Aşağıda verilən bəzi hədislərə əsasən, namazda “bəsmələ” (Bismilləhir-Rəhmanir-Rəhim) oxumaq olmaz, bəzi hədislərə görə isə zöhr və əsr namazlarında Quran oxumaq olmaz. Hədislər həm bir-biri ilə və həm də Quranla ziddiyyət təşkil edir. Həmin hədislərə bir neçə nümunə verək:
- İbni Abbas (rə) rəvayət edir: “Rəsulullah (səv) qiraətinə bəsmələ ilə başlayırdı”.
- Hz.Ənəs (rə) rəvayət edir: “Mən Rəsulullah (sə), hz.Əbubəkr, hz.Ömər və hz.Osmanla birlikdə namaz qıldım. Onların heç birinin bəsmələ oxuduğunu eşitmədim”.
- İbni Abdilla ibni Müzəffər (rə) rəvayət edir: “Mən (namazda) bəsmələ oxumuşdum. Atam bunu eşidib mənə: “Oğlum, bu etdiyin bidətdir. Bidətdən çəkin! Mən Rəsulullahın (səv) səhabələrindən kimlə qarşılaşdımsa, onların bidət qədər başqa bir şeydən nifrət etdiyini görmədim”, –dedi. Atam sözünə belə davam etdi:
- “Mən Rəsulullah (sə), hz.Əbubəkr, hz.Ömər və hz.Osmanla birlikdə namaz qıldım. Onların heç birinin bəsmələ oxuduğunu eşitmədim. Onu sən də oxuma. Təkcə: “Əlhəmdulillahi rəbbil-aləmin”, -de”.
- Rifa bin Rafi (rə) rəvayət edir:
Namaza duranda, əvvəlcə, Allahın sənə əmr etdiyi kimi dəstəmaz al. Sonra şəhadət və iqamət oxu (namaza dur). Quran ayəsi əzbər bilirsənsə, oxu. Bilmirsənsə, Allaha təkbir, təhlil gətir və sonra rükuya get… Bu deyilənləri etsən, namazını mükəmməl qılarsan. Bunlardan bir şey əskiltsən, namazını da əskiltmiş olarsan.
- Abdullah bin Übeydulla dedi ki, Bəni-Haşim gənclərindən ibarət topluluqla bərabər İbn Abbasın yanına getdim. İçimizdən biri belə dedi: “Soruş görək İbn Abbasdan, Peyğəmbər (səv) zöhr və əsr namazlarında (Quran) oxuyurdu? (O, bunu soruşanda İbn Abbas: “Xeyr, əsla”, -deyə cavab verdi. Sonra İbn Abbasdan soruşdu ki, bəlkə, ürəyində oxuyurdu? O da: “Vay səni, bu, heç oxumamaqdan daha pisdir. O, özünə göndəriləni təbliğ etməklə vəzifəli idi”.
Bu rəvayətdə Peyğəmbərin zöhr və əsr namazlarında əsla Quran oxumadığını xəbər verirlər. Bunun mənası heç kimin zöhr və əsr namazında Quran oxumamalı olduğu deməkdir.
- Hz.Cabir rəvayət edir ki, Rəsulullah (səv) buyurdu ki, kim imama tabe olmuşsa, imamın qiraəti onun da qiraətidir.
Bu rəvayətdə də imamdan başqasının namazda Quran oxumamasını iddia edirlər. Beləcə, fərz namazın qılındığı beş vaxtda namazı Qurandan ayırdılar.
Beləliklə, bu iki rəvayətdə də namazda Quranın oxunmasına mane olmaq üçün imama tabe olaraq namaz qılanın Quran oxumamasının gərəkdiyini, çünki imamın onun yerinə oxuduğunu iddia edirlər.
- … Əbi Rəbahdan rəvayətə görə, Əbu Hüreyrə (rə) belə deyib: “Hər namazda Quran oxunur. Peyğəmbərin (səv) bizə dediyini biz də sizə deyirik. Bizdən gizlətdiyini biz də sizdən gizlədirik”.
Beləliklə, hər namazda Quran oxunduğunu deməklə əvvəlki rəvayətlərə zidd düşürlər. Namazda “Fatihə” surəsinin oxunub-oxunmaması mövzusunda da uydurduqları rəvayətlər məqsədlərinə görə çox ibrətamizdir. Belə ki:
- Əbu Hüreyrə (rə) rəvayət edir: “Rəsulullah (səv) buyurdu ki, kim fatihəni oxumadan namaz qılarsa, bilsin ki, bu namaz əskikdir. (Bu sözü üç dəfə təkrarladı)
Əbu Hüreyrədən (rə): “İmamın arxasında olsaq, nə edək?” –deyə soruşdular. Belə dedi: “Yenə də ürəyində oxu…””
- Əbu Səiddən rəvayət edirlər ki, o deyib ki, biz namazda fatihə ilə birlikdə asan olanı oxumaqla əmr olunduq.
- Hz.Cabir rəvayət edir ki, kim fatihəni oxumadan bir rükət namaz qılarsa, imamın arxasında olmadığı təqdirdə namaz qılmış sayılmaz.
Bu rəvayətlərə görə, fatihə oxunmayan namaz əskikdir və ya keçərsizdir. Digər bəzi rəvayətlərdə Peyğəmbərin namazda fatihəni oxumayıb başqa surələr oxuduğunu xəbər verirlər. Belə ki:
- İbni Abbas (ra) rəvayət edir: “Rəsulullah (səv) cümə günü sübh namazında Əlif-Ləm-Mim Tənzil, Səcdə və Həl əta ala linsanı hinun minəd dəhr surələrini oxuyardı. Başqa bir xəbərdə keçir ki, Rəsulullah (səv) cümə namazında “Cümə” və “Münafiqun” surələrini oxuyardı”.
- Hz.Aişə rəvayət edir: “Rəsulullah (səv) “Əraf” surəsi ilə şam namazını qılardı. Surəni iki yerə bölüb hər iki rükətdə bir parçasını oxuyardı”.
Quran Allahın sözüdür və Allah həmişə doğru olanları deyir. Kimin sözü Allahın sözündən daha doğrudur? (Nisa surəsi, 122)