2 qadın = 1 kişi yalanı

Bir qisim insanlar tərəfindən İslama qarşı dəlil kimi istifadə edilən və yanlış bilinən mövzulardan biri də qadının kişiyə görə yarım haqqının olduğu iddiasıdır. Bir kişinin şahidliyinin və haqqının iki qadına bərabər olduğunu İslam əleyhdarları ortaya atmışdır. Xurafatçılar da fürsətdən istifadə edib qadına “yarım” damğası vurublar. Halbuki İslam əleyhdarları da, xurafatçılar da başqa mövzularda olduğu kimi, bunda da yanılırlar.

Allah Quranda kişi və qadının şahidliyindən bəhs edir. Quranın heç bir yerində bir kişinin şahidliyinin iki qadına bərabər olduğu barədə ifadə yoxdur. Məsələn, zinanın təsbit edilməsində dörd şahidə ehtiyac vardır. Quranda bu şahidlər dörd qadın və ya iki kişi, dörd kişi və ya səkkiz qadın kimi ifadələrdən istifadə edilmədən dörd şahid kimi müəyyən edilir. Yəni qadın və ya kişidən hər hansı dörd nəfər kifayət edir, kişi və qadın ayrı-seçkiliyi edilmir.

Şahidliyin zidd olduğu durumlarda hər şeydə olduğu kimi, yenə Quranda qadın üstün tutulur, onun sözünə etibar edilir. Məsələn, qadınlara qarşı zina iddiasında qadınla kişinin şahidliyi bir-birinə zidd olarsa, qadının şahidliyinə üstünlük verilir. Belə ki, qadın öz şahidliyinə uyğun olaraq günahsız qəbul edilir. Məsələ ilə bağlı ayələr belədir:

Arvadlarına zina isnad edib özlərindən başqa şahidləri olmayanların hər biri özünün doğru danışanlardan olduğuna dair dörd dəfə Allahın adı ilə şəhadət verməlidir.

Beşinci dəfə: “Əgər yalan danışanlardandırsa, Allah ona lənət eləsin!” (–deməlidir).

Qadının da ərinin yalan danışanlardan olması barədə dörd dəfə Allahı şahid tutması əzabı ondan dəf edər. (Nur surəsi, 6-8)

Qadının Quranda şahidlik baxımından kişidən üstün tutulması çox az bilinən həqiqətdir. Bu, Quranın mahiyyətini və qadına baxışını göstərir. Lakin İslam əleyhdarları və xurafatçılar bundan fərqli şəkildə düşünürlər.