Qurandan kənar yaşanan dinin iyrənclikləri

“Üreynə və Üqeylə qəbilələrindən bir qrup Mədinəyə gələrək müsəlman oldular. Mədinənin havası onlara pis təsir etdikdə Peyğəmbər onlara dəvə sidiyi içməyi tövsiyə etdi”. (Buxari, Tibb 5/1, Hənbəl 3/107, 163)

“Sizdən birinizin içdiyi suya və ya yediyi yeməyə milçək düşəndə onun hər tərəfini batırıb çıxarsın. Çünki milçəyin qanadının birində xəstəlik, digərində şəfa vardır…” (Dəyanət nəşrləri, cild 9, səh. 70 və d. hədis N:1365)

İbni Abbas (rə) rəvayət edir: “Rəsulullah (səv) buyurdu: “Biriniz yemək yeyəndə yalamadıqca və ya yalatmadıqca əlini silməsin”. (Buxari, Ətimə 52; Müslim, Əşribə 129, 2031; Əbu Davud, Ətimə 52, 3847)

Rəsulullaha (səv) yağa düşən siçan haqqında soruşdular. O: “Onu və kənarını təmizləyib yağı yeyin”, -buyurdu. (Buxari, Vüdu 67, Zəbaih 34; Müvətta, İstizan 20, (2, 971, 972); Əbu Davud, Ətimə 48, 3841, 3843)

Burda yalnız bir neçə nümunəsi verilən saxta hədislər Qurandan kənar qaynaqlara inanan zehniyyətin insanlara nə qədər rəzil və pis həyat təqdim etdiyinin əhəmiyyətli dəlillərindəndir. Belə bir iyrəncliyə Allah əsla izn verməmişdir. Qurana görə müsəlmanlar təmiz olmaqla, evlərini təmiz saxlamaqla, təmiz geyinməklə və təmiz qidalar yeməklə məsuldurlar. Quranda təmizliklə əlaqədar bir neçə ayə belədir:

Geyimini təmiz saxla! Pis şeyləri tərk et! (Müddəssir surəsi, 4-5)

Səndən hansı şeylərin halal edildiyini soruşurlar. De: “Bütün pak nemətlər sizə halal buyurulmuşdur”. (Maidə surəsi, 4)

Ey insanlar! Yerdə olan halal və təmiz ruzilərdən yeyin. (Bəqərə surəsi, 168)

Qurandan kənar həyat sürən, Allahın endirdiyindən xaric din gətirənlərin tərifi isə Quranda belə verilir:

Ey iman gətirənlər! Həqiqətən də, müşriklər murdardırlar. (Tövbə surəsi, 28)

Allah anlamayanları kəsafətə düçar edər. (Yunis surəsi, 100)

Göründüyü kimi, Allah ayələrdə ağıllı davranmayan cəmiyyətdən bəhs edir. Əllərində Quran olsa da, başqa din uydurub bunun saxta olduğunu bildiyinə baxmayaraq, ağıllı davranmayıb bu xürafələrə inanan cəmiyyətlərə Allah iyrənc bir pislik verir.

Əlbəttə, bunların arasında cahillik üzündən istəmədən bu həyatı yaşayanlar da var ki, bunlar əksəriyyət təşkil edir. Onları söz mövzusu Qurandan kənar yaşayan topluluqdan ayrı tutmaq lazımdır. Onların doğrunu bilməsi üçün Quranla ÖYÜD VERMƏYƏ (Qaf surəsi, 45), yəni Qurandakı dəlilləri ehtiva edən maarifləndirməyə ehtiyac vardır.