Mömin qadınlara da de ki, gözlərini aşağı diksinlər və cinsiyyət üzvlərini qorusunlar. Qoy onlar – görünənlər istisna olmaqla, zinətlərini göstərməsinlər; örtüklərini yaxalarının üstünə salsınlar; zinətlərini ərlərindən, yaxud atalarından, yaxud ərlərinin atalarından, yaxud öz oğullarından, yaxud ərlərinin oğullarından, yaxud qardaşlarından, yaxud qardaşlarının oğullarından, yaxud bacılarının oğullarından, yaxud öz qadınlarından, yaxud sahib olduqları kölələrdən, yaxud ehtirasını itirən kişi xidmətçilərdən, yaxud qadınların çılpaqlığını hələ anlamayan uşaqlardan başqasına göstərməsinlər; gizlətdikləri zinətləri bilinsin deyə ayaqlarını vura-vura yeriməsinlər. Ey iman gətirənlər! Hamınız Allaha tövbə edin ki, bəlkə, nicat tapasınız. (Nur surəsi, 31)
“Qadınların zinəti” mövzusundakı izahlar
“Nur” surəsinin 31-ci ayəsində Allahın diqqət çəkdiyi başqa bir məsələ qadınların zinətləridir. Ayədə işlənən həmçinin “gizlətdikləri zinətləri bilinsin deyə” ifadəsi ilə qadının baş hissəsinin deyil, sinəsinin gizlənməli olduğu başa düşülür.
Lakin bəzi hədis və Quran təfsirlərində yenə mötərizə daxilindəki əlavələrlə və ya sözlərdəki məna dəyişikliyi ilə bu həqiqət fərqli şəkildə göstərilir. Bunları araşdıraq:
Qadınların fitnə vəsiləsi olduğu iddiası
Bu ayədə istifadə olunan “ziynətəhunnə” kəlməsinin gerçək mənası azərbaycanca işlətdiyimiz kimi, zinət, yəni süs deməkdir. Kəlmənin sonundakı “hunnə” əvəzliyi sözün xanımlara xitab etdiyini göstərir.
Bəzi alimlər öz qənaətlərinə görə, qadın vücudu süslü və cəlbedicidir, dolayısilə, ayədə bütün vücud nəzərdə tutulur. Buradan yola çıxaraq iddia edirlər ki, qadınlar bütün vücudlarını örtməlidirlər. Halbuki ayədə qətiyyən belə bir məna yoxdur.
Bəziləri isə yenə Qurandan tam fərqli şərh irəli sürür və iddia edirlər ki, zinətlər dedikdə boyunbağı yeri nəzərdə tutulur, buna görə də zinətlərin taxıldığı yerə baxmaq haramdır. Bir qismi isə daha da irəli gedib iddia edir ki, qadının kəsilmiş saçına və dırnağına baxmaq haramdır. Beləliklə, bəziləri bunu diqqətdə saxlayıb çox qəribə bir məntiq ortaya atırlar ki, bəs bir qisminə baxmaq adamı hamısına baxmağa sürükləyir. (İbn Həcər, Zəvacir)
Diqqət edildikdə görünür ki, bunların hamısı ayə son dərəcə açıq olsa da, “gizlətdikləri zinətləri bilinsin deyə” ifadəsinin fərqli və qəribə izahlarıdır. İzahlar həmişə şərhçinin qadına baxışını büruzə verən şəxsi düşüncələrdən ibarət olur. Qadını örtməyə, passivləşdirməyə və çirkinləşdirib cəmiyyət və insanlardan uzaqlaşdırmağa, həmçinin onu ikinci sinif vətəndaş kimi göstərib (haşa) Allah üçün deyil, kişi üçün yaşamağa layiq varlıq halına gətirməyə çalışan zehniyyətlər ayədəki bir tək zinət sözü ilə qadını tamamilə yox etməyə çalışıblar. Beləliklə, bir çoxları Quran ayələrini yanlış şərh etməklə Qurandan ayrılmış, Quranı anlaşılmaz kitab kimi qələmə vermiş və edilən əlavələr də saxta hədislərlə birlikdə şərh olunanda ortaya Qurandan fərqli din anlayışı çıxmışdır.
Halbuki ayədə işlənən “gizlənən zinətlər” ifadəsinin mənası açıq-aşkardır və gizlənən iki yerə– cinsi orqan və döşlərə xitab edir.
Zinət əşyalarını haram olduğu yanlışlığı
Bəzi insanlar isə ayədə işlənən “zinət” kəlməsinin muncuq, boyunbağı kimi bəzək əşyaları olduğunu iddia edirlər. Belə bir yanaşma tərzi hədislərə əsaslanan izahların yanlış və qəribə olduğunu göstərir. Bu təəccüblü iddiaya görə, kişilər elə bir vəhşi instinktə malikdirlər ki, bir muncuğa baxanda belə özlərini idarə edə bilmirlər. Ona görə də muncuqları tələm-tələsik qadağan edirlər ki, vəhşi varlıq olan “kişi” özünə gələ bilsin!
Bu qorxunc məntiq xurafatçıların müsəlman kişiyə nə cür baxdığını göstərir. Halbuki müsəlman kişi Allahdan qorxan varlıqdır. Haram olan hərəkətləri ətrafda qadağan edildiyi üçün deyil, Allah istəmədiyi üçün etməz. Müsəlman kişi açıq qadın, yaxud bir ovuc muncuq gördüyü üçün özünü itirən, nəzarətdən çıxan və ya heyvani instinktlərlə yaşayan varlıq deyil. Bunu iddia etmək müsəlman kişilərə qarşı təhqirdir.
