Rəvayət və şəxsi düşüncələr dinə qaynaq deyildir. Dinə aid bütün hökmləri Allah Quranda ətraflı şəkildə açıqlamışdır və heç bir quluna dünyada əbədilik verməmişdir. Allah qullarını imtahan etdiyi dünya həyatında ikən onların axirətdəki durumlarını bildirməmişdir, çünki imtahanın gərəyi olaraq belə bir məlumat Allahın Adil isminə ziddir.
Dünyanın imtahan yeri olduğuna dair Quranda bir ayədə belə bildirilir:
Hər kəs ölümü dadacaqdır. Biz sizi sınamaq üçün şər və xeyirlə imtahana çəkirik. Siz ancaq Bizə qaytarılacaqsınız! (Ənbiya surəsi, 35)
Təriflənən qulları belə öz aqibətlərini bilmirlər.
Quranda bildirilən dünya, axirət və imtahan mühitinə dair bu qədər məlumata baxmayaraq, Qurandan kənar qaynaqlarda, yəni rəvayətlərdə tamamilə fərqli fikirlər vardır. Bunlardan biri də Cənnətlə müjdələnən on nəfər mənasını ifadə edən əşəreyi-mübəşşirə anlayışıdır. Bu anlayışa görə, Peyğəmbərimizin (səv) səhabələrindən on nəfər həyatda ikən Cənnətlə müjdələnmişdir. Bu düşüncə Qurana, yəni Allahın dininə tamamilə ziddir. Rəbbimiz belə buyurur:
De: “Mən peyğəmbərlərin birincisi deyiləm. Mənə və sizə nə üz verəcəyini də bilmirəm. Mən sadəcə mənə vəhy olunana tabe oluram. Mən yalnız açıq-aşkar xəbərdar edənəm!” (Əhqaf surəsi, 9)
Bu ayəyə əsasən, peyğəmbərimiz nəinki səhabənin, heç özünün aqibətini belə bilmədiyini deyir.
Bunun kimi minlərlə mövzu İslam adından tanıdılmışdır, halbuki bir mövzunun islami olması üçün mütləq Quranda buna dair bir dəlil olmalıdır. Heç bir ayədə bəhsi keçməyən əşəreyi-mübəşşirə də əsassızdır və Qurana ziddir. Allahın dini Qurandadır. Bütün qeybi bilən yalnız Allahdır.