Qadını örtüb bürümək məqsədi və “Əhzab” surəsinin 59-cu ayəsinin açıqlaması

Quranda haramlardan üstü örtülü bəhs edilmir

 “Qadının kəsilən tükləri belə haramdır” hökmünü çıxaran xurafatçı düşüncədən bəhs edərkən bunu mütləq qeyd etmək lazımdır ki, Allah Quranda haram və halalları qəti və dəqiq izahlarla bildirib. Müsəlmanlar, məsələn, donuz əti yeməyin haram olduğunu “O sizə ölü heyvanı, qanı, donuz ətini və Allahdan başqası üçün kəsiləni haram etmişdir…” (Bəqərə surəsi, 173) ayəsi ilə öyrəniblər. “Haram etmişdir” hökmünə əsasən, müsəlman tərəddüd edə bilməz, izah və təfsirlərə ehtiyac duymaz. Məsələn, başqa bir nümunə olaraq faizdən bəhs edək. “…Allah alış-verişi halal, sələmçiliyi isə haram etmişdir…” (Bəqərə surəsi, 275) ayəsi ilə faiz açıq və qəti olaraq müsəlmanlara qadağan edilmişdir. Bu ayəyə görə heç kim bunu müzakirə edib faizin alverdən fərqli olmadığını deyə bilməz.

Dolayısilə, biz haramları bir qisim təfsirçilərin izahlarından, ayələrə əlavə etdikləri mötərizə daxili açıqlamalardan və ya saxta hədislərdən deyil, birbaşa ayənin özündən öyrənməliyik. “Nur” surəsinin 31-ci ayəsində də bu mənada yuxarıda dediyimiz kimi, dəqiq izah vardır. Lakin bir çox təfsirçilərin ayələrin içinə mötərizədə öz izahlarını əlavə etmələri bu ayədən də yan keçməmişdir.  Məsələn, təfsirçilər məzhəb imamlarının təsiri ilə bu ayəyə mötərizə daxilində “üz və əl kimi görünən qisimlər xaric” şəklində əlavə veriblər. Halbuki İslama görə, qadınlar əl və üzündən başqa hər yerlərini örtməli olsaydılar, şübhəsiz ki, belə bir əhəmiyyətli mövzu bütün detalları ilə Quranda verilərdi. Donuz əti, faiz və zinanın haram olduğunu qəti bildiyimiz kimi, bu mövzunu da Quranda açıq şəkildə görərdik. Lakin Quranda belə bir geyim təsvir edilməmişdir. Bu, ancaq bəzi təfsirçilərin izahlarında verilmişdir.

Yalnız qadını və qadın bədənini örtmək məqsədi

Çox maraqlıdır, nədənsə xurafatçılar  Quranı daima saxta hədislərin də təsiri ilə qadını evə qatmaq və ya vücudunu tam örtmək üzərindən şərh etməyə çalışırlar. Təhrik etmək ünsürünü isə ən böyük əsas kimi göstərirlər. Halbuki qadın vücudu kişilər üçün nə qədər çəkicidirsə, kişi vücudu da qadın üçün o qədər çəkicidir. Qurana əsasən, iki cinsin arasında ayrı-seçkilik olmadığına görə kişilərin təhrik olmaq qorxusu üzündən qadınları örtməyə və ya yox etməyə çalışmağın mənası yoxdur. Əgər problem kişilərin təhrik olmasıdırsa, onda kişilərin ya evdə oturması, ya da çöldə üzlərini örtüb gəzməsi daha məntiqlidir.  Özlərinin təhrik olması ehtimalı ilə qadınları örtməyin yerinə, bu riski kökündən həll etməyi seçməlidirlər.

Bu vəziyyət məsələ ilə bağlı hər şeydə tətbiq oluna bilər. Məsələn, qadının səsini bəziləri təhrikedici kimi görə bilər, buna görə də qadına danışmaq qadağan edilirsə,  eyni şey kişilərə də aid olmalıdır. Əgər qadının danışığına və oxuduğu mahnılara qulaq asmağa izin yoxdursa, eyni zamanda qadınların da kişi səsindən təhrik olacağı diqqətə alınmalı və bu qadağa kişilərə də şamil edilməlidir.   Əgər xurafatçı məntiqin saxta qanunlarını əsaslı göstərmək istəyirlərsə, eyni şeyi kişilərə qarşı da etməlidirlər.

Lakin İslamda Quranın məntiqi əsaslıdır və Quranda belə bir qadağa yoxdur. Xurafatçıların özlərindən çıxardığı bu qadağalar insanların əlindən azadlığı alır, cəmiyyətləri içindən çıxılmaz vəziyyətə salır və özləri kimi başqalarına da fəlakət gətirir.