Bu izahlar xurafatçıların yanlış düşüncələrinin başa düşülməsi baxımından zəruridir. Xurafatçıların izahlarını bir kənara qoyub yalnız Qurana nəzər yetirdikdə isə “zinət” kəlməsinin nə məna daşıdığını açıq şəkildə görə bilərik.
Zinət kəlməsi Quranda necə işlənir?
Xurafatçıların boyunbağı və sırğa kimi bəzək əşyalarını qadağan etmələrinin əksinə olaraq, Allah Quranda buyurur ki, zinət əşyaları iman edənlər üçündür, hətta məscidlərə baxımlı və gözəl geyimdə getmək lazımdır:
Ey Adəm oğulları! Məscidlərə (gedərkən) zinətlərinizi taxın… (Əraf surəsi, 31)
Allah bir ayədə “De: “Allahın Öz qulları üçün üzə çıxartdığı zinəti və təmiz ruziləri kim haram etmişdir?”” (Əraf surəsi, 32) –deyə buyuraraq halal edilən zinətləri belə haram edəcək zehniyyətin ortaya çıxacağını xəbər verir. Ayənin davamında “De: “Bunlar dünya həyatında iman edənlərə, Qiyamət günü isə yalnız möminlərə məxsusdur”” (Əraf surəsi, 32) ifadəsi ilə zinətlərin müsəlmanlara dünyada verilən gözəl nemət olduğu qeyd olunur. Bununla yanaşı, axirətdə yalnız onlara aid olacağı deyilərək bu gözəlliklərə ən çox iman edənlərin layiq olduğu vurğulanır. Allah iman sahiblərinə bu gözəllikləri layiq görmüşkən xurafatçıların müsəlmanlara bunu qadağan etməyə çalışması Qurana nə qədər zidd davrandıqlarının başqa bir dəlilidir.
“Zinət” kəlməsindən süs kimi istifadə edilən başqa bir ayə isə belədir:
Ey Adəm oğulları! Sizə ayıb yerlərinizi örtəcək libas və bəzək-düzək nazil etdik. Təqva libası isə daha xeyirlidir. Bu, Allahın dəlillərindəndir. Bəlkə düşünüb ibrət alasınız. (Əraf surəsi, 26)
“Nur” surəsinin 31-ci ayəsində müəyyən edilən bəzək yerləri
Yuxarıda süs ifadəsindən istifadə edilən həmin ayələrdə Allah zinət əşyalarını nəzərdə tutur. Lakin ətraflı şəkildə açıqlandığı kimi, “Nur” surəsinin 31-ci ayəsində bəhs edilən “zinətlər” kəlməsinin boyunbağı, muncuq və sırğa kimi şeylərlə heç bir əlaqəsi yoxdur. Burada qadınların ailədaxili yaşayışlarından söz edilir və qadınlara necə azadlıq verildiyini göstərir. İndi ayənin zinətlərə aid olan hissəsini kəlmə-kəlmə araşdıraq:
… Zinətlərini ərlərindən, yaxud atalarından, yaxud ərlərinin atalarından, yaxud öz oğullarından, yaxud ərlərinin oğullarından, yaxud qardaşlarından, yaxud qardaşlarının oğullarından, yaxud bacılarının oğullarından, yaxud öz qadınlarından, yaxud sahib olduqları kölələrdən, yaxud ehtirasını itirən kişi xidmətçilərdən, yaxud qadınların çılpaqlığını hələ anlamayan uşaqlardan başqasına göstərməsinlər; gizlətdikləri zinət əşyaları bilinsin deyə ayaqlarını vura-vura yeriməsinlər. Ey iman gətirənlər! Hamınız Allaha tövbə edin ki, bəlkə, nicat tapasınız. (Nur surəsi, 31)
Ayənin bəhsindən görünür ki, burada işlənən “zinət” kəlməsi boyunbağı və ya muncuğa deyil, açıq şəkildə naməhrəm yerlərə işarə edir. Ayədə zinətlərin göstərilə biləcəyi şəxslər sayılmışdır. Bu şəxslərin arasında qadına ehtiyacı olmayan (arzusuz və ya ehtiyacsız) xidmətçilər və qadınların məhrəm yerlərini hələ tanımayan uşaqlar da vardır. Xüsusilə, qadınların məhrəm yerlərini tanımayan uşaqlardan söz edilməsinin özü tək başına “zinət” kəlməsinin məhrəm yerləri olduğunu göstərir.
Quranın üslubu çox mükəmməldir. Buna görə də kəlmələr çox tərtibli və səlisdir. Ətraflı şəkildə araşdırıldıqda bunu o dəqiqə başa düşmək olur. Məhrəm yerləri Qurandakı möhtəşəm nəzakət və ədəbi sənətə uyğun şəkildə təsvir edilmiş və zinət olaraq ifadə edilmişdir.
Bir çox təfsirçilər “Nur” surəsinin 31-ci ayəsindən zorla baş örtüyü mənası çıxarmaq üçün buna dair saxta hədislərə baş vururlar. Həmin saxta hədislər ayə ilə o qədər ziddiyyətlər təşkil edir ki, azacıq diqqət etdikdə bu, o dəqiqə anlaşılır.