Quranda keçən hikmət kəlməsi hədis və ya sünnə mənasında deyil

“Hikmət” kəlməsi hökm etmək, hökm, möhkəm kimi kəlmələrlə eyni kökdəndir. Yəni “hikmət” sözü dilimizdə qəlibləşmiş “müəmma”, “gizli sirr” mənasında deyil.

Quranda hikmət kəlməsinə baxaq:

Bunlar Rəbbinin sənə vəhy etdiyi HİKMƏTDƏNDİR. Allahla yanaşı başqa məbuda ibadət etmə, yoxsa qınanmış və qovulmuş halda Cəhənnəmə atılarsan. (İsra surəsi, 39)

Ayədən də göründüyü kimi bu hikmətlər öncədən açıqlanmışdır. Bu hikmətlərə Quranın digər ayələrində baxaq:

  1. Qohum-əqrəbaya da, yoxsula da, müsafirə də haqqını ver. Lakin malını lazım olmayan yerə sərf etmə.
  2. Həqiqətən, israfçılar şeytanların qardaşlarıdır. Şeytan isə Rəbbinə qarşı nankordur.
  3. Əgər sən Rəbbindən dilədiyin mərhəməti umaraq onların üzünə baxmırsansa, onda onlara xoş söz de.
  4. Əlini nə qoynunda gizlət, nə də onu büsbütün aç. Yoxsa qınanmış və peşman vəziyyətdə qalarsan.
  5. Həqiqətən, Rəbbin istədiyinin ruzisini bol edər, istədiyininkini də azaldar. Şübhəsiz ki, O, Öz qullarını tanıyır və görür.
  6. Yoxsulluq qorxusundan uşaqlarınızı öldürməyin. Axı onların da, sizin də ruzinizi Biz veririk. Onları öldürmək, həqiqətən də, böyük günahdır.
  7. Zinaya yaxınlaşmayın. Çünki bu, iyrənc bir əməl və murdar bir yoldur!
  8. Allahın, öldürülməsini haram buyurduğu şəxsi haqsız yerə öldürməyin. Kim haqsız yerə öldürülmüşsə, artıq onun varisinə ixtiyar vermişik. Lakin o da qisas aldıqda həddi aşmamalıdır. Çünki ona artıq kömək olunmuşdur.
  9. Yetim həddi-buluğa çatana qədər, – xeyirxahlıq istisna olmaqla, – onun malına yaxınlaşmayın! Əhdə vəfa edin. Çünki hər kəs əhd barəsində sorğu-sual olunacaqdır.
  10. Ölçdükdə ölçüyə tam riayət edin, çəkdikdə düzgün tərəzi ilə çəkin. Bu, daha xeyirli və nəticə baxımından daha yaxşıdır.
  11. Haqqında məlumatın olmadığı bir işin dalınca getmə. Çünki qulaq, göz və ürək – bunların hamısı sahibinin əməlləri barəsində sorğu-sual olunacaqdır.
  12. Yer üzündə təkəbbürlə gəzmə. Çünki sən nə yeri yara bilər, nə də yüksələrək dağlara çata bilərsən.
  13. Bütün bu qadağan edilmiş pis əməllər, Rəbbinin xoşuna gəlməyən şeylərdir.
  14. Bunlar Rəbbinin sənə vəhy etdiyi HİKMƏTDƏNDİR. Allahla yanaşı başqa məbuda ibadət etmə, yoxsa qınanmış və qovulmuş halda Cəhənnəmə atılarsan.

Ayələrdən göründüyü kimi burada Allahın bütün insanlığa əmrlərindən bəhs edilir;  öldürmək, zina etmək, təkəbbür, israf etmək və bunlara hikmətlərin bəziləri deyilir. “İsra” surəsindəki bu hökmləri bütün insanlıq qəbul etmişdir. Deməli, hikmət anlayışı Quranın bir xüsusiyyətidir və dolayısilə, Quranın bir sifətidir və bu sifətlərdə Allahın dünyəvi qanunlarının xatırladılmasıdır.

Biz Quranı sənə ona görə nazil etmədik ki, əziyyətə düşəsən. Onu Allahdan qorxanlar üçün ancaq nəsihət kimi göndərdik. (Taha surəsi, 2-3)