Qurana əsasən, oğrunun əli kəsilmir, həbs edilir

Quranda indiyə kimi bilinənin əksinə olaraq, oğrunun əlinin kəsiləcəyinə dair hər hansı bir hökm yoxdur. Qurana görə oğru oğurladıqlarının tam qarşılığı qədər həbslə cəzalandırılır. Bu cəza Qurandakı “cəmiyyətlə əlaqələrini kəsin” əmrinin qarşılığıdır. Oğru əgər ehtiyacı və acizliyi üzündən oğurlayıbsa, buna uyğun cəza verilir (qısa müddətli həbs kimi). Lakin oğru bu işi sistemli və təşkilatlı şəkildə məsləyə çeviribsə, yaxud da dövlətin malını qəsb etməklə bütün cəmiyyətə zərər vermişsə, bunların hamısının cəzası ayrı-ayrıdır. Ayədə Allahın bizə nəsihət etdiyi daşındırıcı sistem “oğrunun cəmiyyətlə əlaqəsinin kəsilməsi” ifadəsidir. Ayədə “əllərini kəsin” yazıldığına baxmayaraq, biz çevirərkən əl kəsmək mənasını vermədik, çünki ayə aşağıdakı kəlmə təhlillərində ətraflı şəkildə açıqladığımız kimi, feili olaraq əl kəsməkdən bəhs etmir; ayə oğrunu cəmiyyətdən təcrid etməyi izah edir. Belə ki, təhlillərlə mövzuya aydınlıq gətirək, inşaAllah.

“Maidə” surəsinin 38-ci ayəsinin oğrunun əlinin kəsilməsini əmr etdiyi deyilir. Bu ayəyə baxaq və əlaqədar sözləri araşdıraq:

جَزَاء cəzaən – qarşılıq

بِمَا كَسَبَا bima kəsəba – etdiklərindən dolayı

نَكَالاً nəqalən – daşındırma

مِّنَ اللّهِ min Allahi – Allahdan

Beləliklə, ayənin bu hissəsinə belə bir məal verə bilərik: “(Bu) etdiklərinə qarşı Allahın nəzərdə tutduğu daşındırma üsuludur”.

Bəs bu cəza nədir və kim üçündür? Ayənin əvvəlinə baxaq:

وَالسَّارِقُ və əs sariqu – oğru kişi

وَالسَّارِقَةُ və əs sariqətu – oğru qadın

فَاقْطَعُواْ fə iqtəu – kəsin

(bu sözün üzərində daha sonra dayanacağıq)

أَيْدِيَهُمَا əydiyə huma –

əsas yer burasıdır. Ayədə keçən “huma” sözü “o ikisinin” mənasını verir və oğru kişi ilə oğru qadının ikisinin “əydini kəsin” deməkdir.

“Onların dediklərinə səbir et və ƏYD sahibi bəndəmiz Davudu yadına sal!” (Sad surəsi, 17)

Burada “ƏYD” kəlməsi güc, qüvvət mənasında işlənmişdir.

ƏYD və bəsirət sahibi olan bəndələrimiz İbrahimi, İshaqı və Yaqubu da yad et! (Sad surəsi, 45)

Burada da “ƏYD” kəlməsi güc, qüvvət mənasında işlənmişdir.

Biz göyü ƏYDlə yaratdıq və Biz onu genişləndiririk. (Zariyat surəsi, 47)

Bu üç ayədə də ƏYD sözü güc mənasında keçir. Belə ki, ayədə oğru kişi və qadının etdiklərinə qarşılıq güclərinin kəsilməsi mənasını verə bilərik. Lakin ƏYD üzərində qərar tutmayaq. Bu sözün ikinci mənasına, “ƏLLƏR” sözünə də baxaq. Əvvəlcə, bunu deyək ki, ərəbcə tək və cəm hallarla yanaşı, iki şey üçün ayrı bir qayda vardır. Buna “təsniyə” deyilir.

YƏD – bir əl

YƏDA – iki əl

ƏYD – üç və daha çox əl deməkdir.

Bir adamda üç dənə əl olmadığına görə, sözün “əllər” mənasında istifadə olunduğunu qəbul etsək də, bunu məcazi mənada götürməliyik. Qrammatik olaraq araşdıracağıq, lakin birinci bunu dəqiqləşdirək:

ƏYD “əllər” deməkdirsə, bunu məcazi mənada anlayacağımızı dedik. Bəs Quranda əl heç məcazi mənada istifadə olunubmu?

