İslam sülh, sevgi və mərhəmət dinidir. Lakin dövrümüzdə bəzi çevrələr İslamı yanlış imiclə tanıtmağa çalışırlar. Yer üzünü sülh və əmin-amanlıq yurduna çevirməyi əmr edən İslam dinini tam əksinə göstərməyə çalışan bu çevrələr digər dinlərin mənsubları ilə İslam dini arasında uyğunsuzluğun mövcud olduğunu göstərməyə çalışırlar. Halbuki İslamın Quranda kitab əhli kimi adlandırılan yəhudi və xristianlara qarşı baxışı son dərəcə ədalətli və mərhəmətlidir.
İslamın kitab əhlinə qarşı ədalətli mövqeyi hələ İslamın zühuru illərində formalaşmışdır. Bilindiyi kimi, o dövrdə müsəlmanlar az idilər və Məkkədəki bütpərəstlərin təzyiq və işgəncələri altında inanclarını qorumağa çalışırdılar. Bu təzyiqlərin şiddətli olması səbəbi ilə bəzi müsəlmanlar Məkkəni tərk etməyə və ədalətli rejimə sığınmağa qərar verdilər. Peyğəmbərimiz hz.Muhəmməd onlara Efiopiyadakı xristian kral Nəcaşiyə sığınmağı məsləhət gördü. Bu nəsihətə tabe olan müsəlmanlar Efiopiyaya getdikdə onları sevgi və hörmətlə qarşılayan ədalətli bir rejimlə qarşılaşdılar. Kral Nəcaşi müsəlmanların onlara təslim edilməsini istəyən bütpərəst elçilərə rədd cavabı verdi və müsəlmanların ölkəsində azad yaşaya biləcəklərini açıqladı.
Allahın Quranda kitab əhli haqqındakı ayələri belədir:
De: “Ey kitab əhli! Bizim və sizin aranızda olan eyni bir kəlməyə gəlin ki, Allahdan başqasına ibadət etməyək, Ona heç bir şeyi şərik qoşmayaq və Allah`ı qoyub bir-birimizi ilahiləşdirməyək”. Əgər onlar üz döndərsələr, deyin: “Şahid olun ki, biz müsəlmanlarıq!” (Ali-İmran surəsi, 64)
Bu gün pak nemətlər sizə halal edildi. Kitab verilənlərin yeməkləri sizə halal, sizin yeməkləriniz də onlara halaldır. İsmətli mömin qadınlar da, sizdən əvvəl kitab verilənlərin ismətli qadınları da, namuslu olub zinakarlıq etməmək və aşna saxlamamaq şərti ilə mehrlərini verdiyiniz təqdirdə sizə halaldır. İmanı inkar edənin əməlləri boşa çıxar və o, axirətdə ziyana uğrayanlardan olar. (Maidə surəsi, 5)
Həqiqətən, kitab əhlindən elələri də var ki, Allah`a müti olaraq həm Allah`a, həm sizə nazil edilənə, həm də özlərinə nazil edilənə iman gətirir, Allah`ın ayələrini ucuz qiymətə satmırlar. Onların öz Rəbbi yanında mükafatları vardır. Şübhəsiz ki, Allah tez haqq-hesab çəkəndir. (Ali-İmran surəsi, 199)
(İnsanları) Rəbbinin yoluna hikmətlə, gözəl öyüd-nəsihətlə dəvət et və onlarla ən gözəl tərzdə mübahisə et. Şübhəsiz ki, Rəbbin azğınlığa düşənləri də, doğru yolda olanları da yaxşı tanıyır. (Nəhl surəsi, 125)
“Biz xaçpərəstik!” -deyənləri isə dostluq baxımından iman gətirənlərə ən yaxın olduğunu görəcəksən. Çünki onların arasında keşişlər və rahiblər vardır və onlar təkəbbürlük göstərmirlər. (Maidə surəsi, 82)
İçərilərindən zülm edənlər istisna olmaqla, kitab əhli ilə ən gözəl tərzdə mübahisə edin və deyin: “Biz həm özümüzə nazil olana, həm də sizə nazil olana iman gətirdik. Bizim də məbudumuz, sizin də məbudunuz birdir. Biz yalnız Ona itaət edirik”. (Ənkəbut surəsi, 46)
Kitab əhli içərisində haqdan möhkəm yapışan bir camaat vardır ki, onlar gecələri səcdəyə qapanıb Allahın ayələrini oxuyurlar. Belələri Allaha, axirət gününə iman gətirir, yaxşı işlər görməyi buyurur, pis əməlləri qadağan edir və xeyirxah işlər görməyə tələsirlər. Məhz onlar əməlisalehlərdəndirlər. Onların etdiyi yaxşılıqlar əvəzsiz qalmayacaqdır. Allah müttəqiləri tanıyır. (Ali-İmran surəsi, 113-115)
Şübhəsiz ki, möminlərin, yəhudi, nəsrani və sabiilərdən Allaha və axirət gününə iman gətirənlərin və yaxşı iş görənlərin mükafatı öz Rəbbi yanındadır. Onlara heç bir qorxu yoxdur və onlar kədərlənməyəcəklər. (Bəqərə surəsi, 62)
İman gətirənlərin, habelə yəhudi, sabii və xaçpərəstlərdən Allahaa və axirət gününə iman gətirib yaxşı iş görənlərin heç bir qorxusu yoxdur və onlar kədərlənməyəcəklər. (Maidə surəsi, 69)
Allah din uğrunda sizinlə vuruşmayan və sizi öz diyarınızdan qovub çıxartmayan kimsələrə yaxşılıq etmənizi və onlarla insafla davranmanızı sizə qadağan etmir. Şübhəsiz ki, Allah insaflı olanları sevir. (Mümtəhinə surəsi, 8)