Quranda peyğəmbərlərin Allahın göndərdiyi dəlillərə tabe olduqları və ondan başqa bir şey söyləmədikləri, doğru hökmü isə yalnız Allahın verdiyi açıq şəkildə bildirilir.
De: “Mən Rəbbimdən açıq-aydın bir dəlilə əsaslanıram. Siz isə onu təkzib etdiniz. Sizin səbirsizliklə can atdığınız məndə deyildir. Hökm yalnız Allaha məxsusdur. (Allah) haqqı söyləyir və O, ayırd edənlərin ən yaxşısıdır”. (Ənam surəsi, 57)
Ayədən də göründüyü kimi, Quran ayələri açıq-aydın dəlillərdir.
Bu qədər açıq Quran hökmlərinə baxmayaraq, “Nəhl” surəsinin 44-cü və 64-cü ayələrində Quranı hədis və sünnənin açıqladığına işarə olduğunu deyənlərin yanlış etdiyinə Qurandan baxaq. Bunun üçün bu ayələrdəki “litubəyyinə” ifadəsinin mənasına baxmalıyıq.
“Litubəyyinə” ifadəsinin mənası:
J.Penrice-nin “Quran lüğət”ində bu ifadə “açıq olmaq, aşkar olmaq” mənasında işlədilir.
F.Steingass-ın hazırladığı lüğətdə: “açıq olmaq”
Al Mawrid-in lüğətində: “ortaya çıxarmaq”
Al Asri-də “göstərmək”
Hans Wehr-də isə “açıq olmaq, görünən olmaq, eşitdirmək” mənalarında işlədilir.
Bundan başqa, ifadənin tam olaraq hansı mənanı verdiyini bilmək üçün Quranda ümumən necə işlədildiyinə baxmaq yetərlidir.
“Litubəyyinə” ifadəsinin Quranda işləndiyi mənaları:
Bu ifadə “Ali-imran” (187) və “Maidə” surələrində (15) “bir şeyi gizlətmək” ifadəsinin antonimi kimi işlədilmişdir.
O zaman Allah kitab verilənlərlə əhd bağlayıb: “Siz o (kitabı) mütləq insanlara aydınlaşdıracaqsınız və onu gizlətməyəcəksiniz!”– deyə buyurdu. Onlar isə bu əhdi qulaqardına vurub onu ucuz qiymətə satdılar. Onların bu alveri necə də pisdir! (Ali-imran surəsi, 187)
Ey kitab əhli! Artıq sizə kitabdan gizlətdiyiniz şeylərin bir çoxunu bəyan edən və bir çoxunun da üstündən keçən Elçimiz gəlmişdir. Artıq sizə Allahdan bir nur və açıq-aydın bir kitab gəldi. (Maidə surəsi, 15)
Bir də “Bəqərə” surəsindəki ifadəsinə baxaq:
Dində məcburiyyət yoxdur. Artıq doğru yol azğınlıqdan AYDIN (təbəyyənə) fərqlənir. (Bəqərə surəsi, 256)
Göründüyü kimi, “Nəhl” surəsinin 44-cü və 64-cü ayələrində keçən “litubəyyinə” ifadəsi Quranda “açıq, gizli olmayan, gizlədilənin əksi” kimi işlənmişdir.
“Ənam” surəsinin 19-cu ayəsində Allah Peyğəmbərə belə söyləməsini buyurur:
“Bu Quran mənə vəhy olundu ki, onunla sizi və onun çatacağı hər kəsi XƏBƏRDAR EDİM”.
Və de: “Şübhəsiz ki, mən açıq-aşkar bir xəbərdar edənəm!” (Hicr surəsi, 89)
RƏBBİNİZDƏN SİZƏ NAZİL EDİLƏNƏ TABE OLUN. Onu qoyub başqa dostlara uymayın. Siz necə də az öyüd-nəsihət dinləyirsiniz. (Əraf surəsi, 3)
Mən yalnız mənə vəhy olunana tabe oluram. (Ənam surəsi, 50)
(Biz) MÜJDƏ VERƏN və QORXUDAN elçilər (göndərdik) ki, insanların elçilərdən sonra Allaha qarşı bir bəhanəsi olmasın. Allah qüdrətlidir, müdrikdir. (Nisa surəsi, 165)
Biz elçiləri YALNIZ MÜJDƏ VERƏNLƏR VƏ XƏBƏRDARLIQ EDƏNLƏR kimi göndəririk. Kafirlər isə batil (dəlilləri) ilə haqqı aradan qaldırmaq üçün mübahisə edirlər. Onlar Mənim ayələrimə və xəbərdar olunduqları şeylərə istehza edirlər. (Kəhf surəsi, 56)
Beləliklə, Allah peyğəmbəri niyə göndərdiyini Quran ayələrində açıq-aydın bildirmişdir. Burdan da aydın olur ki, Peyğəmbər sadəcə Allahın endirdiyi kitabın hökmlərini açıqlaması, onunla hökm etməsi və insanları xəbərdar etmək üçün göndərilmişdir.