Quranda hökmü qalxmış (nəsh edilmiş) ayə yoxdur

Quran Allahın kəlamıdır və hökmlərini kitabda tamamlamışdır. Onun sözlərini heç bir qüvvə dəyişdirə bilməz.

Rəbbimiz Quranı hər şeyin açıqlayıcısı, doğru yola yönəldən, rəhmət və müjdə olaraq endirmişdir. Rəbbimiz unutqan deyil və kitabda heç bir şeyi nəzərdən qaçırmamışdır.

Rəbbimiz Quranda: “Onlara oxunan kitabı sənə nazil etməyimiz onlar üçün kifayət deyilmi?”– deyir. Yoxsa siz kitabın bir qisminə inanıb bir qismini inkar edirsiniz və bunu nəsh və mənsuh adlandırırsınız?

Quranda hökmü qalxmış ayələrin olduğunu iddia edənlər “Bəqərə” surəsinin 106-cı və “Nəhl” surəsinin 101-ci ayələrini əsas gətirirlər. Bu iddiaların əsassız olduğunu qısaca açıqlayaq. Əvvəlcə, Qurandakı “ayə” sözünün hansı mənalarda işləndiyinə nəzər salaq.

“Ayə” kəlməsi Quranda “möcüzə”, “dəlil”, “işarə”, “sistem”, “sənəd” və “mesaj” kimi bir çox mənalarda işlənir.

Quranda əgər ayələr nəzərdə tutulursa, “ayə” sözünün cəmi olan “ayələr” sözü işlənilir. “Ayələr” kəlməsi həm Quran ayələri, həm də dəlil kimi bir çox mənaları ifadə edir, lakin tək halda işlənən “ayə” kəlməsi “Quran ayələri” mənasını daşımır. Əgər Quranda təkcə ayə sözü keçirsə, bu, dəlil, sistem, möcüzə mənasını daşıyır. Lakin Quran ayələri kimi “ayələr” ifadəsi keçir. Tək halda işlənən ayə sözü Quranda 84 dəfə işlənilir və heç bir yerdə Quran ayələrindən bəhs etmir. Bu möcüzəvi incəlik Quranda açıq şəkildə görünür. “Bəqərə” surəsinin 106-cı və “Nəhl” surəsinin 101-ci ayələrində keçən “ayə” kəlməsi tək haldadır və dəlil, sistem, möcüzə kimi mənaları ifadə edir.

Hər hansı bir ayənin, yaxud sünnənin digər ayəni nəsh etməsi mümkün deyil. Nəsh-mənsuh ayələri kimi düşünülən “Bəqərə” surəsinin 106-cı və “Nəhl” surəsinin 101-ci ayələri hökmü qalxmış ayələr deyil.

Allah Quranı açıqlanmış (bəyyinə) olaraq endirildiyini, ayələrinin açıq-aydın və müfəssəl olduğunu Quranda bildirmişdir. Quranın bu qədər açıq hökmlərinə baxmayaraq onda nəsh-mənsuh (hökmü qalxmış ayə) olduğunu iddia etmək Allahın kitabında çatışmazlığın olduğunu deməkdir.