir hissəsi düşür. (Bu bölgü) ölənin vəsiyyəti yerinə yetirildikdən və ya borcu ödənildikdən sonra (aparılır). Valideynlərinizdən və övladlarınızdan hansının fayda baxımından sizə daha yaxın olduğunu siz bilmirsiniz. (Bunlar) Allah tərəfindən buyurulmuş fərz əməllərdir. Həqiqətən, Allah biləndir, müdrikdir. (Nisa surəsi, 11)

İlk ayədə göründüyü kimi, İslamda miras həm kişinin, həm də qadının haqqıdır. İkinci ayədə isə mirasın şəkli açıqlanır. Buradakı tərifə görə, miras şəxslərin ehtiyacına və daşıdıqları məsuliyyətə görə bölünür.

Ümumi Qurana nəzər saldıqda görürük ki, həyat yoldaşı, ana, bacı və qızın dolanışığı oğul, ər, ata və qardaşa həvalə edilir. Bu qadının bütün həyatı boyu əsaslı olan hökmdür. Yəni oğul, ər, ata və ya qardaş himayəsindəki qadına ömrünün sonuna kimi baxmalıdır.

Məsələn, kişi evlənəndə qadına mehr verir. Qurana əsasən, mehr qadının ailəsinə deyil, birbaşa qadının özünə verilir. Evlənəndən sonra qadının və uşaqların bütün maddi ehtiyaclarını kişi ödəyir.  Növbəti səhifələrdə ətraflı şəkildə izahını verəcəyimiz kimi, boşandıqda belə bu qayğı və dəstək davam edir. Dolayısilə, qadının bütün xərclərini kişi ödəyir.

Qadının maddi xərclərinin kişiyə həvalə edilməsi qadını sıxışdırmaq anlamında deyil.  Bu, qadının möhtac olduğunu da göstərmir. Burada görülən tədbir qadına dəyərin simvoludur və qadının həyatı boyu hər hansı bir şəkildə zərər görməsinin qarşısını almaq  üçündür.  Qadın istədiyi kimi yaşamaqda, çalışmaq və ya çalışmamaqda, pul qazanmaq və ya qazanmamaqda, iş qurmaqda, şirkət və hətta dövlət idarə etməkdə azaddır. Qadının maddi baxımdan bir kişinin himayəsində olması onu sosial həyatdan təcrid etmək və ya evə qatmaq demək deyil. Bu, eyni zamanda kişinin qadın üzərində söz haqqı olduğunu da göstərmir. Quranın heç bir yerində kişinin qadına hökm edəcəyinə dair məlumat yoxdur. Maddi məsuliyyətin kişiyə verilməsi Quranda xüsusi qorunan qadının həyatı boyu zərər görməməsi üçündür.

Lakin Qurana görə, qadının heç kimə qarşı belə bir məsuliyyəti yoxdur. Başqalarının dolanışığını təmin etmək kimi vəzifəsi yoxdur və eyni zamanda öz ehtiyaclarını belə ödəmək məcburiyyətində deyil. Əgər istəməzsə, işləməz; qadın buna məcbur deyil.

Bundan başqa, qadın öz malını istədiyi kimi xərcləmək haqqına sahibdir. Qadın zəngin olsa da, ailəsinin xərclərinə qatılmağa məcbur deyil. Həmçinin uşaqların tələbatını üzərinə götürməyə borclu da deyil. Qadın kişidən varlı olsa da, kişinin maddi məsuliyyəti davam edər.

Qadın mirasdan aldığı payı istərsə, xərcləyər; istərsə də özü üçün saxlayar. Lakin kişi mirasdan aldığı payı qadının dolanışığı üçün xərcləmək məcburiyyətindədir. Həm həyat yoldaşının, həm uşaqlarının, həm də bacılarının dolanışığı və rahat yaşamağı onun üzərinə düşür. Təkrar qeyd edək ki, bu, qadının ehtiyacı üzündən deyil, onun həyatı boyu zərər görməsini əngəlləmək üçündür.

Qurandakı gerçəklərə əsaslandıqda açıq həqiqətlə üzləşirik: əgər miras hüququnda qadınla kişiyə eyni pay verilsə idi, o zaman hissələri eyni olduğu halda, kişi ailəni dolandırdığı və qadının belə məsuliyyəti olmadığı üçün ölçü kişinin əleyhində pozulmuş olacaqdı.

Ayədə həmçinin vurğulanır ki, bu bölgü ölənin vəsiyyəti yerinə yetirildikdən və ya borcu ödənildikdən sonra aparılır. Əgər ölən şəxs miras qoyub gedibsə, ilk öncə, mirasa görə hərəkət etmək lazımdır. Bu mirasda ölən adam bütün malını qadına vəsiyyət edə bilər və ailənin oğlanlarına pay ayırmaya bilər. Belə vəziyyətdə ayənin hökmünə görə, vəsiyyət əsaslı sayılır və bütün miras qadına qalır.

Allahın kişiyə qadının maddi xərcləri ilə bağlı məsuliyyət verməsinin müəyyən hikmətləri var. Əgər Allah istəsə idi,  kişiyə belə məsuliyyət verməzdi və qadın heç bir maddi güvənliyi olmadan özünün, hətta uşaqlarının dolanışığını təmin etməli olardı. Lakin bu, bir qadın üçün böyük bir yük, psixoloji təzyiq və ağır bir məsuliyyətdir. Maddi mənada belə bir yük Quranda heç bir şəkildə qadının üzərinə yüklənməmişdir.