Rəvayət dini mənsubları “Allaha və Rəsuluna itaət edin” şəklində keçən ayələri göstərib Allaha və Rəsuluna tabe olmağımızın gərəkdiyini deyirlər. Yəni onlara görə, Qurana tabe olmaq Allaha tabe olmaqdır, hədislərə tabe olmaq da Peyğəmbərə tabe olmaqdır.
Söz mövzusu itaət ayələrində Peyğəmbərimiz “Rəsul” kəlməsi ilə anladılır. Quranda keçən “Rəsul” kəlməsinin tam qarşılığı “ELÇİ” sözüdür (Peyğəmbər fars mənşəli sözdür və Quranda keçmir). Quran tərcümələrində “Rəsul” kimi keçən kəlmələri “Elçi” kimi çevirmək mövzunun anlaşılması üçün doğru tərcümədir.
“ELÇİ” KƏLMƏSİNİN QURANDA İSTİFADƏ ŞƏKLİ
Nəbi ünvandır. Kitab verilən şəxs mənasındadır. Nəbi/peyğəmbər o kitabı təbliğ edəndə elçi, yəni rəsul olmuş olur. Nəbi olaraq etdiklərində səhvə yol verə bilər. Lakin rəsul olaraq etdiyi və söylədiyi şeylərdə qətiyyən səhv edə bilməz.
Quran Nəbinin gündəlik danışıqları ilə ona vəhy kimi endirilənləri tamamilə ayırmışdır. Qurana görə Nəbinin gündəlik həyatda söylədikləri vəhy deyildir, yalnız Quran Allahdan gələn vəhydir. Aşağıdakı Quran ayələri bunu sübut edir:
“Tövbə” surəsinin 43-cü ayəsində Nəbi Allah yolunda can və malları ilə mücadilə mövzusunda könülsüz davranan münafiqlər (ikiüzlülər) haqqında xəbərdar edilir:
Allah səni bağışlasın! Doğru danışanlar sənə bəlli olmamış, yalançıları isə tanımamış nə üçün onlara izn verdin?
Bu ayə Nəbiyə ünvanlanmışdır. Əgər Nəbinin hər dediyi və etdiyi Allahın vəhyi olsa idi, münafiqlərə savaşa getməmək üçün izn verilməsi Quranda məzəmmət olunardımı? Bu ayə onu göstərir ki, Nəbinin dediyi hər söz və etdiyi hər əməl vəhy deyildir.
“Təhrim” surəsinin 1-ci ayəsinə əsasən, Nəbi Allahın halal etdiyini özünə haram edir:
Ey Peyğəmbər! Zövcələrini razı salmağa çalışaraq Allahın sənə halal etdiyi şeyi nə üçün özünə qadağan edirsən? Allah bağışlayandır, rəhmlidir.
Ayəyə görə, Nəbi özünün aldığı qərarla da hərəkət etmişdir. Əks təqdirdə, Nəbi Allahın izn verdiyini özünə qadağan etməzdi və Allah da peyğəmbərini halal olan bir şeyi özünə qadağan etdiyi üçün xəbərdar etməzdi.
Çünki ayələrdə Nəbinin xəta edə biləcəyinə dair işarələr vardır. Rəsul olaraq isə qətiyyən xəta edə bilməz. Çünki Rəsul, yəni elçi olduğu vaxt Allahın hökmü olan Quranı təbliğ etdiyi andır. Quranı təbliğ etmədiyi anlarda isə Nəbidir.
Burada əhəmiyyətli bir xüsus vardır ki, Quranın heç bir ayəsində yalnız Allaha itaət deyilmir. Allaha və Rəsuluna itaət deyilir. Yalnız bir ayədə tək olaraq Rəsula itaət keçir. Lakin “Nisa” surəsinin 80-ci ayəsində Rəsula itaət edənin Allaha itaət etmiş olduğu deyilir və elçiyə itaətin nə məna daşıdığı anladılır.
ALLAHIN ZATINI və BİZDƏN İSTƏDİKLƏRİNİ QURAN BİZƏ ÖYRƏDİR
Allahın itaət etməyimizi gərəkdirən hökmlərini eynilə təbliğ edən Rəsuldur. Buna görə Allaha və Rəsula itaət deyilir. Allaha və Rəsula itaət deyildikdə iki ayrı itaət məqamı nəzərdə tutulmur. Rəsul Allahın itaət gərəkdirən əmrlərini təbliğ etdiyi üçün, təbliğ etdiyinə itaət edilir. “Tövbə” surəsinin ilk ayəsində “Allah və Onun Elçisi tərəfindən əhd bağladığınız müşriklərə bir xəbərdarlıqdır” kimi keçir. Onda iki fərqli məqamdan gələn iki ayrı xəbərdarlıq kimi düşünülə bilər. Halbuki ikisi ayrı məqam deyil.
Yaxud da başqa ayədə Allaha və Rəsuluna hicrət deyilir. Burda iki ayrı hicrətdən bəhs edilmir. Allaha və Rəsuluna qarşı savaşanlar və ya yalan danışanlardan bəhs olunur. Yenə burda iki ayrı savaş və yalan nəzərdə tutulmur. Burda bildirilən bir məqamdır və o da Allahın məqamıdır.
Bir zaman ALLAH peyğəmbərlərdən (NƏBİLƏRDƏN): “SİZƏ KİTAB VƏ HİKMƏT verdikdən sonra, özünüzdəkini təsdiqləyən bir elçi gəldikdə ona mütləq inanıb yardım edəcəksiniz”, -deyə əhd almış və: “Razısınızmı və Mənim bu əhdimi qəbul edirsinizmi?” -demişdi. Onlar: “Razıyıq!” -demişdilər. (Allah da): “Şahid olun, Mən də sizinlə bərabər şahid olanlardanam”, -demişdir.