“Həşr” surəsinin 7-ci ayəsi elçiyə hökm izni vermir

Quran düşmənləri rəvayət mədəniyyətlərinə əsas vermək üçün həmişə saxtakarlığa əl atıb insanları aldatmağa çalışırlar. Bunu edərkən ya ayələri yarımçıq göstərib düşüncələrinə dəlil kimi təqdim edirlər, yaxud da onları yanlış şərh edirlər.

Quranın İslamın yeganə qaynağı olduğuna dair ayələrin mövcudluğuna baxmayaraq, onu yetərli görməyib rəvayətləri din halına gətirən xurafatçılar bəzi ayələri özlərini təsdiq edirmiş kimi göstərirlər. Bu çirkin iftirada müəyyən arqumentlərdən istifadə edirlər. Belə ki, onların önə sürdüyü ayələrdən biri “Həşr” surəsinin 7-ci ayəsidir. Ənənəvi ortodoks İslam anlayışını daşıyanların demək olar ki, hamısı bu ayənin yalnız bir cümləsini tələffüz edirlər. Bu, Allah adından yalan uydurmaqdır. Çünki ayə onların düşündüyü kimi Qurandan başqa hökm qaynağının olduğuna əsla dəlil deyil. Çünki ayədə savaşmadan əldə edilən mal-mülkün paylanmasından bəhs edilir. Xurafatçılar bu ayənin yalnız “Peyğəmbər sizə nə verirsə, onu götürün, nəyi də qadağan edirsə, ondan çəkinin” hissəsindən istifadə edirlər. Halbuki ayənin tamamı oxunduqda onun Rəsulullaha hökm səlahiyyəti vermədiyi görünür. Hər söhbətdə bunu dilə gətirən bəzi Quran düşmənləri ayənin hamısını bildikləri halda bütün ayəni qətiyyən oxumazlar.

Allahın Öz Peyğəmbərinə kəndlərin əhalisindən verdiyi qənimətlər Allaha, Peyğəmbərə, qohum-əqrəbaya, yetimlərə, yoxsullara və müsafirlərə məxsus edilmişdir ki, o, aranızdakı zənginlərin dövləti olub qalmasın. Peyğəmbər sizə nə verirsə, onu götürün, nəyi də qadağan edirsə, ondan çəkinin. Allahdan qorxun. Həqiqətən, Allah şiddətli cəza verəndir. (Həşr surəsi, 7)

Göründüyü kimi, ayə onların düşündüyü şəkildə deyil. Burada Allah paylanan mal-mülkə görə etiraz edən möminlərə öyüd-nəsihət verir və buyurur ki, Peyğəmbərin verdiyini alsınlar, qadağan etdiyi şeydə də israr etməsinlər. Quran Allahın haqq kitabıdır. Onda yanlışlıq və əskiklik ola bilməz. Qurandan xaric çıxarılan hökmlərin heç bir əsası yoxdur və Allah qatında keçərli deyil. Quran Allahın sözüdür. Qurana güvənin, Allah daima doğru olanı buyurur.