QURANI ANLAMAQ ÜÇÜN AYƏLƏRİN TARİXİLİYİNİ (NAZİL OLMA SƏBƏBİNİ) BİLMƏK LAZIM DEYİL
Quran nazil olduğu andan etibarən hər zamana və hər məkana xitab edir. Quran ümumbəşəridir və kimə çatıbsa, ona aiddir:
Bu Quran mənə vəhy olundu ki, onunla sizi və onun çatacağı hər kəsi xəbərdar edim… (Ənam surəsi, 19)
Tarixilik rəvayət dininin əsasıdır və Qurana ziddir. Tarixin qaranlıqlarından gələn, doğruluğu qəti bəlli olmayan qaynaqlarla bəslənən mədəniyyətdir. Rəvayət mədəniyyəti ilə Quranı anlamağa çalışmaq Quranı əskik görməkdir və İslama qarşı olan şərqşünasların istifadə etdiyi metoddur. Quran hər mövzuda insanlara lazım olan hər mövzunu açıqlamışdır:
… Biz kitabda heç bir şeyi nəzərdən qaçırmadıq. Sonra onlar Rəbbinin hüzuruna toplanılacaqlar. (Ənam surəsi, 38)
Allah bizə göndərdiyi Qurandan bəhs edərkən tayı-bərabəri olmayan, qüsursuz, doğrunu yanlışdan ayıran nur olduğunu buyurur. Onun ipinə sarıldığımızda bizi ən doğru olana çatdıracağını bildirir. Rəbbimiz: “Hər mövzuda müxtəlif örnəkləri dəyişik ifadələrlə verdik ki, başa düşəsiniz”, –dediyinə görə Quran ayələrini də verdiyi nümunələrlə açıqlayır. Ayələrə görə, təkcə Qurana baxmaqla onu başa düşə və tətbiq edə bilərik. Allah açıq və dəqiq hökm verir və belə buyurur:
Biz ayələrimizi belə ətraflı izah edirik ki, onlar, bəlkə, dönələr! (Əraf surəsi, 174)
Buradan da başa düşürük ki, Quran özünü açıqlayan bənzərsiz rəhbərdir. Tarixiliyi müdafiə edənlər deyirlər ki, Quran ayələrini oxumaqla başa düşmək olmaz. Bunun üçün insanlar gərək fiqh, hədis, rəvayət və siyər kitablarını oxuyub həmin qaynaqlardan yararlansınlar. Onlara görə, anlamağa çalışdığımız ayənin nazil olma səbəbini bilmək çox əhəmiyyətlidir. Yenə bu şəxslər deyirlər ki, Quranda nazil olma səbəbi yazılmır, dolayısilə, bunun səbəbini bilmək üçün rəvayətlərə baxmaq lazımdır. Həqiqətən də, bu düşüncə doğru deyil. Yəni bir ayəni anlayıb ondan faydalanmaq üçün həmin ayənin hansı məqsədlə endirildiyini bilmiriksə və mübahisəyə səbəb olan hadisə haqqında ətraflı məlumat verilməyibsə, Quran ayəsini doğru anlamağımız mümkün deyilmi?
Quranın detal vermədiyi, hökmün hansı səbəbdən dolayı endirildiyini və xüsusilə açıqlamadığı mövzularda nə etməliyik? Bunu öyrənmək üçün rəvayətlərə baxmalıyıq, yoxsa Allahın “məlumatınız olmadığınız şeyin ardınca düşməyin” əmrini xatırlayaraq yalnız Quranda açıqlanan şəkli ilə anlamağa çalışmalıyıq?
Allah əgər ayənin nazil olma səbəbi barədə Quranda bəhs etmirsə, bunun əhəmiyyəti səbəbi var. Birinci növbədə bunu unutmamalıyıq. Allah bizi əsla əmin olmadığımız qaynaqlara möhtac etməyəcəyinə görə bizə düşən Allahın açıqladıqları üzərindən ayələri anlamağa çalışmaqdır. Mövzunu bir nümunə ilə daha yaxşı açıqlayaq:
Ey Peyğəmbər! Zövcələrini razı salmağa çalışaraq Allahın sənə halal etdiyi şeyi nə üçün özünə qadağan edirsən? Allah bağışlayandır, rəhmlidir (Təhrim surəsi, 1)
Bu ayə çox açıqdır və bizə dəqiq məlumat verir. Diqqət etdikdə görərsiniz ki, mövzu haqqında detallı bilgi verilmir. Bizi də maraqlandıran mövzunun incəliyi deyil, ayədən çıxarmalı olduğumuz dərsdir.
Allah bu ayədə açıq şəkildə Elçisinə xəbərdarlıq edir. Allahın haramlardan saymadığı şeyə zövcələrinin razılığını qazanmaq üçün haram dediyinə görə Allah ona xəbərdarlıq edir.
Bizim dərs alacağımız qisim ayənin bu hissəsidir. Yəni halal və haram təyin edən yalnız Allahdır. Bu, Allahın elçisi tərəfindən belə dəyişdirilə bilməz. Ayədəki mövzunun səbəbini deyil, ayənin özünü anlamalıyıq.
Quranı doğru anlamaq üçün o mövzunu birbaşa Quranın özünə ərz etməliyik. Allah bizə endirdiyi ayənin anlaşılması üçün nazil olma səbəbini də endirməsi lazım olsaydı, əlbəttə, onu da edərdi. Quranda hansı ayənin eniş səbəbi bildiriləcəksə, Rəbbimiz o ayəni bəyan etmədən öncə onu mütləq bildirir. Məsələn:
Səndən Zülqərneyn barəsində soruşarlar. De: “Onun barəsində sizə bir əhvalat danışacağam”. (Kəhf surəsi, 83)
Səndən sərxoşedici (içki) və qumar barəsində soruşurlar. De: “İkisində də həm böyük günah, həm də insanlar üçün mənfəət vardır. Amma günahları mənfəətlərindən daha böyükdür”. Səndən nə xərcləyəcəklərini soruşurlar. De: “(Ehtiyacınızdan) artıq qalanını!” Allah ayələri sizə belə bəyan edir ki, bəlkə fikirləşəsiniz. (Bəqərə surəsi, 219)
Səndən ruh haqqında soruşurlar. De: “Ruh Rəbbimin əmrindəndir. Sizə yalnız az bir bilik verilmişdir”. (İsra surəsi, 85)
Bu ayələrdə Allah hansı ayənin nə səbəblə endirildiyini bildirir. İnsanların dinə aid mövzularda Peyğəmbərimizdən soruşduqları mövzuların açıqlamasını verən Allah o ayələrin müəyyən səbəblə endirildiyini buyurur. Biz Allahın Quranda buyurduqlarına məsuliyyət daşıyırıq. Quranda bildirilməyən mövzu barədə müsəlmanlar məsuliyyət daşımırlar.
O gün hər ümmətə özlərindən bir şahid göndərəcəyik, səni də onlara şahid gətirəcəyik. Biz kitabı sənə hər şey üçün bir izah, müsəlmanlara da doğru yolu göstərən rəhbər, mərhəmət və müjdə olaraq nazil etdik. (Nəhl surəsi, 89)
Bütün bəşəriyyəti yaradan uca Allah bəşəri qaynağa möhtac deyil.