Quranda əl tək əl, iki əl və çoxlu əllər forması ilə 110 ayədə 120 dəfə keçir. Bunların isə 30-u fiziki, yəni gerçək əl mənasındadır. Digərləri məcazidir. İndi əl kəsmə ayəsinin keçdiyi surələrdə iki nümunəyə baxaq:

Ey iman gətirənlər! Allahın sizə olan nemətini xatırlayın. Bir zaman bir tayfa sizə əl qaldırmaq fikrinə düşdükdə (Allah) onları sizdən əl çəkməyə məcbur etmişdi. Allahdan qorxun! Qoy möminlər Allaha təvəkkül etsinlər! (Maidə surəsi, 11)

Bu ayədə əyd-əllər sözünün məcazi mənada işləndiyi aydındır.

Yəhudilər dedilər: “Allahın əli bağlıdır!” Onların öz əlləri bağlandı və dedikləri sözə görə lənətə gəldilər. Əksinə, Onun hər iki əli açıqdır və O, (Öz lütfündən) istədiyi kimi sərf edir. (Maidə surəsi, 64)

Burada da yəd-əl, yəda-iki əl sözü məcazi mənada işlənmişdir. Təkrar edək, əyd güc və ya əllər deməkdir. Ayədəki əyd güc mənasındadır. Çünki bu kəlmə ən azı üç əli ifadə etdiyi üçün və bir insanın da üç əli olmayacağına görə, məcazi mənası nəzərdə tutulmuşdur. Burada oğrunun gücünün kəsilməsi istənilir. Burda belə bir etiraz ola bilər:

“Doğrudur, lakin ayədə bir oğrudan bəhs edilmir, “oğrunun əllərini kəsin” olsaydı, ola bilərdi. “O ikisinin əllərini kəsin” kimi keçir ayədə. İki nəfərin dörd əlinin olduğuna görə, həqiqi əlin kəsilməsindən bəhs edilə bilər”.

Bu iddia yanlışdır. Belə ki, “huma” əvəzlikdir. İki nəfərə işarə edir. Bu iki nəfər ayənin əvvəlində keçən oğru kişi və oğru qadındır. Hər ikisinin də əllərinin kəsilməsi deməkdir. “Huma” sözə bu mənanı verir. (Yəni hərfi mənada həm oğru kişinin üç və daha çox əli və həm də oğru qadının üç və daha çox əli). Əllər ərəbcə üçdən başladığı üçün bu əllərin bioloji əl kimi anlaşılması mümkün deyil. Tamamilə məcazi mənada işlənmişdir. Bura kimi “əyd” kəlməsinin üzərində lazımi qədər durduq. İndi də bunun qədər önəmli olan digər sözə “kəsmək” feilinə baxaq:

Ayədə keçən və azərbaycancaya “kəsmək” kimi tərcümə olunan söz “qətəa- قطع” kəlməsidir. Bu söz kəsmək mənasını ifadə etsə də, Quranda bir çox yerdə fiziki baxımdan kəsmək mənasında keçmir.

“Qətəa” Quranda bu ayədən başqa 18 yerdə də keçir və 16 yerdə qətiyyən fiziki mənada istifadə olunmadığı müəyyəndir. Digər iki yerdə isə şərhə açıqdır. Məcazi mənada da ola bilər, fiziki mənada da. Ayələrə baxaq:

1- وَيَقْطَعُونَ مَا أَمَرَ اللَّهُ بِهِ أَن يُوصَلَ

Allahın qovuşdurulmasını əmr etdiyi şeyləri kəsir. (Bəqərə surəsi, 27)

2-لِيَقْطَعَ طَرَفًا مِّنَ الَّذِينَ كَفَرُواْ

Kafirlərin bir hissəsini kəssin. (Ali-İmran surəsi, 127)

3- فَقُطِعَ دَابِرُ الْقَوْمِ الَّذِينَ ظَلَمُواْ

Zalım camaatın kökü kəsildi. (Ənam surəsi, 45)

4- وَقَطَعْنَا دَابِرَ الَّذِينَ

Ayələrimizi yalan hesab edənlərin isə kökünü kəsdik. (Əraf surəsi, 72)

5- وَيَقْطَعَ دَابِرَ الْكَافِرِينَ

Kafirlərin kökünü kəsmək istəyirdi. (Ənfal surəsi, 7)

6-وَلاَ يَقْطَعُونَ وَادِيًا

(Kəsdikləri) keçdikləri elə bir vadi. (Tövbə surəsi, 121)

7-وُجُوهُهُمْ قِطَعًا مِّنَ اللَّيْلِ مُظْلِمًا

Üzləri sanki zülmət gecənin kəsiyi (kimi) qaranlıq (zülmət gecənin parçaları). (Yunis surəsi, 27)

8-بِقِطْعٍ مِّنَ اللَّيْلِ

Gecənin bir (kəsiyində) vaxtında. (Hud surəsi, 81)

