Şeytan daşlamaq ayini ilə həcc ibadətinin heç bir əlaqəsi yoxdur. Çoxlu adamın xəsarət aldığı və ya öldüyü yer həcc ibadətinə sonradan əlavə olunmuşdur. Bu əməlin fərz olduğu deyilməsə də, vacib hökmündə olduğu bildirilmiş, hansı gün və nə qədər daş atılacağı kimi uydurma detallar əlavə edilmişdir.
İnsanlar belə uydurmalardan vaz keçsələr, həmçinin həccin dörd aya şamil edilməsini, Səfa ilə Mərvənin arasında yol qət etməyi bir kənara qoyub Qurandakı həcc ibadətinə geri dönsələr, həcc insanları öldürən, pərişan edən ibadət olmaz. Quranda şeytan daşlamağın olmadığını deyib Quranı yetərli görməyənlər hələ də həcdə şeytan daşlayanda yaranan izdihamdan dolayı ölənlərdən dərs almayıblar.
Quranda həcc ibadətinin bütün detalları göstərilib: “Bəqərə” surəsinin 189-cu ayəsində həcc vaxtının ayın hərəkətlərinə görə müəyyən olunduğu bildirilir. Həmin surənin 158-ci ayəsində açıqlama olaraq xəbər verilir ki, həcc vaxtı Səfa və Mərvə təpələrini ziyarət etmək yanlış əməl deyil. Təpələri ziyarət etməyi, qurban kəsməyi, cinsi əlaqəyə girməməyi, hətta savaşmamağı belə açıqlayan Quran niyə şeytan daşlamaqdan bəhs etmir? Yəni bu qədər detallar açıqlanırsa, şeytan daşlamaq fərz və ya vacib olsa idi, mütləq bu ayindən də bəhs edilərdi.
Allah həcc vaxtının bilinən aylarda olduğunu buyursa da, (haram aylardan bəhs edilir) onu görməzlikdən gəlib Peyğəmbərimizin həyatında bir dəfə getdiyi həcc günündən başqa günün qəbul edilməyəcəyini deyərək bu müqəddəs vəzifənin önünə sədd çəkiblər. Dünyadakı bütün müsəlmanları əbəs yerə bir günə sığdıran əməl Quranda yoxdursa, artıq hər kəs bunun fərqinə varmalıdır.