Qadın və kişi hər məsələdə olduğu kimi, iffət məsələsində də bərabərdir. Zina qadın və kişinin hər ikisinə haramdır. “Əhzab” surəsinin 35-ci ayəsində “ismətlərini qoruyan kişilər və (ismətlərini) qoruyan qadınlar” ifadəsi ilə açıq şəkildə bildirildiyi üzrə, qadın əxlaqlı və iffətli olub ismətini qorumalı olduğu kimi, kişi də eyni məsuliyyəti daşıyır. Yəni o da ismətini qorumalıdır. Lakin bunun çarəsi insanları örtmək, çölə çıxmağa qoymamaq, görüşdürməmək və s. deyil. Bunu yolu Quran əxlaqını əxlaq ölçüsü olaraq mənimsətməkdir. İnsan instinktlə hərəkət edən, hisslərinə tabe olan vəhşi varlıq deyil. İnsan ağıllı və şüurlu şəkildə, ən əhəmiyyətlisi isə Allahın ona öyrətdiyi əxlaq və Allah qorxusu ilə doğrunu yanlışdan ayıran varlıqdır.

Dolayısilə, bir insanın iffətli davranmasını qarşı tərəfin açıq-saçıq geyinməsi və ya saç telinin çöldə qalması müəyyən etmir, bunu müəyyən edən onun Allah qorxusu və əxlaqıdır. Allah bir ayədə “…Allah gizlində kimin Ondan qorxduğunu üzə çıxarsın…” (Maidə surəsi, 94) –deyə buyuraraq insanları heç kimin görmədiyi yerlərdə imtahan edəcəyini bildirir. Buna görə də insanların zorakılıqla və ya evə həbs etməklə dini yaşamaqları və halal-harama diqqət etməkləri təmin edilə bilinməz. İman, əxlaq və ibadət yalnız könüllü surətdə yerinə yetirilir.

Quranda baş örtüyü deyil, cilbab təsvir edilir

Yuxarıdakı bütün izahlardan anlaşıldığı kimi, “Nur” surəsinin 31-ci ayəsi müxtəlif təfsirçilərin yanlış izahları və saxta hədislərin təsiri ilə haradasa toxunulmaz hala gətirilən baş örtüyü mövzusu üçün dəlil kimi istifadə olunur. İçində “baş örtüyü” kəlməsi işlənməyən, başla əlaqədar heç bir məlumat verilməyən və açıq şəkildə sinənin örtülməsindən bəhs edilən ayənin bu qədər fərqli şərh olunması çox təəccüblüdür. Başqa bir təəccüb doğuran şey isə Quranda baş örtüyünü sanki dinin tək şərti kimi görən bir çoxlarının “Əhzab” surəsinin 59-cu ayəsində bəhs edilən çarşabdan heç bəhs etməməsidir. Quranda olmayan baş örtüyünü hökm halına çevirib, Quranda mövcud olan çarşabı görməzlikdən gəliblər.

İndi isə “Əhzab” surəsində çarşab hökmünün necə verildiyini və baş örtüyünü müdafiə edənlərin ayəni niyə görməzlikdən gəldiyini araşdıraq:

“Əhzab” surəsinin 59-cu ayəsinin açıqlaması

Ey Peyğəmbər! Zövcələrinə, qızlarına və möminlərin qadınlarına de ki, cilbabları ilə (çöl geyimləri ilə) örtünsünlər. Bu, onların tanınması və onlara əziyyət verilməməsi üçün daha münasibdir. Allah bağışlayandır, rəhmlidir. (Əhzab surəsi, 59)

“Cilbab” kəlməsinin mənası başdan ayağa qədər örtən hər cür örtük, paltar deməkdir. Dolayısilə, “Əhzab” surəsinin bu ayəsində açıq şəkildə başı və vücudu  örtən çarşabdan bəhs olunur. Belə paltarı geyinmək üçün ayədə mühüm şərt qoyulur: müsəlman qadınların azad və iffətli tanınmaları.

Bunun mənası belədir: bəzi mühitlər qadınların rahat davranmağı və rahat geyinməyi üçün uyğun olmur. Ümumi cəmiyyət quruluşu və oradakı insanların əxlaq anlayışı bəzən mədəni səviyyədən geri qalır. Bir çox cəmiyyətlər hər açıq qadına müəyyən baxışla bir növ damğa vurur və onlara qarşı söz, yaxud fiziki baxımdan təcavüz edəcək qədər irəli gedirlər. Normal şərtlərdə müsəlman qadınlar məcbur olmadıqca onsuz da belə yerlərə getməzlər. Fəqət getmək lazım gəldikdə tədbir almalı, ətrafdakı insanlara müsəlman və iffətli qadın olduğunu göstərərək ehtimal əziyyətdən çəkinməlidir. Belə yerlərdə müsəlman qadınlar çarşab vasitəsilə tədbir almış olurlar.

Bu vəziyyət qadının öz qənaətinə qalır. Ümumiyyətlə, dövrümüzdə demokratik və modern cəmiyyətlər təhlükəli mühit təsvirinə uyğun gəlmir. Qərb cəmiyyətlərində qadınlar özlərini güvənlikdə görür, çarşab geyinməyə ehtiyac hiss etmirlər. Lakin bəzi qadınlar üçün bu cəmiyyətlərdə də təhlükəli şəxslər ola bilər. Dolayısilə, müsəlman qadın özünü güvənlikdə görmürsə, qərb ölkələrində belə çarşab geyinər. Çünki ayədəki şərt müsəlman qadının geyimi üzündən yanlış dəyər verilib əziyyət görməyinin qarşısını almaqdır.

