Hədislərin səhihliyi Quran əsasında anlaşılır

Peyğəmbərimizdən (səv) nəql edildiyi iddia edilən sözlər (hədislər) Peyğəmbərimizin şəhadətindən bir neçə əsr sonra qələmə alınmışdır. “Kutubi-Sittə”ni yazanlardan Buxari hicri 256-cı ildə, Müslim 261-ci ildə, Tirmizi 279-cu ildə, Əbu Davud 275-ci ildə, Nəsai 303-cü ildə, İbni Macə 273-cü ildə vəfat etmişdir. Bundan başqa, Qulani hicri 329-cu ildə, Babuvay 381-ci ildə, Cəfər Muhəmməd Tusi 411-ci ildə, Əl-Mürtəza 436-cı ildə vəfat etmişdir. Tarixi qaynaqlardan və bizə çatan hədislərdən Peyğəmbərimizə və dörd xəlifə dövrünə aid heç bir yazılı hədisin olmadığı bilinir. Xəlifə Hişam, əz-Zöhri hədislərini ilk toplayan şəxs kimi qəbul edilir. Bu da Peyğəmbərimizin şəhadətindən 2-3 əsr sonraya təvafüq edir.

Hədis nəqli və ya yazılması Peyğəmbərimizin dövründə qadağan edilmişdi. Daha sonra Peyğəmbərin izn verdiyini deyənlər, xahiş olunur, dörd xəlifə dövründə hədis nəqli və yazılması mövzusunda çıxarılan qadağaları yaxşı araşdırsınlar. Peyğəmbərimizin dövründə və dörd xəlifə zamanı yazılan və dövrümüzə qədər gələn heç bir hədis kitabı yoxdur. Hədislərin toplanmağa başlanması dinin məzhəblərə bölünməsi ilə başlamışdır. Yəni Peyğəmbərimizin vəfatından əsrlər sonra.

Dövrümüzdə bəzi çevrələr Buxarinin bir hədisini inkar edənin dindən çıxdığını deyəcək qədər irəli gedirlər. Görəsən, bunu deyənlərin onun hədisləri necə topladığından xəbəri varmı?

Baxın, Buxari 600 000 hədisdən seçməklə kitabına 2762 hədis yazmış, digərlərini xürafə adlandırıb qeydə almamışdır. Bu gün isə hədislərin sayı milyonları keçir. Çox təəssüf ki, bu hədislərin içində Qurana tamamilə zidd olan minlərlə hədis mövcuddur.

Peyğəmbərimiz eyni mövzuda biri-birinə zidd hökmlər verərmi? Baxın, Quran nə deyir:

Əgər o, bəzi sözləri özündən uydurub Bizə aid etsəydi, Biz onun sağ əlindən yaxalayar, sonra da şah damarını kəsərdik. İçərinizdən heç kəs buna mane ola bilməzdi. (Haqqə surəsi, 44-47)