9-وَفِي الأَرْضِ قِطَعٌ

Torpaq (kəsikləri) sahələri. (Rəd surəsi, 4)

10-وَيَقْطَعُونَ مَآ أَمَرَ اللّهُ بِهِ أَن يُوصَلَ

Allahın qovuşdurulmasını əmr etdiyi şeyləri kəsən. (Rəd surəsi, 25)

11-بِقِطْعٍ مِّنَ اللَّيْلِ

Gecənin bir (kəsiyi) vaxtı. (Hicr surəsi, 65)

12-مَقْطُوعٌ مُّصْبِحِينَ

Sübh çağı onların kökü kəsiləcək. (Hicr surəsi, 66)

13- بِسَبَبٍ إِلَى السَّمَاء ثُمَّ لِيَقْطَعْ

Sonra da (ipi boğazına salıb) kəssin. (Həcc surəsi, 15)

14- قَاطِعَةً أَمْرًا

Əmri kəsmək. (Nəml surəsi, 32)

15- وَتَقْطَعُونَ السَّبِيلَ

Yol kəsir. (Ənkəbut surəsi, 29)

16-لَّا مَقْطُوعَةٍ

(Kəsilməz) tükənməz. (Vaqiə surəsi, 33)

Göründüyü kimi, bu 16 ayədə “qətəa” sözü fiziki mənada işlənmir.

17-ثُمَّ لَقَطَعْنَا مِنْهُ الْوَتِينَ

Sonra da şah damarını kəsərdik. (Haqqə surəsi, 46)

18-مَا قَطَعْتُم مِّن لِّينَةٍ

Xurma ağaclarını kəsməyiniz. (Həşr surəsi, 5)

Bu ayələrdə fiziki mənada başa düşülə bilər.

Quranda “qətəa” daha çox məcazi mənada işləndiyinə görə, sırf bu sözün işlənməsi belə ayəni əl kəsmək deyil, gücü kəsmək, əlaqəni kəsmək kimi anlamağımızın daha doğru olduğunu göstərir. Çünki Quranda fiziki kəsmək kimi sözün şəddəli forması olan “qəTTəa” işlənmişdir. Xüsusilə əl kəsməkdən bəhs edən ayələr “qəTTəa” kəlməsi ilə gəlmişdir. Bunlara baxaq:

Qadın onların dedi-qodularından xəbər tutduqda onlara xəbər göndərdi və onlar üçün məclis qurdu, onların hər birinə bir bıçaq verdi və (Yusifə): “Onların qarşısına çıx!”– dedi. (Qadınlar) (Yusifi) gördükdə onu o qədər təriflədilər ki, (özlərini itirib) öz əllərini kəsdilər və dedilər: “Allah saxlasın! Bu ki bəşər deyil. Bu ancaq hörmətə layiq bir mələkdir!” (Yusif surəsi, 31)

Bu ayədə qadınların Yusif peyğəmbərin gözəlliyindən həyəcanlanıb əllərini kəsdiklərindən bəhs olunur. Burada əllərini kəsmək üçün istifadə olunan feil “qəTTəa” feilidir. Ayrıca, qadınların əllərini kəsib qoparmadığı da aydındır.

لأُقَطِّعَنَّ أَيْدِيَكُمْ وَأَرْجُلَكُم مِّنْ خِلاَفٍ ثُمَّ لأُصَلِّبَنَّكُمْ أَجْمَعِينَ

Əllərinizi və ayaqlarınızı çarpaz kəsəcək, sonra da hamınızı çarmıxa çəkəcəyəm. (Əraf surəsi, 124)

Bu ayədə isə fironun özündən iznsiz iman edən sehrbazlara təhdidindən danışılır. Burada əllərin kəsilib qoparılmasından bəhs edilir və işlənən söz “qəTTəa” kəlməsidir. Bu halda, ayədəki kəlmənin məcazi mənalar üçün istifadə olunan “qətəa” olması güc və əlaqənin kəsilməsinin gərəkdiyini bir daha vurğulayır.

Bu kəlmə təhlilləri və Quranın ümumi şərhi oğrunun əlinin kəsilməsinin indiyə qədər yanlış anlaşılma olduğunu, doğru olanın isə “cəmiyyətlə əlaqəsinin kəsilməsi”, “oğrunun gücünün kəsilməsi” kimi mənalar daşıdığını göstərdi. Oğurluq edənlərin əllərinin kəsilməsi adət-ənənədən və Qurandan xaric mənbələrdən qaynaqlanır. Quran hər cəmiyyətə, hər dövrə və hər mədəniyyətə xitab edən, içində yalnız Allahın haqq sözlərinin yer aldığı mükəmməl kitabdır və bütün hökmlər yalnız Qurandadır.