Allaha və İslama iman edənlər dinin qaynağı olan və Allahın hökmlərini özündə əks etdirən Quranı rəhbər tutarlar. Quran açıq-aydın bir kitabdır və onu bilavasitə Allah açıqlamışdır (Hud surəsi, 1). Lakin buna baxmayaraq, insanların bir çoxu Allah`ın sözlərinin yer aldığı kitabdan başqa qaynaqları qəbul edib onları Allahın kitabı ilə eyni tuturlar. Bu qaynaqların doğru olduğuna dair heç bir dəlilin olmadığına baxmayaraq, onları Allahın hökmünə şərik edir və İslamın yanlış anlaşılmasına səbəb olurlar. Din bir dənədir və qaynağı da yalnız Qurandır. Peyğəmbərimiz yalnız Qurana tabe olmuş və bunu təşviq etmişdir.
…Göylərin və yerin qeybi ancaq Ona məxsusdur. O, necə gözəl görür, necə də yaxşı eşidir! Onların Ondan başqa heç bir himayədarı yoxdur. O, Öz mülkünə heç kəsi şərik etməz! (Kəhf surəsi, 26)
Ənənəvi düşüncəyə malik birisinə dinin qaynağının nə olduğunu soruşsaq, Quranla bərabər onlarla kitab və rəvayət qaynaqlarını misal gətirəcək. Bunların (öz düşüncələrinə əsasən) ən mötəbəri “Kutubi-Sittə” adı verilən hədis rəvayətlərinin yer aldığı yüzlərlə cild kitablardır. Bu kitablarda Qurana uyğun rəvayətlər olduğu kimi, ona tamamilə zidd və yalan hədislər də mövcuddur. Necə ki, Qurana bərabər qəbul edilən bu qaynaqlarda Allahın Quranda verdiyi hökmü rədd edən (haşa) rəvayətlər də vardır. Bu qaynaqların içində ən mötəbər qəbul ediləni “Səhihi-Buxari” kimi tanınan və özü əslən özbək və adı da Muhəmməd bin İsmayıl əl-Buxari olan şəxsdir. Ənənəvi qaynaqlarda Buxarinin kitabı haqqında “İslamın Qurandan sonra gələn ən önəmli hökm kitabı” təbiri işlədilir. Bu inanc Allahın hökmlərinə qarşı ortaq hökm qəbul etməkdir. Buxarinin 600.000 hədisin həm mətnini, həm də rəvayət edənlərin adlarını əzbər bildiyi iddia edilir. Ağıla, məntiqə və riyaziyyata zidd olan bu inanc onu ilahiləşdirən zehniyyətin məhsuludur.
Buxari bir simvoldur. Buxari və onun kimi digər qaynaqlar İslam adına uydurulan mövzularla doludur. Ancaq dövrümüzdə məlumat əldə etmək əvvəlki kimi çətin deyil. İnsanlar bir neçə düyməyə basmaqla minlərlə məlumatı bir neçə saniyəyə əldə edə bilirlər. Quranın nuru artıq hər yeri aydınladır. Buxari və ya Qurandan kənar hər hansı bir qaynağın dinə aid olmadığı hamı tərəfindən başa düşülür. Yaxın vaxtlarda atalara aid din tamamilə ortadan qalxacaq və Quran başa düşüldükcə Buxari və digərləri BUXARLANACAQ.