Quranda baş örtüyü yoxdur -1

“Nur” surəsinin 31-ci ayəsinin açıqlaması – I hissə

Mömin qadınlara de ki, gözlərini haram buyurulmuş şeylərdən çevirsinlər, ayıb yerlərini  qorusunlar; öz-özlüyündə görünən istisna olmaqla, zinətlərini göstərməsinlər; baş örtüklərini yaxalarının üstünə çəksinlər; zinətlərini ərlərindən, yaxud öz atalarından, yaxud ərlərinin atalarından, yaxud öz oğullarından, yaxud ərlərinin oğullarından, yaxud öz qardaşlarından, yaxud qardaşlarının oğullarından, yaxud bacılarının oğullarından, yaxud öz (müsəlman) qadınlarından, yaxud sahib olduqları cariyələrdən, yaxud kişiliyi qalmamış xidmətçilərdən, yaxud qadınların məhrəm yerlərini hələ anlamayan uşaqlardan başqasına göstərməsinlər; gizlətdikləri bəzək şeylərini göstərmək üçün ayaqlarını (yerə) vurmasınlar. Ey möminlər! Hamınız Allaha tövbə edin ki, nicat tapasınız! (Nur surəsi, 31)

Bu ayədə məallarda “baş örtüklərini yaxalarının üstünə çəksinlər” şəklində tərcümə olunan cümlənin ərəbcəsində, əslində, “baş örtüyü” kəlməsi işlənmir. Burada “örtük” kəlməsi işlənir. Ayədəki sözlərin ərəbcə mənalarını araşdıranda bunu açıq şəkildə görürük:

…Baş örtüklərini yaxalarının üstünə çəksinlər… (Nur surəsi, 31)

Vəqul lilmuminati yəğdudnə min ibsarihinnə və yəhfəznə furucəhunnə və la yubdinə zinətəhunnə illa ma zəhəra minha vəl yədribnə bi xumurihinnə əla cuyubihinnə  və la yubdinə zinətəhunnə  illa li buulətihinnə əv abaihinnə əv abai buulətihinnə əv əbnaihinnə əv əbnai buulətihinnə əv ixvanihinnə əv bəni ixvanihinnə əv bəni əxəvatihinnə əv nisaihinnə əv ma mələkət əymanuhunnə əv ittabiinə ğəyri ulil-irbəti minər-ricali əvit tiflil-ləzinə ləm yəzhəru əla əvratin nisai və la yədribnə bi ərculihinnə li yuləmə ma yuxfinə min zinətihinnə və tubu ilallahi cəmiən muminunə ləəlləkum tuflihunə.

وَقُل لِّلْمُؤْمِنَاتِ يَغْضُضْنَ مِنْ أَبْصَارِهِنَّ وَيَحْفَظْنَ فُرُوجَهُنَّ وَلَا يُبْدِينَ زِينَتَهُنَّ إِلَّا مَا ظَهَرَ مِنْهَا وَلْيَضْرِبْنَ بِخُمُرِهِنَّ عَلَى جُيُوبِهِنَّ وَلَا يُبْدِينَ زِينَتَهُنَّ إِلَّا لِبُعُولَتِهِنَّ أَوْ آبَائِهِنَّ أَوْ آبَاء بُعُولَتِهِنَّ أَوْ أَبْنَائِهِنَّ أَوْ أَبْنَاء بُعُولَتِهِنَّ أَوْ إِخْوَانِهِنَّ أَوْ بَنِي إِخْوَانِهِنَّ أَوْ بَنِي أَخَوَاتِهِنَّ أَوْ نِسَائِهِنَّ أَوْ مَا مَلَكَتْ أَيْمَانُهُنَّ أَوِ التَّابِعِينَ غَيْرِ أُوْلِي الْإِرْبَةِ مِنَ الرِّجَالِ أَوِ الطِّفْلِ الَّذِينَ لَمْ يَظْهَرُوا عَلَى عَوْرَاتِ النِّسَاء وَلَا يَضْرِبْنَ بِأَرْجُلِهِنَّ لِيُعْلَمَ مَا يُخْفِينَ مِن زِينَتِهِنَّ وَتُوبُوا إِلَى اللَّهِ جَمِيعًا أَيُّهَا الْمُؤْمِنُونَ لَعَلَّكُمْ تُفْلِحُونَ

 Yədribnə: “darabə” feilindən törəyib “vurmaq”, “döymək”, “buraxmaq”, “örtmək”, “bağlamaq” kimi mənalar ifadə edir.

