Bütün dəlilləri ilə göründüyü kimi, Quranda baş örtüyü mövzusuna sübut kimi göstərilən “Nur” surəsinin 31-ci ayəsində qəti şəkildə “baş örtüyü” kəlməsi işlənmir. Lakin bu yanlışlıq bir çox saxta hədislərin İslam ədəbiyyatına daxil edilməsi ilə yayılmış və bu günə kimi gəlib çıxmışdır. Xurafatçıların ortaya atdıqları saxta hədislərdə çoxlu məntiqsizliklər var. İndi bunlardan bəzi nümunələr göstərək:
Hz.Aişə deyir ki, Allah ilk mühacir qadınlara rəhmət etsin, uca Allah “Mömin qadınlar baş örtüklərini yaxalarının üstünə çəksinlər” ayəsini nazil edəndə onlar ətəklərindən bir parça kəsib onunla başlarını örtdülər. (Buxari, Təfsir, Təfsiri-surətin-Nur, 13 (V, 13); Əbu Davud, Libas, 33(IV, 3577; Beyhəki, VII, 88)
Hz.Aişə validəmiz buyurub ki, ilk mühacir qadınlara Allah rəhmət eləsin! Təsəttür ayəsi enincə, dərhal bel örtüklərini yırtıb başlarını örtdülər. (Buxari, Nəsai)
Səfiyyə binti Şeybə rəvayət edir: “Aişə ilə birlikdə idik. Qüreyş qadınlarından və onların üstünlüklərindən danışırdıq. Hz.Aişə dedi ki, şübhəsiz, Qüreyş qadınlarının bir çox üstünlükləri var. Ancaq mən Allaha and olsun ki, Allahın kitabını daha çox təsdiq edən və bu kitaba daha çox inanan ənsar qadınlarından daha fəzilətlisini görmədim. Belə ki, “Nur” surəsindəki “qadınlar baş örtüklərini yaxalarının üstünə çəksinlər” əmri nazil olanda onların ərləri bu ayəni oxuyub evə qayıtdılar. Onlar bunu zövcələrinə, qızlarına, bacılarına və qohumlarına oxudular. O qadınların hamısı ətək parçalarından Allahın kitabına iman edərək baş örtüyü hazırladılar. Ertəsi gün hz.Peyğəmbərin arxasında baş örtükləri ilə sübh namazı qıldılar. Onların başlarının üstündə sanki qarğa var idi. (Buxari, Təfsiri-surə 24/12; Əbu Davud, Libas 29; Əhməd bin Hənbəl VI 188) (İbni Kəsir, Hədislərlə Quran təfsiri, cild 11, səh. 5880)
Göründüyü kimi, bu hədislərin hamısında iddia edilir ki, “Nur” surəsinin 31-ci ayəsinini nazil olması ilə qadınlar dərhal öz ətəklərindən bir parça kəsib başlarına sarımışdır. Elə ən çox məntiqsizlik burada başlayır. Saxta hədislərdəki məntiq boşluqlarını və Quranla necə ziddiyyət təşkil etdiklərini araşdıraq:
-Ayədə “örtüklərini yaxalarının üstünə vursunlar” ifadəsi ilə daha əvvəl ətraflı qeyd etdiyimiz kimi, qadınların sinələrinin örtülməsi əmr edilir. Ancaq həmin hədislərdə deyilir ki, bu ayə nazil olandan sonra müsəlman qadınlar paltarlarını kəsib sinələrini deyil, başlarını örtdülər. Halbuki ayədə başın örtülməsinə dair heç bir ifadə yoxdur. Həmin hədislərdə qadınların ayənin hökmünü yerinə yetirmələrinə, yəni sinələrini örtmələrinə dair açıqlama yoxdur.
-Buradakı izaha görə, qadınlar öz ətəklərindən bir parça kəsib ayənin hökmü olan sinələrini örtməyin yerinə başlarına bağlayıblar. Daha əvvəl də açıqladığımız kimi, “baş örtüklərini çəksinlər” şəklindəki səhv təfsiri haqlı çıxarmaq üçün hədisə əlavə edilən bu əmələ görə ətəkdən kəsilən parça o qədər böyük olmalıdır ki, həm başı, həm də sinəni örtəcək qədər aşağı enməlidir.
-Burada ağıla, əlbəttə, kəsilən ətəyin vəziyyəti gəlir. Ətəkdən başı və sinəni örtəcək qədər böyük parçanın kəsilməsi ətəyi mini yubkaya çevirəcək və dolayısilə, qadının ayaqları açıqda qalacaq. Bu izaha görə, həmin qadının sinəsi və ayaqları açıqdır, fəqət başı örtülüdür. Halbuki bu hissənin əvvəlindən bəri dəlillərlə anlatdığımız kimi, “Nur” surəsinin 31-ci ayəsi qadınların yalnız sinələrini örtmələri üçün endirilmişdir.
