Bütün peyğəmbərlər İslam peyğəmbəridir və namaz indi olduğu kimi, Qurandan öncəki ümmətlərə də fərz edilmişdi. Bunun nümunələrini aşağıdakı ayələrlə göstərmək olar:
Hz.İbrahim dövründəki namaz:
Ey Rəbbimiz! Onlar namaz qılsınlar deyə (belə etdim). (İbrahim surəsi, 37)
Ey Rəbbim! Məni də, nəslimdən olanları da namaz qılan et! Ey Rəbbimiz! Duamı qəbul elə! (İbrahim surəsi, 40)
Hz.İsmayıl dövründə namaz:
Kitabda İsmaili də xatırla! Həqiqətən, o öz vədinə sadiq idi. O bir elçi və peyğəmbər idi. O öz ailəsinə namaz qılmağı, zəkat verməyi əmr edirdi. O, Rəbbinin rizasını qazanmışdı. (Məryəm surəsi, 54-55)
Hz.İshaq və hz.Yaqub dövründə namaz:
Biz ona İshaqı və bir də Yaqubu bağışlayıb hamısını əməlisaleh insanlar etdik. Biz Öz hökmümüzlə onları doğru yolu göstərən rəhbərlər etdik. Onlara xeyirli işlər görməyi, namaz qılmağı və zəkat verməyi vəhy etdik. Onlar yalnız Bizə ibadət edirdilər. (Ənbiya surəsi, 72-73)
Hz.Loğman dövründə namaz:
Oğlum! Namaz qıl, yaxşı işlər görməyi əmr et, pis işləri qadağan elə. Başına gələn çətinliklərə səbr et. Həqiqətən, bu, əzm (tələb edən) əməllərdəndir. (Loğman surəsi, 17)
Hz.Şüeyb dövründə namaz:
Onlar dedilər: “Ey Şueyb! Atalarımızın ibadət etdikləri (tanrılardan), yaxud mallarımızı istədiyimiz kimi istifadə etməkdən vaz keçməyimizi sənə namazınmı əmr edir? Doğrudan da, sən yumşaq xasiyyətlisən, ağıllısan”. (Hud surəsi, 87)
Hz.Musa dövründə namaz:
Biz Musaya və onun qardaşına: “Camaatınız üçün Misirdə evlər tikin, evlərinizi namazgah edin və namaz qılın. Möminləri müjdələ!” (– deyə) vəhy etdik. (Yunis surəsi, 87)
Hz.İsa dövründə namaz:
(İsa) dedi: “Həqiqətən də, mən Allahın quluyam! O mənə kitab verdi və məni peyğəmbər etdi. Harada oluramsa olum, məni mübarək etdi və nə qədər ki sağam, mənə namaz qılıb zəkat verməyi əmr etdi. (Məryəm surəsi, 30-31)
Ayələrdən göründüyü kimi, namaz ilk dəfə hz.Muhəmməd dövründə fərz olan ibadət olmayıb. Namaz Qurandan öncəki ümmətlərə də fərz edilmişdir.