Ayələrin ərəbcə mənaları və təfsirlərin doğruluğu ilə əlaqədar vacib məlumatlar

1-Kəlmələrin ərəbcə istifadəsinə diqqət etmək

Xanımlara aid təsəttürün meyarlarının tam müəyyən olunması üçün örtük kəlməsinin ərəbcə necə istifadə olunmasına diqqət edilməlidir. Ümumiyyətlə, ərəbcədə örtük kəlməsi örtüləcək əşya ilə birlikdə vurğulanaraq işlənilir. Məsələn, örtük kəlməsinin yanına masa sözü yazdıqda masa örtüyü olur. Bunun kimi, “örtmək (ximar)” kəlməsinin yanına “baş (rəs)” kəlməsi əlavə olunmaqla “ximaru-rəs”, yəni “baş örtüyü” kəlməsi əmələ gəlir. Əgər Quranda qadınların başlarını örtməyi əmr olunsa idi, “ximaru-rəs” kəlməsindən istifadə olunardı. Lakin Quranda belə bir ifadə yoxdur.

Belə ki, Quranda dəstəmazla bağlı “Maidə” surəsinin 6-cı ayəsində başın məsh edilməsi məsələsində “baş” kəlməsi “rəs” ilə vurğulanmışdır.

Ey iman gətirənlər! Namaza durarkən üzünüzü və dirsəklərə qədər əllərinizi yuyun, başınıza məsh çəkin və topuqlara qədər ayaqlarınıza da… (Maidə surəsi, 6)

Ərəbcə oxunuşu: Ya əyyuha əlləziynə amənu iza qumtum ila əssəlati fə iğsiluu vucuhəkum və əydiyəkum ila əlmərafiqi və imsəhuu bi ruusikum.

Açıq-aydın görünür ki, Quranda Allah qadınlar üçün baş örtüyü əmrini versə idi, bu, Quranda açıq şəkildə müəyyən edilərdi. Lakin qadınların geyimi ilə əlaqəli ayələrə nəzər saldıqda Quranda baş ilə bağlı belə bir vurğunun olmadığını görürük.

2-Quranda kəlmələrin başqa ayələrdəki mənalarına baxmaq

Quranda tərcümə ilə bağlı araşdırma aparan zaman müəyyən sözün ayədəki digər kəlmələrlə necə istifadə olunmasına və başqa ayələrdə bu kəlmənin necə işləndiyinə baxmaq lazımdır. 

“Nur” surəsinin 31-ci ayəsində “ximar” (örtük) kəlməsinin yanında “cuyub” kəlməsi işlədilir və mövzu bu sözlə vurğulanır ki, yuxarıda da bəs etdiyimiz kimi, kəlmənin işləndiyi bütün başqa ayələrdə də bu sözdən sinə üçün istifadə olunur. Dolayısilə, ayəyə əsasən, örtünməli olan yerə baş deyil, sinədir.

3-Ərəbcə sözlərə mötərizədə məna verərkən diqqətli olmaq

Başqa dillərə nisbətən ərəb dilində daha çox söz ehtiyatı vardır və bu dildə cümlələr daha zəngin mənalar ehtiva edə bilir.  Çox az sözlə çox şey demək mümkündür. Bir sözün fərqli  istifadəsi və dolayısilə, fərqli mənaları ola bilər. Elə buna görə də ayədəki məna çox açıq olsa da, bir çox təfsirdə mötərizədə əlavələrdən istifadə olunur və tərcüməçinin şəxsi izahlarına yer verilir.

Burada xatırladaq ki, Quran tərcüməçilərinin çoxu, ümumiyyətlə, hədisləri dinin təməli kimi görən ənənəvi İslam anlayışına malik şəxslərdir. Eyni zamanda bu şəxslərin tərcümələrinə çox etibar edirlər və tərcümələrdəki şəxsi fikirlər  çox vaxt həmin adamların klassik düşüncələrinə və saxta hədislərə əsaslanır. Həmin tərcüməçilər mötərizələrdə (bilərək və ya bilməyərək) saxta hədislərin mənalarına uyğun şəkildə ayənin mənasını dəyişdirməyə meyil göstərirlər.

Məallarda “Nur” surəsinin 31-ci ayəsini araşdırdıqda görürük ki, ayənin heç bir yerində “baş örtüyü” kəlməsi keçməsə də,  təfsirçilər mötərizə daxilində və ya birbaşa mətnin özündə “baş örtüyü” sözündən istifadə etmişdir. Ayədə “baş”, yəni “rəs” kəlməsi qəti şəkildə olmamasına, həmçinin “örtük” kəlməsi sinə kəlməsi ilə birlikdə işlənməsinə, yəni örtülməli olan yer açıq şəkildə göstərilməsinə baxmayaraq,  hər hansısa bir örtük mənasını ifadə edən “ximar” kəlməsi sanki yanında “baş” kəlməsi işlənibmiş kimi “baş örtüyü” kimi tərcümə olunur. Buna görə də ayədəki hökm dəyişdirilmişdir. Bu hökm öz növbəsində ənənə halını almış və qadınların baş örtüyündən istifadə etməli olduqları inancını ortaya çıxarmışdır.

Halbuki təfsirçilər tərəfindən sonradan əlavə edilən bu izah məaldan çıxarılanda açıq-aydın görünür ki, ayə sinənin örtülməsini əmr edir. Ayəni birbaşa belə oxuyan hər kəs yalnız bu məna ilə rastlaşar.