Ənənəvi dini anlayışa malik olan çevrələr Quranın ortaya qoyduğu dini anlayışdan tamamilə fərqli olan, Quranı yetərli görməyən və dinin tam mənası ilə açıqlanması üçün İlahi kitabla yanaşı Peyğəmbərimizə aid olduğu iddia edilən və sayı milyonlara çatan rəvayətləri dinə əlavə etmişlər.
Bu rəvayətləri öz düşüncələri əsasında seçən məzhəb imamları və onların irəli sürdüyü din anlayışı, haşa, Allahın vəhyinə bərabər tutularaq dinin özü halına gətirilmişdir. Bu yanaşma, əlbəttə, Qurana və onun hökmlərinə tamamilə müxalif yanaşmadır. Çünki dinin yeganə qaynağı Qurandır. İndi isə Quran ayələrindən sitat gətirməklə dinin yeganə qaynağının Quran olduğunu göstərək:
Din adından Quran yetərlidir: Nəhl surəsi 89; Ənkəbut surəsi, 51
Hökm yalnız Allaha məxsusdur: Yusif surəsi, 40; Kəhf surəsi, 26-27
Quranın nazil olmasının tamamlanması ilə din də tamamlanmışdır: Ənam surəsi, 115
Quranın eniş səbəbi: (Bu,) insanları öz Rəbbinin izni ilə qaranlıqdan nura – qüdrətli, tərifəlayiq (Allahın) yoluna çıxartmaq üçün sənə nazil etdiyimiz bir kitabdır. (İbrahim surəsi, 1)
Quran dinə dair bütün məlumatları özündə ehtiva edir: Ənam surəsi, 114; Yasin surəsi, 69
Quran din adından hökm verənlərdən dəlil istəyir: Saffat surəsi, 154-157; Qələm surəsi, 36-37
Quran hər peyğəmbərə Allahın endirdiyi ilə hökm etməyi əmr etmişdir: Onların arasında Allahın nazil etdiyi kitabla hökm et. (Maidə surəsi, 49)
Qurana tabe olan şəxs Peyğəmbərə də tabe olmuş olur. Peyğəmbərimiz yalnız Qurana tabe olmuşdur: Ənbiya surəsi, 45; Rəd surəsi, 30; Ənam surəsi 19; Yunis surəsi, 15
Quranda bütün təfərrüatlar vardır və ayələr Allah tərəfindən açıqlanmışdır: Nur surəsi, 34; İsra surəsi, 41; İsra surəsi, 89; Ənam surəsi, 65; Əraf surəsi, 52; Hud surəsi,1
Dinin əmr və qadağaları yalnız Qurandadır. Din yalnız Qurandan öyrənilir. Bunu edərkən daha öncə din adına öyrənilən məlumatları bir kənara qoymaq və Qurana təmiz beyinlə yaxınlaşmaq lazımdır. Əks təqdirdə, bir çox müsəlman qardaşımızın etdiyi xətaya düşmək qaçılmaz olacaq. Bundan başqa, din zənn edib beynimizdə formalaşdırdığımız bir çox bilgilər Quranda olmadığı üçün bəziləri Quranı kafi görməyəcəklər.
Quranı dini baxımdan tək qaynaq qəbul edənlərin Peyğəmbərimizi əhəmiyyətsiz görməsi mümkün deyil. Bu, möminə yaraşmaz. Lakin bizim dərdimiz Peyğəmbərimizin adından ortaya atılmış uydurma rəvayətlərdən dinimizi qurtarmaq və yalnız Qurana tabe olmaqdır. Peyğəmbərimizə və bütün möminlərə əmr edilən Quranı anlayıb həyata keçirmək Allah və Rəsuluna ən böyük sevgi göstəricisidir. Ancaq o zaman dini yalnız Allaha xas edib Peyğəmbərimizin gerçək sünnəsini yaşayarıq.