Dini Qurandan öyrənmək, ibadətləri ancaq Quran əsasında etmək islahat deyil, dini yalnız Allaha aid edib Onun razı olduğu yolu, yəni Quran yolunu mənimsəməkdir.
Məzhəblərə bölünmə, adət-ənənələrin və bidətlərin dinə əlavə edilməsi, mistik mədəniyyətlərin təsəvvüf anlayışı ilə dinə müdaxiləsi və Quranı kafi görməmək, əslində, əsrlər öncədən başlayıb ta ki dövrümüzə qədər gəlməklə insanları dinin özündən uzaqlaşdırmışdır.
Dünyada İslam adından yaşanan dəhşətin tək səbəbi Quranı əskik görüb ona əlavələr etmək istəyən xurafatçıların nəqli yolla əldə etdikləri və doğruluğu qəti olmayan əsərləri dinə əlavə etmək istəmələridir. Halbuki Rəbbimiz ayələrində belə buyurur:
Onlara oxunan Kitabı sənə nazil etməyimiz onlar üçün kifayət deyilmi? Həqiqətən, bunda iman gətirən adamlar üçün mərhəmət və ibrət vardır. (Ənkəbut surəsi, 51)
İslam ümməti düşdüyü vəziyyətə tezliklə son verməlidir. Müsəlmanın yeganə qaynağı Allahın haqq kitabı Qurandır. Allah Quranda hər şeyi açıqlamış və Quranı nöqsansız şəkildə endirmişdir. Allah Quranın endirilməsi ilə dini kamilləşdirmişdir:
Biz kitabı sənə HƏR ŞEY ÜÇÜN BİR İZAH, müsəlmanlara da doğru yolu göstərən rəhbər, mərhəmət və müjdə olaraq nazil etdik. (Nəhl surəsi, 89)
Biz bu Quranda insanlar üçün hər cür məsəllər çəkdik. (Rum surəsi, 58)
Biz bu Quranda insanlar üçün HƏR CÜR MƏSƏLİ ƏTRAFLI İZAH ETDİK. İnsan isə ən çox mübahisə edəndir. (Kəhf surəsi, 54)
Biz Kitabda HEÇ BİR ŞEYİ NƏZƏRDƏN QAÇIRMADIQ. (Ənam surəsi, 38)
Buna görə də dində islahat aparılması söz mövzusu ola bilməz. Gerçək İslam birdir, o da Quranın tanıtdığı İslamdır.