Baş örtüyünü müdafiə etmək, lakin çarşabdan heç bəhs etməmək

Bir qadın istədikdə: “Baş örtüyü əmri Quranda var və mən bunu “Əhzab” surəsinin 59-cu ayəsində görürəm”, –deyərək baş örtüyü taxa bilər. Belə ki, çarşabın yerinə baş örtüyü tərcih edib, örtünməni bu şəkildə başa düşmüşdür. Lakin bir insan: “Baş örtüyü əmri Quranda var və mən bunu “Nur” surəsinin 31-ci ayəsində görürəm” –deyirsə, o zaman doğru danışmır və bu özü təhlükəlidir. Çünki Rəbbimiz halalları haram sayan və ya Quran ayələrinə qarşı dillərini əyib bükənlərin hökmünü açıqlamışdır. Quran ayəsində olmayan bir hökmün (doğrunu bildiyinə baxmayaraq) mövcudluğunu iddia etmək Allah qatında günahdır.

Təəccüblüsü odur ki, bəzi şəxslər baş örtüyünü qətiyyətlə müdafiə etməklə bunu sanki dinin əsas simvolu kimi qələmə verirlər, eyni zamanda  isə Qurandakı cilbab hökmündən heç bəhs etmirlər. Həqiqətən də, Rəbbimizin təqvanı üstün tutduğu halda, dindarlığın ölçüsünü baş örtüyündə görüb üstünlüyü bunda axtaranlar nədənsə Qurandakı cilbab mövzusundan heç bəhs etmirlər. Quranda baş örtüyünə dair heç bir hökm olmadığına və cilbab barədə açıq hökm olduğuna baxmayaraq, Quranda olmayan hökmü müdafiə etməyə çalışırlar. Baş örtüyünün gündəmdə saxlanılması və dünya miqyasında, ümumiyyətlə, cilbabdan heç bəhs edilməməsi doğurdan da təəccüb doğurur.

Müsəlman qadın Qurana görə necə geyinməli olduğunu bilir

Burada bir şeyi qeyd etmək lazımdır ki, müsəlman qadın Qurana görə necə geyinməli olduğunu çox yaxşı bilir. Bunun üçün kişinin qadına nəyi necə geyinəcəyini deməyinə ehtiyac yoxdur. Bir kişinin qadının geyiminə qarışmaq və onu yönləndirmək haqqı da yoxdur. Allah ona belə bir haqq verməmişdir. Bu gün müsəlman cəmiyyətlərində bu əhəmiyyətli həqiqət dilə gətirilməlidir.

Bir qadın baş örtüyü də taxa bilər, çarşab da geyinə bilər. Yaxud da açıq və ya dekolte də ola bilər. Müsəlman olduğunu dedikdən sonra heç kimin onu mühakimə etmək hüququ yoxdur. Hansının daha təqvalı olduğu ancaq Allah qatında bəllidir.  Dində ölçü geyim deyil, səmimiyyətdir. Çarşablı bir adam səmimiyyətsiz olub cəhənnəmə gedə bilər, eyni zamanda dekolteli bir qadın da cənnətə layiq ola bilər. Bunun hökmünü ancaq Allah verir.

Qurandan başqa yol göstəricilərə tabe olduqda bunlar insanı maddi-mənəvi yöndən çətinliklərə salır və  insan fitrətinə uyğun olmayan müxtəlif problemlər ortaya çıxarır.  Üstəlik, bu şeylər fərdilikdən çıxıb sosial problemlərə çevrilə bilir. Kitabın bu hissəsinin əsas mövzusu olan, həmçinin açıq-saçıq və ya örtülü kimi müqayisə edilən geyim ayrı-seçkiliyi Quranda olmayan yanlış düşüncədir və cəmiyyətlərdə narahatlıqlara yol açır.

Allah Qurana görə üstünlüyün xarici görünüş və ya geyimdə deyil, təqvada (Allah qorxusu ilə davranmaqda) olduğunu ayədə belə bildirir:

Ey Adəm oğulları! Sizə ayıb yerlərinizi örtəcək libas və bəzək-düzək nazil etdik. Təqva libası isə daha xeyirlidir. Bu, Allahın dəlillərindəndir. Bəlkə, düşünüb ibrət alasınız. (Əraf surəsi, 26)

İman qəlbən yaşanır. İman bir insanın gözəl əxlaqı, mədəniyyəti, keyfiyyəti, elm və incəsənət anlayışı, bir sözlə, hər şeyi ilə özünü göstərir. Buna görə də insanları xarici görünüşü ilə deyil, əxlaqı ilə dəyərləndirmək əsasdır.

Xarici görünüşün heç bir fərqi yoxdur, müsəlman olduğunu deyənlərin hamısı nur kimi dəyərli müsəlmandır. Heç birinin arasında ayrı-seçkilik etmək doğru deyil. Heç kimin ayrı-seçkilik etməyə haqqı yoxdur.