Qurana əsasən, zəkat 1/40 deyil, ehtiyacdan artıq qalandır

İslam dininin müvəhhidləri (Allahın təkliyinə inananlar) İslama dair bütün məlumatların qaynağı olan Quranı kafi görürlər və Allaha inanıb Onun əmr və qadağalarını səmimiyyətlə tətbiq edirlər. Quran insanlar üçün hər mövzuda doğrunu göstərən mübarək kitabdır. Rəbbimiz Quranda insanlıq üçün hər şeyi açıqlamışdır. Rəbbimiz Quranda bizə ən uyğun olanı buyurmuşdur. Sosial həyata dair ən ədalətli, ən hüzurlu və ən etibarlı yaşayış tərzi Qurandadır. İnsanlar arasındakı iqtisadi əlaqələrdə də ən gözəl nizamı Quran təqdim edir. İnsanların öz ehtiyaclarından artığını ehtiyacı olanlara verməyini buyuran Rəbbimiz bu minvalla yer üzündə kasıb qalmayacağını bildirir. Lakin İslam adından hökm verən Qurandan xaric qaynaqlar bu həqiqəti görməzlikdən gəlib öz sistemlərini din adından tətbiq edirlər. Belə ki, həm ortaya  Qurana zidd anlayış çıxarırlar, həm də Rəbbimizin buyurduğunun əksini edirlər. Milyonlarla müsəlman belə adamların üzündən Quranda bildirilən sistemi bilmir və onlara öyrədilənlərə səmimi şəkildə əməl edirlər. İnsanlar 1/40 olaraq bilinən zəkat sisteminin Quranda “ehtiyacdan artıq qalan” olduğunu bilsələr, bütün kasıblar da rahat olarlar. Bununla yanaşı, Rəbbimiz bu zəkat sisteminə tabe olanlara bərəkət verəcəyini belə buyurur:

Mallarını Allah yolunda sərf edənlərin halı yeddi sünbül verən bir toxuma bənzər ki, bu sünbüllərin hər birində yüz ədəd dən vardır. Allah istədiyi kimsə üçün bunu qat-qat artırır. Allah (lütfü ilə) genişdir. (Bəqərə surəsi, 261)

Xurafat təmsilçilərinə: “Quran kafidir”, -deyiləndə, “Bəs Qurana görə zəkatı necə verəcəyik”, -deyə etiraz edirlər. Allah bu insanlara “Bəqərə” surəsinin 219-cu ayəsində belə buyurur:

… Səndən nə xərcləyəcəklərini soruşurlar. De: “Ehtiyacınızdan artıq qalanını!” Allah ayələri sizə belə bəyan edir ki, bəlkə fikirləşəsiniz. (Bəqərə surəsi, 219)