 Xumurihinnə: “Xamara”dan törəyib. “Xamru” “şərab”, “sərxoşluq verən” mənasındadır. Kəlmə bu ayədə örtük mənasını verir. Ümumiyyətlə, hər cür örtük, pərdə, sipər kimi mənaları var.

 Cuyubihinnə: Cuyub kəlməsinin cəmidir. Döş, yaxa, cib, sinə, bağır, oyuq kimi mənalar daşıyır.

İndi ayənin “baş örtüklərini yaxalarının üstünə çəksinlər” şəklində tərcümə edilən “vəl yədribnə bi xumurihinnə əla cuyubihinnə” hissəsini kəlmə-kəlmə araşdıraq:

“Xumur” / “örtmək” kəlməsinin açıqlaması

Baş örtüyünə dəlil kimi göstərilən “xumur” sözü çox geniş məna ifadə edir və ümumiyyətlə, örtük mənasına gələn “ximar” kəlməsinin cəmidir. Bu kəlmə “örtmək” mənasını daşıyan “xamr” sözünün kökündən törəyib.

Lüğətlərdə “ximar” sözü ümumi mənada örtük kimi tərcümə olunur. Kəlmə hər hansı bir şeyi örtmək mənasını ifadə edir. Dolayısilə, ayədə “baş örtüklərini” şəklində tərcümə olunan sözün həqiqətdə yalnız örtük olduğu və “baş” kəlməsinin ayənin heç bir yerində işlənmədiyi görünür.

“Yədribnə” / “vurmaq” feilinin açıqlaması

Ayədə işlənən bu feil baş örtüyünü Quranın hökmü kimi göstərməyə çalışanlar tərəfindən “endirsinlər, salsınlar” şəklində tərcümə edilir. Bunun səbəbi odur ki, başda onsuz da bir  baş örtüyünün olduğunu sübut etmək üçün “baş örtüyünü sinələrinin üstünə salsınlar” ifadəsindən istifadə edə bilməkdir. Halbuki feilin belə bir mənası yoxdur və ondan belə istifadə olunur:

“Yədribnə” feili “darabə” kökündən əmələ gəlib. “Darabə” vurmaq, döymək, buraxmaq, örtmək və bağlamaq mənalarında işlənir. Ayədəki mənası, yəni “örtüklərini (bi xumurihinnə) sinələrinə (əla cuyubihinnə) vursunlar (liyədribnə)” ifadəsi sinə bölgəsinin örtülməsini bildirir. Quranda “salsınlar, endirsinlər” mənasında “fəlyudninə” kəlməsindən istifadə olunur. Bu feil isə ayənin heç bir yerində işlənmir.

“Cuyub” / “sinə” kəlməsinin açıqlaması

“Cuyub” sözü bizə məlum olan “cib” kəlməsinin cəm formasıdır. (Köynəkdə cib açmaq, cibinə qoymaq, cibindən çıxarmaq kimi mənalarda işlənir). Bundan başqa, döş, yaxa, qoyun, sinə, bağır, oyuq, xırda pul qabı, yarıq, boyun kimi mənaları var. Bu söz Quranda üç yerdə işlənir. “Cuyub” sözündən “Nur” surəsinin 31-ci ayəsində istifadə olunur; kəlmənin tək halı, yəni “ceyb” sözü isə hz.Musa qissəsində bildirilən iki ayədə işlənir. Kəlmədən bu iki ayədə belə istifadə olunur:

Əlini qoynuna (fi ceybikə) sal ki, ləkəsiz, ağappaq çıxsın… (Nəml surəsi, 12)

Əlini qoynuna (fi ceybikə) sal ki, (əlin oradan) ləkəsiz, ağappaq çıxsın… (Qəsəs surəsi, 32)

Göründüyü kimi, yuxarıdakı iki ayədə də “cuyub” kəlməsi hz.Musanın sinəsi və ya qoynu mənasında işlənmişdir. Bütün bunlar onu göstərir ki, “cuyub” kəlməsi “ximar”, yəni örtmək sözü ilə birlikdə istifadə olunanda sinənin örtünməsi mənasına gəlir. Başı örtmək deyə bir söz ayənin heç bir yerində yoxdur.