Peyğəmbərimiz Qurana görə hökm etmiş və yalnız Quran əsasında yaşamışdır. Peyğəmbərimizin (səv) Qurandan kənar halal və ya haram gətirmək səlahiyyəti qətiyyən yoxdur. Onsuz da həm peyğəmbər olduğuna, həm də Allahdan çox qorxduğuna görə əsla belə bir şey etməz. Uca Allah bunun qəzəbə səbəb olduğunu ayələrdə belə xəbər verir:
Bu, möhtərəm bir Elçinin sözüdür. O, şair sözü deyildir! Necə də az inanırsınız! O, kahin sözü də deyildir! Necə də az düşünürsünüz! O, aləmlərin Rəbbi tərəfindən vəhy edilmişdir! Əgər (Muhəmməd) bəzi sözləri özündən uydurub Bizə aid etsəydi, Biz onu sağ əlindən yaxalayar, sonra da şah damarını kəsərdik. İçərinizdən heç kəs buna mane ola bilməzdi. (Haqqə surəsi, 40-47)
Quran ayədə müəyyən edildiyi şəkildə hər şeyin müxtəlif formalarda açıqlamasıdır. Allah ayədə belə buyurur:
… (Bu Quran) uydurulmuş bir kəlam deyildir. Ancaq özündən əvvəlkiləri təsdiqləyən və hər şeyi müfəssəl izah edəndir; iman gətirən bir camaat üçün hidayət və mərhəmətdir. (Yusif surəsi, 111)
Quranda “Ey Peyğəmbər! Zövcələrini razı salmağa çalışaraq Allahın sənə halal etdiyi şeyi nə üçün özünə qadağan edirsən? Allah bağışlayandır, rəhmlidir” (Təhrim surəsi, 1) ayəsində açıq şəkildə göründüyü kimi, Peyğəmbər öz şəxsi həyatında belə halal olan şeyləri haram edə bilmir. Bundan başqa, Allah ayələrdə “Hökm yalnız Allaha məxsusdur” (Ənam surəsi, 57) və “O, heç kəsi öz hökmünə şərik etməz!” (Kəhf surəsi, 26) kimi buyurur və hökm edənin yalnız Özü olduğunu xəbər verir. Allahın hökmləri isə Qurandadır.
Dolayısilə, Allahın vermədiyi hökmü Peyğəmbərimiz (səv) verə bilməz.