Qadınlar haqqında hökmü yalnız Allah verir

Səndən qadınlar barəsində fətva istəyirlər. De ki: “Onlar barəsində fətvanı sizə Allah və kitabdan sizə oxunan (ayələr) verir… (Nisa surəsi, 127)
Fətva hər hansı bir dini mövzunu açıqlamaq, təfərrüatlı izah etmək deməkdir. Allah Quranda hökm verdiyi mövzularda açıq və başa düşülən izahlar vermişdir. Bu hökmlər barəsindəki fətvanı da yenə Özü vermiş, qullarının öhdəsinə buraxmamışdır.
Allah Quranın bir çox ayəsində buyurur ki, Quran insanlara hər şeyin açıqlaması olaraq göndərilmişdir. “Ənam” surəsinin 38-ci ayəsində: “Biz kitabda heç bir şeyi nəzərdən qaçırmadıq”, –deyə buyuraraq bizi xəbərdar edir. Yenə “Ənam” surəsinin 57-ci ayəsində yalnız özünə vəhy edilənə tabe olduğunu bildirən Peyğəmbərimiz əhəmiyyətli açıqlama verir və: “Hökm yalnız Allaha məxsusdur. (Allah) haqqı söyləyir və O, ayırd edənlərin ən yaxşısıdır”, –deyərək Quranda Allahın verdiyi hökmü ən gözəl şəkildə izah etdiyini bildirir. “Ənbiya” surəsinin 45-ci ayəsində Elçi deyir ki, o, bizi ancaq vəhylə xəbərdar edir. Sizcə, açıq şəkildə verilməmiş hökmlərlə xəbərdarlıq olurmu? Buradan başa düşürük ki, Rəbbimiz hər mövzuda fətvasını bizə Quranla açıq şəkildə Özü vermişdir. Buna görə də bizim Qurandan başqa fətva məqamı axtarmağımız Allahın hökmlərini kafi görməyib Quranın hədlərini aşmağımıza səbəb olar.
Uca Allah Quranın bəzi ayələrində bizi bu mövzuda xəbərdar edir və Allahın hüdudlarının Quran olduğunu bəyan edir. Məsələn, Rəbbimiz “Bəqərə” surəsinin 229-cu ayəsində buyurur ki, Allahın hüdudlarını aşanlar zalımlardır. “Tövbə” surəsinin 112-ci ayəsində müjdələnəcək qullarından bəhs edərkən: “Allahın hüdudlarını qoruyan o möminləri müjdələ”, –deyə buyuraraq Allahın hüdudlarının Quranla müəyyən edildiyini bizə xəbər verir. Çox təəssüf ki, fətva məqamı mövzusu İslam dünyasının məzhəblərə bölünməsinə səbəb olduğu kimi, onların belə öz içlərində bölünməsinə və dinin getdikcə çətinləşməsinə səbəb olmuşdur. Əlbəttə, bu mövzu birinci yaxşı niyyətlə topluluğa məlumat vermək məqsədi ilə başlamışdırsa da, təəssüf ki, sonralar Allahın heç bəhs etmədiyi mövzuları sanki dindən imiş kimi göstərilməsinə gətirib çıxarmışdır.
Özlərini fətva məqamında görənlər bunu yaxşı başa düşməlidirlər ki, verdikləri fətva Quran ayələrinə uyğun deyilsə və ya ziddirsə, Allah onları Elçisini təhdid etdiyi kimi, şiddətlə təhdid edir:
Əgər (Muhəmməd) bəzi sözləri özündən uydurub Bizə aid etsəydi, Biz onu sağ əlindən yaxalayar, sonra da şah damarını kəsərdik. İçərinizdən heç kəs buna mane ola bilməzdi. Həqiqətən, bu, müttəqilər üçün bir nəsihətdir. (Haqqə surəsi, 44-48)
Din Allahındır. Onun hökmləri mövzusunda yenə Allah fətva verir. Allahın and içərək asan dediyi dini bəşəri əlavələrlə çətinləşdirmək doğru olmaz və bunun hesabını verə bilmərik.