Quran bütün dünyaya rəhbərdir və insanları doğru yola çatdırır.
Quranı rəhbər tutanlar ən doğru yola çatır. Şirk və küfrün qaranlığından çıxıb vicdan və əxlaqın aydınlıq yoluna girmək ancaq Allahın göstərdiyi Quran yolu ilə mümkündür.
İnsan tutduğu yolun doğru olub-olmadığını Allah tərəfindən endirilən Quranı oxuyub araşdırmaqla görə bilər.
Həqiqətən, bu Quran ən doğru yola yönəldir (İsra surəsi, 9)
Əlif. Ləm. Ra. (Bu Quran) insanları öz Rəbbinin izni ilə qaranlıqdan nura – qüdrətli, tərifəlayiq (Allahın) yoluna çıxartmaq üçün sənə nazil etdiyimiz bir kitabdır. (İbrahim surəsi, 1)
İnsanların çoxunun getdiyi yol mütləq doğru deyildir. Doğru yol ancaq Allahın göstərdiyi yoldur. O da Qurandakı İslamdır.
Əgər sən yer üzündə olanların əksəriyyətinə itaət etsən, onlar səni Allah yolundan azdırarlar. Onlar ancaq zənnə qapılır və ancaq yalan uydururlar. (Ənam surəsi, 116)
Quranı oxumadan, həyata tətbiq etmədən və din adından deyilənləri araşdırmadan din zənn edib şirk içində yaşayan insanlar məsuliyyəti özləri daşıyırlar. Əskiksiz və açıq-aydın Quranı kafi görməyib din adından yayılan xürafələri yaşamaqla heç kim Allahın rizasını qazana bilməz. Hər kəs Allah rizasını ancaq Peyğəmbərimiz (səv) kimi vəhyə tabe olmaqla qazana bilər.
Hər kəs Quran oxumalı və Qurana tabe olmalıdır. Quranda olmayan xürafələri din kimi yaşamaqdan vaz keçməlidir. Dəyişməyən yeganə qaynaq Qurandır.