Qurana əsasən, heykəltəraşlıq haram deyil

Qurana görə rəssamlıq və heykəltəraşlıq haram deyil. Təbiətdəki bütün gözəlliklər uca Rəbbimizin  sənət əsəridir. Biz bir sənətin  möhtəşəmliyini Rəbbimizin əsərlərinə baxaraq anlayırıq. Həqiqətən, yer üzündə, demək olar ki, hər texnologiya Allahın yaratdıqlarının təqlid edilməsi ilə inkişaf etdirilmişdir. Məsələn, insanlar  təyyarə istehsalında Allahın yaratdığı quşları və bəzi ağcaqanad növlərini təqlid ediblər. Buna görə də mükəmməl uçuş və manevr qabiliyyətinə sahibdirlər. Bu, bir üstünlükdür, çünki təbiətdə onsuz da yaradılmış və mükəmməl işləyən nümunə vardır. Elə bu nümunə Allahın bütün mühəndislərə  model kimi verdiyi hədiyyədir.

İslamı hər sahədə səhv tanıdan və buna görə, bir çox insanı dindən çəkindirən ənənəvi yanlış İslam anlayışı sənət və sənətkara da savaş açmışdır. İslam cəmiyyətlərinin inkişaf etməməsinin səbəblərindən biri də budur. Aşağıda verdiyimiz hədislər isə bu qaranlıq düşüncənin yalnız bir neçə nümunədir:

Cəhənnəmdə ən şiddətli əzaba düçar olanlar rəssamlardır. (Buxari, Təsvir, 89)

Rəsulullah (səv) buyurdu ki: “Kim şəkil çəkərsə, Allah onu qiyamət günü şəklinə görə onlara ruh üfləyənə qədər əzab edər. Heç bir zaman ruh üfləyə bilməyəcək”. (Buxari, Təbir).

İçində rəsmlər olan evə mələklər girməz. (Buxari, Libas 91)

Qurandan kənar qaynaqlara əsaslanan düşüncə Quranda olmayan hökmlərlə, yəni bir sıra uydurma hədislərlə Allah və Elçisinin adına rəssamlığı və heykəltəraşlığı qadağan etmişlər. Bu düşüncənin xüsusilə incəsənət növlərini hədəf alması yalnız keçmişdən gələn ənənəyə əsaslanır. Bunun əksinə, Allah Quranda heykəli gücün, incəsənətin  göstəricisi olaraq göstərir:

(Cinlər) onun üçün istədiyi qəsrlər, heykəllər, hovuzlara bənzər çanaqlar və yerindən tərpənməyən nəhəng qazanlar düzəldirdilər. Ey Davud nəsli! Şükür edin! Qullarımdan şükür edəni azdır. (Səba surəsi, 13)

Quranda heykəltəraşlıq və rəssamlığın qadağan olduğuna dair heç bir hökm olmadığına baxmayaraq,  Allahın (haşa) bəzi şeyləri unutduğunu zənn edib dinə əlavələr edən qaranlıq düşüncəyə bu ayəni xatırlatmaq lazımdır:

Rəbbin unudan deyildir. (Məryəm surəsi, 64)

Nəticə olaraq, məcusilər oda, hindlilər inəyə və bəzi cəmiyyətlər günəşə ibadət etdiyi üçün inəkləri öldürüb od və ya günəşdən uzaq yaşamadığımız kimi, bütpərəstlərdən dolayı heykəli qadağan etmək də yanlış fikirdir. Anormallıq cisim və varlıqları ilahiləşdirməkdir və harama girənlər bunu edən insanlardır, sitayiş olunan varlıqlar  deyil.