Qurana əsasən, İslamda köləlik yoxdur

Quranda köləliklə bağlı ayələri araşdırdıqda Allahın möminlərə bunu qadağan etdiyini dəqiq görərik. Mövzu ilə əlaqədar ayələri sıra ilə açıqlasaq, bu, daha da aydınlaşar.  Bu ayələrin Quran müxalifləri tərəfindən ən çox istifadə olunanı “Nəhl” surəsinin 75-ci ayəsidir. Bu ayənin iki ayrı məalda tərcüməsi belədir:

Z.Bünyadov-V.Məmmədəliyev: Allah belə bir məsəl çəkdi: “Heç bir şeyə gücü çatmayan və başqasının malı olan bir qul özünə verdiyimiz gözəl ruzidən  gizli və aşkar sərf edən birisi ilə  eyni ola bilərmi?! Həmd yalnız Allaha məxsusdur, lakin əksəriyyəti  bilməz!

Ə.Musayev: Allah, heç bir şeyə gücü çatmayan və başqasının malı olan bir kölə ilə, dərgahımızdan özünə verdiyimiz gözəl ruzidən gizli və aşkar xərcləyən kimsəni məsəl çəkdi. Heç onlar eyni ola bilərlərmi? Həmd Allaha məxsusdur, lakin onların çoxu bunu bilmir.

Göründüyü kimi, ayə açıq-aydındır və heç bir kəlməsində köləliyə izn vermir. Quran müxaliflərinin başa düşmədiyi məntiqi xəta da elə budur. Quranın hər hansı bir mövzudan bəhs etməsi onu qanuni etməz. Hətta Quran hər durumda və hər ehtimalda müsəlman olmayanların kölələrinə müxtəlif imkanların yaradılması üçün möminləri təşviq edir.

Yenə çox bəhs edilən “Bəqərə” surəsinin 221-ci ayəsini araşdıraq:

Müşrik qadınlar iman gətirməyincə onlarla evlənməyin. Əlbəttə, iman gətirmiş bir kəniz sizi heyran edən müşrik bir qadından daha xeyirlidir. Müşrik kişilər iman gətirməyincə (mömin qadınları) onlara ərə verməyin. Əlbəttə, iman gətirmiş bir kölə sizi heyran edən müşrik bir kişidən daha xeyirlidir. Onlar oda çağırırlar. Allah isə Öz izni ilə Cənnətə və bağışlanmağa dəvət edir. O, Öz ayələrini insanlara bəyan edir ki, bəlkə, düşünüb ibrət alsınlar.

Burda da bir tərcümə yanlışlığının olduğu ayədəki ifadələrdən bəlli olur.

Ayədə keçən “Əmə-cariyə” və “əbd-kölə” ifadələri “və” bağlayıcısı ilə “muşrikətun” və “muşrikiyn” ifadələrinə bağlanır. Qiyas olunduqda bu cariyə və kölələrin müşriklərə məxsus olduğu ortaya çıxır. O zaman doğru ifadə belə olmalıdır:

Müşrik qadınlara nəzərən əllərindəki cariyə və kölələrdən iman edən əsirlər daha xeyirlidir.

Köləliyi məşru (qanuni) saymaq bir tərəfə, müşriklərin əlindəki kölələri sahibindən daha xeyirli sayan bu ayə bir çox ateist platformada köləliyi qanuniləşdirən ayə kimi qələmə verilir. Bundan başqa, bu ayədə də açıq şəkildə göründüyü kimi Quran köləliyi əsla məşru etmir. Ayədə evlilikdən öncə möminlərin seçimi üçün müqayisə aparılır.

Allah Elçisinə belə özünə qətiyyən digər insanları qul-kölə etməməyini əmr etmişkən Quranda köləliyin olduğunu demək böyük ağılsızlıqdır:

Heç bir kəsə yaraşmaz ki, Allah ona kitab, hikmət və peyğəmbərlik bəxş etdikdən sonra o, insanlara: “Allahdan sonra mənə də qulluq edin!” – desin. Əksinə, o: “Öyrətdiyiniz kitabın və öyrəndiyiniz şeyin sayəsində Rəbbani  olun!” – deyər.

Bundan başqa, Quran insanlar arasında üstünlüyün təqva və Allaha itaət ilə olduğunu bildirir:

Allah yanında ən hörmətli olanınız Ondan ən çox qorxanınızdır. (Hücurat surəsi, 13)

Quran müxaliflərinin İslamda kölə anlayışının olmasına dəlil kimi göstərdiyi ayələrdən biri də “Nur” surəsinin 32-ci ayəsidir. Məallarda ayə belə tərcümə olunur:

Z.Bünyadov-V.Məmmədəliyev: Aranızda olan subay kişiləri və ərsiz qadınları, əməlisaleh kölə və cariyələrinizi evləndirin.

Ə.Musayev: Aranızda olan subay kişiləri və ərsiz qadınları, əməlisaleh kölə və kənizlərinizi evləndirin.

Bu ayədə də Quranın orijinal ərəbcəsində olmayan kölə və cariyə sözləri yanlış olaraq əlavə edilmişdir. Qısaca, İslamda kölə və ya qul anlayışı yoxdur. Əksinə olaraq, Quran mömin olmayan topluluq və ya insanların kölələrini azad etmək mənasında möminləri cəsarətləndir və təşviq edir:

Sən nə bilirsən ki, sərt yoxuş nədir? O, bir kölə azad etməkdir (Bələd surəsi, 12-13)

Yaxşı əməl (sahibləri) Allaha, Axirət gününə, mələklərə, kitablara, peyğəmbərlərə iman gətirən, sevdiyi malı qohum-əqrəbaya, yetimlərə, kasıblara, müsafirlərə, dilənənlərə və KÖLƏLƏRİN AZAD EDİLMƏSİNƏ sərf edən, namaz qılıb zəkat verən, əhd bağladıqda əhdlərini yerinə yetirən, sıxıntı və xəstəlik üz verdikdə, habelə döyüşdə səbir edən şəxslərdir. (Bəqərə surəsi, 177)