Hədisləri ərəbcə oxuyub başa düşənlər Quranı anlamadıqlarını niyə iddia edirlər?

Allahın sözlərinin anlaşılmaz olduğunu düşünən Qurandan uzaq, ənənəvi ortodoks anlayışa görə, ayələrin başa düşülməsi üçün mütləq rəvayətləri bilmək lazımdır. Hətta bununla yanaşı, 72 elmi bilmək də şərtdir.

Bunu iddia edənlər, yəni ayələrin hədis və rəvayətlər olmadan anlaşılmasının mümkün olmadığını deyənlər guya  Quranın ərəbcəsini başa düşmürlər, lakin yenə ərəbcə olan hədis və rəvayətləri çox yaxşı başa düşürlər. Bu, səmimiyyətsizlikdir və bir növ Quran düşmənliyidir. Əgər hər iki qaynaq eyni dildədirsə və eyni dövrə aiddirsə, ya hər ikisi də başa düşülməlidir, ya da heç biri. Allah Quranı başa düşülməsi üçün yolladığını bildirir və bunu bir çox ayədə xəbər verir:

Biz sənə aydın başa düşülən dəlillər nazil etdik ki, onları da yalnız fasiqlər inkar edərlər. (Bəqərə surəsi, 99)

Bu, bizim nazil edib  vacib buyurduğumuz bir surədir. Biz onda açıq-aydın ayələr nazil etdik ki, bəlkə, düşünüb ibrət alasınız. (Nur surəsi, 1)

Doğrusu, bu Quran sənin üçün və sənin xalqın üçün bir şərəfdir. Siz ondan sorğu-suala tutulacaqsınız. (Züxruf surəsi, 44)

Biz Quranı sənin dilində asanlaşdırdıq ki, onlar öyüd-nəsihət ala bilsinlər. (Duxan surəsi, 58)

Biz ayələrimizi belə müfəssəl izah edirik ki, günahkarların yolu açıq-aydın bilinsin. (Ənam surəsi, 55)

Bu, Rəbbinin doğru yoludur. Biz ayələrimizi düşünüb anlayan bir camaat üçün artıq müfəssəl izah etmişik. (Ənam surəsi, 126)

Əlif. Ləm. Ra. Bunlar kitabın və açıq-aydın Quranın ayələridir. (Hicr surəsi, 1)

Biz açıq-aydın ayələr nazil etdik. Allah dilədiyini doğru yola yönəldir. (Nur surəsi, 46)

Quranda buna bənzər daha bir çox ayə var. Bu ayələrdə də göründüyü kimi, Quran özünün başa düşüldüyünü açıqlayır. Quranı anlamadığını deyənlər bu ayələrə görə, doğru yolda olmayan şəxslərdir.    

Quran açıq-aydın olduğu və ayələri bir-birinə zidd düşmədiyi halda onu başa düşməyənlər necə olur ki, doğruluğu müəyyən olmayan və aralarında minlərlə ziddiyyət olan hədisləri və yüz minlərlə rəvayətləri ərəbcə başa düşürlər?  Əlbəttə ki, bu, böyük iftira və yalandır. Quranın anlaşılmaz olduğunu deyib Allahın ayələrini inkar etmək və ayələrə müxalif davranmaq müsəlmana yaraşmaz.

Müsəlmanın üzərinə düşən vəzifə açıq-aydın olan Allahın kitabına tabe olmaq və Quranın hər dediyinə əməl etməkdir. Bunu  edən şəxsin ağlı açılar və həyatına bərəkət gələr. Hikmətli insan olub qəlbi sevgi və şəfqətlə dolar.