Quranda şəfaət varmı?

“Şəfi” kökündən olan “şəfaət” sözünün mənası bir şeyi digərinə yapışdırmaqdır. Digər bir mənası isə birisini dəstəkləmək, kömək etməkdə vasitəçi olmaq, arxa durmaqdır. Bu söz ən çox möhtərəm bir şəxsin özündən aşağı mövqedə olan birisini qorumaq məqsədilə dəstəkləməsi, yardımçı olması və ona arxa durması mənasında işlədilir.

“Şəfaət” sözünün mənasını tam anlamaq üçün Qurana baxmaq lazımdır.

Şəfaət yalnız Allaha məxsusdur, Ondan başqa şəfaətçi yoxdur və öncəliklə, bunu öyrənmək gərəkir:

Yoxsa onlar Allahdan qeyrilərinimi özlərinə şəfaətçi etdilər? De: “Əgər onlar heç bir şeyə malik deyillərsə və heç bir şey anlamırlarsa, bəs necə olsun?” De: “ŞƏFAƏT BÜTÜNLÜKLƏ ALLAHA MƏXSUSDUR. Göylərin və yerin hökmranlığı da Ona məxsusdur. Sonra siz Ona qaytarılacaqsınız”. (Zümər surəsi, 43-44)

Sizin Ondan başqa nə bir haminiz, nə də bir şəfaətçiniz vardır. (Səcdə surəsi, 4)

Buna baxmayaraq, xalq arasında işlənən “şəfaət” anlayışı Qurana tamamilə ziddir. Peyğəmbərlərin axirət günündə insanlara şəfaətçi olması, onların günahlarını bağışladacağı kimi düşüncələr çox yanlışdır.

“Zümər” surəsinin 19-cu ayəsində belə buyurulur:

Haqqında əzab sözü gerçəkləşmiş kimsəni və Cəhənnəmdə olacaq kəsi sənmi xilas edəcəksən?

Haşa, Rəsulullahın (səv)  Allaha ortaq olması, yaxud ondan kənar müstəqil gücə sahib olması mümkün deyil. Bu ayələrdən biri belədir:

Dinlərini oyun və əyləncə sayanları və dünya həyatının aldatdığı şəxsləri tərk et. Bununla xatırlat ki, heç kəs qazandıqlarına görə özünü məhvə məhkum etməsin. Allahdan başqa onun nə bir hamisi, nə də bir havadarı olacaqdır. O, nə cür fidyə versə də, ondan qəbul olunmayacaq. (Ənam surəsi, 70)

Quranda açıq bildirildiyi kimi, o gün heç kim bir-birinə kömək edə bilməyəcək və hər kəs öz əməllərinə görə qarşılıq alacaq. Heç kim də başqasının günahını yüklənməyəcək; o gün günahkarlara onların ticarəti, ortağı yardım edə bilməyəcək və onlara şəfaət də olunmayacaq. Allah yalnız özündən razı qaldığı şəxsə şəfaət edər.

Göyləri, yeri və onların arasındakıları altı gündə yaradan, sonra da ərşə ucalan Allahdır. Sizin Ondan başqa nə bir haminiz, nə də bir şəfaətçiniz vardır. Məgər düşünərək ibrət götürməyəcəksiniz? (Səcdə surəsi, 4)

O gün insanlar heç bir yana meyil etmədən carçının arxasınca yeriyəcəklər. Ər-Rəhmanın qarşısında səslər kəsiləcək və sən yalnız pıçıltı eşidəcəksən. O gün ər-Rəhmanın izn verdiyi və söz deməsinə razı olduğu şəxslərdən başqa heç kimin şəfaəti fayda verməyəcəkdir. Allah onların gələcəyini də, keçmişini də bilir. Onların elmi isə Onu ehtiva edə bilməz! (O gün) üzlər (əbədi) yaşayan, (yaradılanların) Qəyyumu (olan Allah) qarşısında zəlil bir görkəm alacaq. Günaha batanlar isə ziyana uğrayacaqlar. Mömin olub yaxşı işlər görən şəxslər isə haqsızlıqdan və naqislikdən qorxmazlar. (Taha surəsi, 108-112)

Onun qarşısında, izin verdiyi kəslərdən başqa, heç kimin şəfaəti fayda verməz. Nəhayət,  qəlbindən qorxu keçib getdikdə onlar: “Rəbbiniz nə buyurdu?”– deyə soruşarlar, digərləri isə: “Haqqı (buyurdu)! O, ucadır, böyükdür!” -deyə cavab verərlər. (Səba surəsi, 23)

Dünyada razı salmağa çalışdıqları, müdafiə etdikləri və Quranın deyil, öz “şəfaətçi”lərinin sözünü dinləyənlər axirətdə ziyana uğrayacaqlar. “Şəfaətçi” sandığı ortaqları da onları oddan qurtara bilməyəcək. Allah bu vəziyyəti Quranda belə bildirir:

O gün heç kəs heç kəsə fayda verə bilməz və həmin gün hakimiyyət Allaha məxsus olacaqdır! (İnfitar surəsi, 19)