Quranda məzhəb yoxdur 1

Qurandan kənarda hökm axtaranlar İslam dinini bir çox hissələrə bölüb ayrı-ayrı məzhəb adı altında bir-biri ilə ziddiyyət təşkil edən MÜXTƏLİF DİNLƏR meydana gətirmişlər. Hər məzhəb öz seçdiyi hədisləri əsas qəbul etmişdir. Bəs hədislərə öndərlik edən məvzu (uydurma) hədislərin İslamda dəyəri varmı?

Peyğəmbərimizdən (səv) nəql edildiyi iddia edilən sözlər (hədislər) Peyğəmbərimizin şəhadətindən bir neçə əsr sonra qələmə alınmışdır. “Kutubi-Sittə”ni yazanlardan Buxari hicri 256-cı ildə, Müslim 261-ci ildə, Tirmizi 279-cu ildə, Əbu Davud 275-ci ildə, Nəsai 303-cü ildə, İbni Macə 273-cü ildə vəfat etmişdir. Bundan başqa, Qulani hicri 329-cu ildə, Babuvay 381-ci ildə, Cəfər Muhəmməd Tusi 411-ci ildə, Əl-Mürtəza 436-cı ildə vəfat etmişdir. Tarixi qaynaqlardan və bizə çatan hədislərdən Peyğəmbərimizə və dörd xəlifə dövrünə aid heç bir yazılı hədisin olmadığı bilinir. Xəlifə Hişam, əz-Zöhri hədislərini ilk toplayan şəxs kimi qəbul edilir. Bu da Peyğəmbərimizin şəhadətindən 2-3 əsr sonraya təvafüq edir.

Qurandakı İslama uyğun gəlməyən və bir-birinə zidd olan hədislərin qaynaq əmələ gətirdiyi məzhəblər müsəlman dünyasında ayrılıq və təəssüb meydana gətirmişdir. Belə olduğu halda, bir-birindən fərqli və hətta ziddiyyətli yüz minlərlə hədisin mövcudluğu, səhih olması bir qisim hədisçilər arasında da müxalifətə səbəb olmuşdur. Bu ayrılıqlar isə məzhəb təəssübünə, nifrət və düşmənliyə çevrilmişdir. Hər məzhəbin nümayəndələri öncə həmin məzhəblərə ağılla deyil, ümumiyyətlə, təqlid və vərəsəliklə girir, sonra məzhəbə və imamlarının sözlərinə möhkəm sarılır, beləliklə, digər məzhəblərin nümayəndələrinə düşmənlik elan edirlər. Məzhəblər bir din kimi qəbul edilir. Allah adına yalan uydurmağın bir yolu da məzhəbləri din halına gətirməkdir.

İslam dininin tək qaynağı olan Quran, ümumiyyətlə, məzhəbi qadağan edir, istər müsəlmanlara, istərsə də digər insanlara xoş münasibəti əmr edir:

Dinlərini parçalayıb firqə-firqə olanlarla sənin heç bir əlaqən yoxdur. Onların işi Allaha aiddir. Sonra (Allah) onlara etdikləri əməllər barədə xəbər verəcəkdir. (Ənam surəsi, 159)

Hamınız Allahın ipindən möhkəm yapışın və parçalanmayın! (Ali-İmran surəsi, 103)

Özlərinə aydın dəlillər gəldikdən sonra firqələrə ayrılıb ixtilaf edənlər kimi olmayın. Onları böyük bir əzab gözləyir. (Ali-İmran surəsi, 105)

Müsəlmanlar öz aralarında ayrılığa düşməz və düşməməlidir. Hər kəs dünyada bu ayrılığın fəsadlarını artıq görür.

Nəticədə, dinimizin qaynağı rəy, qiyas, ictihad, fətva və ya məvzu hədislər deyil, QURANDIR. Quranda müsəlmanların birləşəcəyi TƏK YOL, TƏK AĞIL var. DİNƏ DAİR SUALLARIN TƏK CAVABINI VƏ ANLAŞILMAZLIQLARIN TƏK HƏLLİNİ bizə Quran verir. Hökm Allahındır.