Qurana əsasən, dua say bitirmək üçün əzbərlənən söz yığını deyil

Dövrümüzdə tez-tez rastlaşdığımız müəyyən günlərdə sayla deyilən və vərdiş halına çevrilən dua Quran əxlaqı ilə uzlaşmır. Heç insan sevdiyini neçə dəfə andığını düşünər? Yaxud yalnız müəyyən günlərdə xatırlayar? Rəbbimiz Quranda insana istədiyi zaman və istənilən mövzuda Allahdan dua edərək kömək istəyə biləcəyini göstərmişdir. Allah səmimi qullarının dualarına mütləq qarşılıq verəcəyini vəd etmişdir. Bu, Allahın insana bəxş etdiyi böyük lütfü və nemətidir.

Bir insan Allah`ın sonsuz gücünü, ağlını, sevgisini, şəfqət və mərhəmətini, lütfkarlığını, əfv ediciliyini və dilədiyi an hər şeyi səbəbsiz olaraq yarada biləcəyini lazımınca təqdir edə bilirsə və bütün bunlara olan inancında əsla şübhəyə düşmürsə, yalnız o zaman səmimi dua edə bilər.

Allah bizə necə dua edəcəyimizi çox gözəl şəkildə Quranda bildirir:

Allaha qorxu və ümidlə yalvarın. (Əraf surəsi, 56)

Qorxu və ümid içində öz Rəbbinə yalvarırlar. (Səcdə surəsi, 16)

Rəbbinizə acizanə, həm də gizlicə dua edin! Şübhəsiz ki, O, həddi aşanları sevmir. (Əraf surəsi, 55)

Allah Ona qəlbdən inanan, heç bir şübhə duymadan və tam itaətlə güvənən şəxsin bütün dualarına cavab verəcəyini Quranda belə bildirir:

Qullarım səndən Mənim barəmdə soruşsalar, Mən (onlara) yaxınam, Mənə yalvaranın duasını yalvardığı vaxt qəbul edərəm. Qoy onlar da Mənim çağırışımı qəbul edib Mənə iman gətirsinlər ki, doğru yola yönələ bilsinlər. (Bəqərə surəsi, 186)

Rəbbiniz dedi: “Mənə dua edin, Mən də sizə cavab verim. Həqiqətən, Mənə ibadət etməyə təkəbbür göstərənlər Cəhənnəmə zəlil olaraq girəcəklər”. (Mömin surəsi, 60)

Darda qalan kimsə yalvardığı zaman ona cavab verən, şəri sovuşduran və sizi yer üzünün varisləri edən kimdir? Heç Allahla yanaşı başqa bir məbudmu var? Siz necə də az düşünürsünüz? (Nəml surəsi, 62)