Musəvilər lənətli deyil

İlk öncə “musəvilər lənətlidir” kimi bənzətmə Allahın ədalətinə və yaratdığı dinə heç uyğun deyil. Birincisi,  musəvilik haqq dindir və müsəlmanların da peyğəmbəri sayılan hz.Musaya (əs) endirilmişdir. Allah Quranda musəviliyin və musəvilərin mövcud olduğunu bildirmiş, səmimi musəviləri tərifləmiş və Qurana görə müsəlmanlara bütün kitab əhlini sevməyi və onları qorumağı tapşırmışdır:

İman gətirənlərin, habelə yəhudi, sabii və xaçpərəstlərdən Allaha və axirət gününə iman gətirib yaxşı iş görənlərin heç bir qorxusu yoxdur və onlar kədərlənməyəcəklər. (Maidə surəsi, 69)

Bu ayədə bir müjdə var. Bu müjdə Allaha inanan və yaxşı işlər görən musəvilərə və eyni zamanda xristianlara aiddir. Buna görə Allah musəvi və xristianlardan Allaha ürəkdən inananlara və səmimi olanlara heç bir zaman qorxu yaşatmayacağını müjdələyir.

Bu, onlara verilən cənnət müjdəsidir. Çünki Allah onların qətiyyən kədərlənməyəcəyinə söz vermişdir. Allah onlara sevgisini bildirmiş və yerlərini  üstün etmişdir.

Bəzi Quran ayələrində İsrail oğullarına və kitab əhlinə birbaşa xitab vardır. Buna görə musəvi və xristianlardan da Quran oxuyan və ondan öyüd alanlar vardır. Halbuki xurafatçılara görə musəvilərin Qurana əl vurması xəyal belə edilə bilməz.

İkincisi isə bütün insanlar dünyaya imtahan olunmağa gəlmişdir. Bunun nəticəsinə görə onlar haqqında axirətdə qərar veriləcək. Allah dünya həyatının imtahan olduğunu bir ayədə belə xəbər verir:

Əməl baxımından hansınızın daha yaxşı olduğunuzu sınamaq üçün ölümü və həyatı yaradan Odur. O, qüdrətlidir, bağışlayandır. (Mülk surəsi, 2)