Hər bir ibadət kimi oruc haqqında da bütün məlumatlar dinimizin tək qaynağı Quranda bildirilmişdir. “Bəqərə” surəsinin 183, 184, 185 və 187-ci ayələrində oruc tutmaq haqqında hər şey verilmişdir. Bunlardan biri də orucun ramazan ayı boyu tutulması məsələsidir. Bəli, oruc ramazan ayında tutulur və sayılı günlərdir. Quranda bu barədə belə xəbər verilir:
Ey iman gətirənlər! ORUC tutmaq sizdən əvvəlki ümmətlərə vacib edildiyi kimi, sizə də vacib edildi ki, siz pis əməllərdən çəkinəsiniz! SAYI MÜƏYYƏN OLAN GÜNLƏRDİR… İnsanlara doğru yolu göstərən, bu yolun və (haqqı batildən) ayırd edənin açıq-aydın dəlilləri olan Quran RAMAZAN AYINDA nazil edilmişdir. Sizlərdən bu aya çatan şəxslər ORUC TUTMALIDIRLAR. (Bəqərə surəsi, 183-185)
Ramazan ayı hicri təqviminə məxsusdur. Elmi məlumatlar sayəsində dövrümüzdə bu ayın başlanğıcını lap əvvəldən bilə bilirik. Hansı gündə və hansı saatda başlayıb-bitəcəyinin dəqiq bilinməsi bizim üçün böyük nemətdir.
Qurana əsasən, oruc ramazan ayı boyu tutulur. “Bəqərə” surəsinin 185-ci ayəsində keçən (yəsumhu) “hu” əvəzliyi orucun ramazan ayın tamamını əhatə etdiyini bizə bildirir.
Rəbbimiz bu ramazanı bütün dünya müsəlmanlarının birlik və bərabərliyinə, yer üzündə zülm və sıxıntıların bitməsinə və sevinc və hüzurun hakim olmasına vəsilə etsin.