Qurana zidd hədislər 3

“Züxruf” surəsinin 44-cü ayəsində bildirildiyi kimi, müsəlmanlar Qurandan sorğu-sual olunacaqlar. Dinə aid bütün hökmlər Qurandadır. Allah Quranı qoruyacağına dair bizi əmin etmiş və bizə atamız İbrahimin (əs) dini kimi asan bir din göndərmişdir. (Həcc surəsi, 78)

Bunu unutmaq olmaz ki, Peyğəmbərimiz hz.Muhəmməd Quranın ən mükəmməl tətbiqçisidir. Peyğəmbərlik həyatı boyu bütün söz və əməlləri Qurana uyğun olmuşdur və Peyğəmbərimiz müsəlmanlara ən gözəl nümunədir. Peyğəmbərimizin sözlərindən dövrümüzə çatanlar vardır. “Hədis” adı verilən bu sözlərin bir qismi Quranın hökmlərini əks etdirir. Bu səbəbdən, bunların Peyğəmbərimizə (səv) aid olduğu məlumdur və səhihdir.

Ancaq bu, bir həqiqətdir ki, hədis kitablarına sonradan əlavə edilən və Peyğəmbərimizin (səv) söz və əməlləri ilə heç bir əlaqəsi olmayan bir çox açıqlamalar dövrümüzdə hədis kitablarında mövcuddur. Bu sözlərin Quranla ziddiyyət təşkil etməsi onların səhih hədis olmadığını göstərir. Qurana zidd olan hər hansı bir söz, yaxud əməlin Peyğəmbərimizə (səv) aid olması mümkün deyil.

Əsrlərlə təhrif edilməyə çalışılan İslam üçün ən böyük problemlərdən biri bu uydurma hədislərdir. Xurafatın qaynağı olan bu yalan hədislər həyatın hər sahəsində insanları İslamdan soyudur və sevgi-şəfqət dini olan İslamın yanlış anlaşılmasına səbəb olur. Bu hədislər uydurma olduğu üçün həm öz-özlərinə və həm də Qurana ziddir.