“Züxruf” surəsinin 44-cü ayəsində bildirildiyi kimi, müsəlmanlar Qurandan hesaba çəkiləcəklər. Dinə aid bütün hökmlər Qurandadır. Allah Quranı qoruyacağına əminlik vermiş və bizə atamız İbrahimin (əs) dini kimi asan bir din göndərmişdir. (Həcc surəsi, 78)
Bunu unutmaq olmaz ki, Quranı ən gözəl Peyğəmbərimiz (səv) tətbiq etmişdir. Bütün həyatı boyu Qurana uyğun yaşamışdır və müsəlmanlar üçün ən mükəmməl nümunədir. Peyğəmbərlik həyatı boyu bütün sözləri və əməlləri Qurana uyğun olmuşdur və bunlardan günümüzə çatanlar da vardır. “Hədis” adı verilən bu sözlərin bir qismi Quranın tətbiqini əks etdirir. Buna görə, bunların Peyğəmbərimizə (səv) aid olduğu aydındır və səhihdir.
Lakin bu, bir həqiqətdir ki, hədis kitablarına sonradan əlavə edilən və Peyğəmbərimizin (səv) söz və əməlləri ilə heç əlaqəsi olmayan bir qisim açıqlamalar dövrümüzdə hədis kitablarında mövcuddur. Bu sözlərin səhih hədislərdən ayıran xüsusiyyəti Quranla tamamilə ziddiyyət təşkil etməsidir. Qurana zidd olan sözün, yaxud əməlin Peyğəmbərimizə (səv) aid olması mümkün deyil.
Əsrlərlə təhrif edilməyə çalışılan İslam üçün ən böyük problemlərdən biri bu uydurulan hədislərdir. Xurafatın qaynağı olan bu yalan hədislər həyatın hər sahəsində insanları İslamdan soyudur və sevgi-şəfqət dini olan İslamın yanlış anlaşılmasına səbəb olur. Əlbəttə, bu hədislər uydurma olduğuna görə həm öz aralarında, həm də Quranla ziddiyyət təşkil edir.