Cilbab çöl paltarı deməkdir. Qadın bunu getdiyi mühitə görə müəyyən edir.
“Nur” surəsinin 31-ci ayəsi müxtəlif təfsirçilərin məcburi izahları və bir qisim uydurma hədislərin təsiri ilə baş örtüyü mövzusu üçün dəlil kimi istifadə edilir. İçində “baş örtüyü” kəlməsinin keçmədiyi, baş ilə əlaqədar heç bir məlumatın verilmədiyi və açıq şəkildə sinənin örtülməsini təsvir edən ayənin necə bu qədər fərqli izah üçün istifadə edildiyi heyrətləndiricidir.
Ən əsas odur ki, Quranda keçməyən baş örtüyü mövzusunu dinin tək şərti kimi görən bir çoxları açıq şəkildə çarşabdan bəhs edilən “Əhzab” surəsinin 59-cu ayəsindən heç bəhs etmirlər. Quranda olmayan baş örtüyünü hökmə çevirir, lakin Qurandakı çarşab hökmünü tamamilə görməzlikdən gəlirlər.
İndi isə “Əhzab” surəsində çarşab hökmünün necə keçdiyi və niyə bu ayənin baş örtüyünü müdafiə edənlər tərəfindən görməzlikdən gəlindiyi mövzusunda danışaq:
“Əhzab” surəsinin 59-cu ayəsinin şərhi
Ya Peyğəmbər! Zövcələrinə, qızlarına və möminlərin övrətlərinə de ki, örtüklərini (cilbablarını) örtsünlər. Bu onların tanınması və onlara əziyyət verilməməsi üçün daha münasibdir. Allah bağışlayandır, rəhm edəndir! (Əhzab surəsi, 59)
“Cilbab” kəlməsinin mənası başdan-ayağa qədər örtən üst geyimi deməkdir. Dolayısilə, həmin ayədə açıq şəkildə başı və bütün vücudu örtən çarşab təsvir edilir. Belə geyim üçün isə ayədə bildirilən əhəmiyyətli bir şərt var: MÜSƏLMAN QADINLARIN AZAD VƏ İFFƏTLİ TANINMALARI.
Bunun mənası odur ki, bəzi mühitlər qadınların rahat davranması və rahat geyinməsi üçün uyğun deyil. Cəmiyyətin ümumi quruluşu və oradakı insanların əxlaq anlayışı bəzən mədəni səviyyədən geri qalır. Bəzi cəmiyyətlər hər açıq qadını müəyyən baxış yönü ilə damğalayır və onlara söz atıb təcavüz edəcək qədər irəli gedirlər. Normal şərtlərdə müsəlman qadınlar məcbur olmadıqca belə yerlərdə olmurlar. Lakin mütləq orda olması lazım olduqda müsəlman qadın tədbir almalı və ətrafdakı insanlara müsəlman və iffətli qadın olduğunu göstərib ehtimal əziyyətdən qaçmalıdır. Belə mühitlərdə müsəlman qadınlar geyindiyi çarşab ilə buna tədbir almış olurlar. Əlbəttə, bu, qadının öz qənaətinə qalan durumdur. Ümumiyyətlə, dövrümüzdəki demokratik və müasir cəmiyyətlər bu güvənsiz mühit təsvirinə uyğun gəlmir. Dolayısilə, qərb cəmiyyətlərində qadınlar özlərini güvənlikdə hiss edib çarşaba ehtiyac duymurlar. Lakin bəzi qadınlar üçün bu cəmiyyətlərdə də təhlükəli şəxslər ola bilər. Odur ki, bir müsəlman qadın əgər özünü güvənlikdə görmürsə, qərb cəmiyyəti içində də çarşab geyinə bilər. Çünki ayədəki şərt bir müsəlman qadının geyimi üzündən yanlış dəyərləndirilib əziyyət görməsinin əngəllənməsidir.