Quranda baş örtüyü yoxdur -2

Saxta hədislərdən qaynaqlanan xətalı tərcümələr

Quranda baş örtüyünün olduğunu müdafiə etmək istəyən bəzi təfsirçilər “Nur” surəsinin 31-ci ayəsini tərcümə edərkən köməkçi izahlardan istifadə ediblər. Buradakı məqsəd ayəni bir azdan haqqında danışacağımız baş örtüyünə dair saxta hədislərə uyğunlaşdırmağa çalışmaqdır (ayəni tənzih edirik). Bu isə “baş örtüklərini çəksinlər” yanlış tərcüməsi ilə həyata keçirilir.

Yanlış təfsir: “baş örtüklərini çəksinlər”

Bəzi məallarda ayənin “baş örtüklərini yaxalarının üstünə çəksinlər” şəklində təfsir edilən hissəsində yuxarıda izahını verdiyimiz kimi, nə “baş örtüyü”, nə də “çəksinlər” ifadəsi keçir.  Buna baxmayaraq, ayəni belə təfsir etmək istəyənlər Qurana zidd düşündükləri üçün ciddi şəkildə təzada düşürlər. Bir çoxu “onsuz da başlarında var olan baş örtüyünü yaxalarının üstünə saldılar” kimi təəccüblü izah verərək iddia edirlər ki, qadınların başlarında ayə nazil olanda  örtük var idi. Dövrün müsəlman qadınlarının başlarında onsuz da örtüyün ola bilməsi üçün bu barədə Quranla gəlmiş olan şərt və hökm lazımdır. Halbuki Quranın heç bir yerində  baş örtüyü ilə bağlı açıqlama keçmir. Dolayısilə, o dövrün qadınlarının dini hökm olaraq başlarını örtmələri mümkün deyil. Buna görə də bəzi təfsirlərdəki “zatən var olan baş örtüyü” izahı ciddi şəkildə məntiq pozuntusudur. İndi də bu məntiq yanlışlığını açıqlayaq:

  1. Bəzi təfsirçilər onsuz da başda var olan örtük iddiasına açıqlama gətirmək üçün “Əhzab” surəsinin 59-cu ayəsində işlənən “cilbab”, yəni çarşab ilə əlaqəli ayənin “Nur” surəsinin 31-ci ayəsindən əvvəl endirildiyini və dolayısilə, müsəlman qadınların başlarında onsuz da örtük olduğunu iddia edirlər. Məntiq boşluğunun biri elə burda ortaya çıxır. Cilbab onsuz da bir azdan ətraflı izah edəcəyimiz kimi, bütün vücudu başdan ayağa örtən bir geyim, yəni çarşabdır. İstifadə etməkdə məqsəd bütün bədəni örtməkdir. “Nur” surəsinin 31-ci ayəsinin qadınların sinələrinin örtmələri barədə hökm olduğunu xatırlasaq, cilbab, yəni çarşabla gəzən qadının sinəsinin açıq olmaq ehtimalının olmadığını, dolayısilə, ayənin bütün vücudunu və başını çarşabla örtən qadınlara xitab etmədiyini başa düşərik. Belə görünür ki, həmin iddianı ortaya atanlar bu əhəmiyyətli və əsas məsələni unudurlar.
  2. Dövrün ərəb cəmiyyətlərində qadınlar çılpaq dolaşırdılar. Ayə bunun üzərinə nazil olmuşdur. Bu ayədən sonra müsəlman qadınlar açıqda olan sinələrini örtməyə başlamışdılar. Ayədə işlənən “cuyub” kəlməsinin sinə mənasını ifadə etdiyini və bu ayədəki həmin cümlənin həqiqi mənasının “örtüklərini sinələrinin üzərinə vursunlar” şəklində olduğunu təkrar xatırladaq.
  3. “Onsuz da var olan baş örtüyü” iddiasını israrla müdafiə edən təfsirçilərə görə, həmin qadınların başları baş örtüyü ilə onsuz da bağlı idi, fəqət bu məntiqə görə, hər necə isə sinələri açıq gəzirdilər! Belə ki, qadınlar başlarını örtməyi düşünmüş, lakin sinələrini unutmuşdular (müsəlmanları tənzih edirik). Başlarını örtməyə ciddi yanaşıb vücudlarını açıqda saxlayırdılar. Həmin təfsirçilərin “onsuz da var olan baş örtüyü” iddiası bu nəticəni ortaya çıxarır. Bu adamlar öz izahları ilə iddia edirlər ki, sinələri açıq, ancaq başları örtülü olan qadınlara öyüd verilirdi ki, başlarındakı örtüyü sinələrinə çəksinlər. Belə bir yanlış məntiq baş örtüyü hökmünü zorla Qurana daxil etməyə çalışmağın vahiməli nəticəsidir.
  4. Bu qəribə izaha görə, başda onsuz da var olan baş örtüyü o qədər uzundur ki, sinəni iki tərəfdən tamamilə örtəcək qədər aşağı enə bilir. Dolayısilə, bu məntiqə görə, çılpaq gəzən dövrün qadınlarının hər birinin başında onsuz da bir baş örtüyü var və o da çarşab kimi uzundur. Odur ki, ayəni yanlışlıqla “baş örtüklərini salsınlar” şəklində təfsir etmək bunu müdafiə edənləri məntiq boşluğuna sürükləyir. Bu vəziyyət mənası olduqca açıq olan bu ayəyə başqa məna verməyə çalışmağın gətirdiyi nəticədir.

Ayəyə baş örtüyü izahı əlavə etmək üçün uydurulan saxta hədislər isə daha böyük məntiq xətaları ehtiva edir. Bu barədə növbəti səhifələrdə məlumat veriləcək.