Quranı tək qaynaq qəbul etməyib rəvayət və adətləri dinə çevirən düşüncə sistemi qadını cəmiyyətdən uzaq tutmaq üçün bir çox xürafələr uydurmuşdur. Bunlardan biri olan guya qadın səsinin haram olması Qurana tamamilə ziddir. Quranda bir çox müsəlman xanımla elçilər arasında keçən dialoqlardan bəhs edilir. Buna misal olaraq Səba məlikəsi Bəlqislə Süleyman peyğəmbərin arasında keçən dialoq və Musa peyğəmbərlə quyu başında qarşılaşan iki xanımın dialoqu nümunə verilə bilər.
Allah “Loğman” surəsinin 19-cu ayəsində səs tonumuzun necə olacağına qədər detallı məlumat verdiyi halda, qadın səsinin haram olduğuna dair heç bir hökm verməmişdir. Beləliklə, Qurandan aydın olduğu üzrə, xanımların səsi qətiyyən haram deyil.