Peyğəmbərimizin, onun dostlarının və onlara tabe olanların tətbiq etmədiyi və yol olaraq mənimsəmədiyi məzhəblər batildir. Məzhəblərin İslamla heç bir əlaqəsi yoxdur.
Allahın birbaşa Özünün açıqladığı və möminlərə yol göstərici, rəhmət və bərəkət olan Quran var ikən məzhəblərə tabe olmaq Qurana üsyandır və Allaha qarşı böyüklənməkdir.
Peyğəmbərimizin vəfatının ardınca İslam aləmi bəzi problemlər və fitnələr yaşadı. Bunlardan bəziləri liderlik savaşı və siyasi çəkişmələr idi. Rəsulullahın (səv) axirətə köçməsindən 100-150 il sonra isə daha böyük fitnə və ayrılıqlar başladı. Bu fitnə dinin əsl mənbəyindən, yəni Qurandan uzaqlaşıb başqa qaynaq və düşüncələrin qəbul edilməsi idi.
Bu ayrılıq və düşüncə fərqliliyi elə bir hal almışdı ki, bunu edənlər bir sistem qurub məzhəb adı altında ümməti təriqətlərə ayırdılar. Uydurulmuş minlərlə rəvayət və yalan hədis əsasında meydana gətirdikləri bu sistemi qorumaq üçün yenə yalan rəvayətlərə əl atdılar. Quranın Allahın haqq kitabı olduğuna kifayət qədər inanmadıqları və Qurana güvənmədikləri üçün öz rəvayət mədəniyyətləri 1300 il ərzində onlar üçün daha əsaslı qaynaq oldu.
Əslində, məzhəblərdə bir çox məntiqsizlik və əsassızlıq mövcuddur. Məsələn, məzhəb təəssübkeşlərinə “peyğəmbərimiz hansı məzhəbdən idi?”, yaxud “səhabə hansı məzhəbi təqlid edirdi?” və ya “tabiin hansı məzhəbi qəbul edirdi?” kimi suallar verəndə cavab verə bilmirlər. Çünki Quranın yetərli görüldüyü və yalnız Quranla əməl edildiyi əsri-səadət dövründə heç bir məzhəb yox idi. Məzhəblərə riayət etmək kimi zərurət də yox idi, məzhəb anlayışı belə yox idi. İslam ümməti təriqətlərə də ayrılmamışdı. Çünki bu, haram idi. Ümmətin təriqətlərə ayrılmasını Allah Quranda qadağan etmişdir və gözləmədən buna son qoymaq lazımdır.
Dinlərini parçalayıb firqə-firqə olanlarla sənin heç bir əlaqən yoxdur. Onların işi Allaha aiddir. Sonra (Allah) onlara etdikləri əməllər barədə xəbər verəcəkdir. (Ənam surəsi, 159)
Son söz olaraq PEYĞƏMBƏRİMİZ HANSI MƏZHƏBDƏNDİRSƏ, MƏN DƏ O MƏZHƏBDƏNƏM.