-“Baş örtüklərini çəksinlər” izahının tərəfdarları öz iddialarını haqlı çıxarmaq üçün “başda onsuz da var olan bir baş örtüyü” düşüncəsindən yola çıxdıqlarını qeyd etmişdik. Onlar ayədə “baş örtüyü” ifadəsinin işləndiyini sübut etmək üçün ortaya belə bir iddia ilə çıxırlar və deyirlər ki, ayənin xitab etdiyi qadınların onsuz da baş örtükləri var idi. Halbuki həmin saxta hədislərdə bu ayə nazil olanda qadınların öz ətəklərini kəsib baş örtüyü düzəltdikləri iddiası var. Həmin təfsirçilərin ən böyük dayaq qəbul etdikləri saxta hədislər necə olur ki, onların bu iddiası ilə ziddiyyət təşkil edir?
Ziddiyyət təşkil edir, çünki İslama Qurandan başqa saxta hökmlər gətirməyə çalışanların dinləri belə məntiq boşluqları ilə doludur. Hər batil izah və açıqlama məntiqsizliklərlə doludur və Quranla ziddiyyət təşkil edir. “Nur” surəsinin 31-ci ayəsi asan başa düşülən və açıq ayə olsa da, bu ayədən sırf baş örtüyü mənası çıxarmaq üçün verilən aldadıcı izahlar məsələnin ciddiliyini ortaya qoyur. Saxta hədislər əsasındakı açıqlamalar və bunların nəticəsi isə dəhşət doğurur.
Şəfii və Hənbəli məzhəblərində qadının bütün vücudu istisnasız hər zaman örtülməlidir (üz və əllər də daxil). Hənəfi və Maliki məzhəblərində əllər və üz fitnə olmayan şərtlərdə açıq ola bilər. (Səbuni, Təfsirül-ayətil-əhkam 2/154,155). Əs Suddi: “Qadın gözlərindən birini və üzünün açıq qalan göz qismindəki tərəfini örtər, yalnız bir gözü açıq qalar”. Əbu Həyyan: “Əndəlusda adət belə idi. Qadının bir gözündən başqa heç bir yeri görünməzdi”. (Əbu Həyyan, Əl-bəhrül-mühit). Şəfii imamları qadının kəsilən dırnaqlarına belə baxmağı qadağan ediblər (İbn Həcər əl-Hiytəmi, İslamda halal və haramlar 2). Yayılmış izahlardan birinə görə, İslamın qadına fərz etdiyi örtünmək qadının üzünə də aiddir (Fiqhüs-Siyrə). Başqa bir qaynaqda qadının kişiyə necə baxmalı olduğu belə açıqlanmışdır: “Qadının yad kişinin sinəsinə, kürəyinə, ayağına şəhvət qorxusu olmasa belə, baxmağı caiz deyil. Üz isə fitnə baxımından saç və ayaqlardan daha öndədir. Bu yerlərə baxmaq ittifaqla haram olduğuna görə üzə baxmaq da öncədən haram olması lazım olan feildir”. (Səbuni, Rəvai 2/156).
Qorxunc səviyyəyə çatan xurafatçı düşüncə ancaq qadını tamamilə örtəndə rahat ola bilir. Bəziləri üçün isə bu belə kifayət etmir. Onlara görə, qadın həm hər yerini örtməli, həm də evdə oturmalıdır. Quranda qadına azadlıq verib onun kimlərin yanında rahat gəzə biləcəyini və kimlərin yanında məhrəm yerlərini örtməli olduğunu izah edən açıq ayədən xurafatçı və qorxunc izahların çıxarılması həqiqətdə mümkün deyil. Lakin nümunələrini verdiyimiz saxta hədislər onlara bu yolu açmışdır. Xurafatçılar ayəyə öz izahlarını əlavə edəcək qədər irəli gedib qadını başdan ayağa örtünən, kəsilən dırnaqları belə haram olan kabusa döndərə biliblər. Xurafatın dərəcəsini görmək üçün bu, son dərəcə açıqlayıcı nümunədir.
Burada əlavə olaraq xatırladaq ki, hədis külliyyatında Peyğəmbərimizin dövründə qadın və kişilərin eyni qabdan dəstəmaz aldıqları da yazılır. (Buxari, Vüdu 42; Əbu Davud, Təharət 39; İbni Macə, Təharət 36; Nəsai, Təharət 56). Ayaqlar, dirsəklərə qədər qollar, üz və baş dəstəmaza aid olan yerlər olduğuna görə hədis qadınların kişilərin yanında başları açıq gəzdiyini göstərir. Lakin işlərinə yaramayan hədisləri diqqətə almamaq xurafatçıların xüsusiyyətidir.
Bizim ölçümüz Qurandır, Qurandakı izahlar isə çox açıqdır və buna görə də qadınların kişilərin yanında başı açıq dolaşmağı Qurana uyğun davranışdır.