yalnız Quran hökmləri

Allah dinə dair bütün hökmləri Quranda bildirmişdir. Qurana uyğun gəlməyən hər düşüncə və əməl yanlışdır. Öz istək və həvəslərinə, həmçinin cəmiyyətin batil ənənələrinə və ya atalarının haqqa əsaslanmayan adətlərinə görə din adından FƏTVA verənlər Quranda qınanmışdır.

Allahın hökmlərini görməzlikdən gələn və cəmiyyətin əksəriyyətini təşkil edən din əxlaqından uzaq insanlara tabe olanların səhvlərindən biri çoxluğun həmişə doğrunu təmsil etdiyini düşünməsidir. Halbuki Allah insanların bir çoxunun doğru yolda olmayacağını Quranda bildirir.

Allah Quranda: “Əgər sən yer üzündə olanların əksəriyyətinə itaət etsən, onlar səni Allah yolundan azdırarlar. Onlar ancaq zənnə qapılır və ancaq yalan uydururlar” (Ənam surəsi, 116) -şəklində buyurur.

Çoxluğun aldığı qərarlara inanıb Allahın əmrlərini tərk etmək insanlara dünya və axirətdə böyük zərər verər. Bu insanlar Allahın “Onlar özlərini ziyana uğratdılar. Uydurduqları  isə onlardan uzaqlaşıb qeyb olacaqlar” (Əraf surəsi, 53) ayəsi ilə bildirdiyi kimi, yalnız qalmışlar. Allahın endirdiyini öz uydurduğu ilə dəyişənlərin axirətdə hüsrana uğrayacağı ayələrdə belə bildirilir:

Allaha qarşı yalan uyduran kəsdən daha zalım kim ola bilər? Onlar Rəbbinin hüzuruna gətiriləcək və şahidlər: “Bunlar Rəbbinə iftira yaxanlardır”, -deyəcəklər. Allahın lənəti olsun zalımlara! (Hud surəsi, 18)

Yəni çoxluğun aldığı qərarlar Qurana uyğun deyilsə, heç bir şəkildə doğru ola bilməz. Minlərlə, yüz minlərlə, hətta milyonlarla insan eyni şeyi etsə də, bu, o əməlin doğru olduğunu sübut etməz.

İman edənlər üçün din adından yeganə yolgöstərici Allahın sözü Qurandır. Quranda inananların: “De: “Allah hər şeyin Rəbbi olduğu halda, mən Ondan başqa tanrımı axtaracağam?” (Ənam surəsi, 164) -dediyi xəbər verilir.

Möminlər yalnız Qurana görə hərəkət edərlər. Necə ki, Allah Quranda inananlara belə əmr edir:

Bu, Bizim nazil etdiyimiz mübarək bir Kitabdır. Ona tabe olun və qorxun ki, bəlkə sizə rəhm oluna. (Ənam surəsi, 155)