Sizə salam verildiyi zaman onu daha gözəl alın və ya (eynilə) qaytarın! Şübhəsiz, Allah hər şeyi hesaba alandır. (Nisa surəsi, 86)
Rəbbimiz Quranı bütün insanlara endirmişdir. Quran dünya tarixinin hər dövrünə və hər cəmiyyətinə xitab edir. Dünyanın hər yerində insan münasibətləri baxımından salamlaşmaq çox əhəmiyyətlidir. Cəmiyyətlər və insanlar arasında əmin-amanlıq diləyi olan “salam” kəlməsi müsəlmanlar üçün də çox önəmlidir. Allah insanların bir-birinə yaxşı şeylər arzulamağını nəsihət etmişdir. Bununla əlaqədar “Nisa” surəsinin 86-cı ayəsində salamlaşmağı buyurmuş və salam verənə qarşı necə davranacağımızı bildirmişdir. Buna görə də biri bizə salam verəndə eynisi və ya daha yaxşısı ilə qarşılıq vermək lazımdır. Müsəlmanlar bir-biri ilə salamlaşanda ancaq “salam” sözündən istifadə edir və buna diqqətli yanaşırlar. Lakin ayədə bildirildiyi kimi, möminlərin vəzifəsi hər cür salamlaşmaq ifadəsinə qarşı mütləq eynisi və ya daha yaxşısı ilə cavab verməkdir. Salamlaşmağı ən gözəl ifadə edən söz, şübhəsiz ki, “salam”dır. “Salam” sözü əmin-amanlığı və güvənlikdə olmağı ifadə edir. Ancaq “salam” sözündən başqa cür salam aldıqda ayəyə əsasən, eynilə qarşılıq vermək lazımdır. “Xoş gördük”, “hər vaxtınız xeyir”, “salamat qalın” və s. kimi salam ifadələri də ayənin məzmununa daxildir və buna görə davranmaq lazımdır.