Allahın kəlamı olan Quranın yalnız Ərəbistan yarımadasına endirildiyinə və buna görə yalnız ərəblərin məsuliyyət daşıdığına dair iddialar mövcuddur. “Şura” surəsinin 7-ci və “Ənam” surəsinin 92-ci ayələrini dəlil kimi göstərənlərin məntiqsiz şəkildə irəli sürdüyü iddialara Qurandan cavab verək.
Bu ayələrin ənənəvi tərcümələrindən sanki Quranın yalnız Məkkə və ətrafına endirildiyi mənaları çıxır və bu da çox böyük yanlışlara səbəb olur. Bu iki ayəni orijinalından sözbəsöz təhlil etdiyimizdə görürük ki, mətndə əsla olmadığı halda, Məkkə şəhəri ifadəsini tərcüməyə daxil edərək bütün toplumlara xitab edən Quranı dar bir coğrafiyaya sığdırmağa çalışıblar…
1) Əvvəla “Şura” surəsinin 7-ci ayəsinə baxaq:
Klassik ənənəvi tərcümələrdə ayədə keçən “UMMƏ ƏL QURA” ifadəsi çox səhv şəkildə Məkkə şəhəri və ətrafı olaraq göstərilmiş və ayənin aşağıdakı formada mənası daraldılmışdır. Bu səhv tərcümələrdə, ümumiyyətlə, belə deyilir:
Şəhərlərin anası (olan Məkkə) əhlini və onun ətrafındakıları haqqında heç bir şübhə olmayan toplanış günü ilə qorxutmağın üçün, beləcə, sənə ərəbcə Quran vəhy etdik. (İnsanların) bir qismi Cənnətdə, bir qismi isə Cəhənnəmdə olacaqdır!
Amma “Məkkə” sözünün olmadığı orijinal tərcümə isə bu şəkildədir:
Ölkə və şəhərlərin anasını və onun ətrafındakıları haqqında heç bir şübhə olmayan toplanış günü ilə qorxutmağın üçün, beləcə, sənə ərəbcə Quran vəhy etdik. (İnsanların) bir qismi Cənnətdə, bir qismi isə Cəhənnəmdə olacaqdır!
2) İndi də “Ənam” surəsinin 92-ci ayəsinə baxaq:
Yenə əvvəlki ayədə də keçən “UMMƏ ƏL QURA” sözü Məkkə kimi ifadə edilərsə, eyni səhv təkrarlanır və tərcümə belə olur:
Bu da mübarək, özündən əvvəlkiləri təsdiq edən bir kitabdır ki, onu sənə Məkkə əhlini və ətrafındakı insanları qorxutmaq üçün nazil etmişik. Axirətə iman gətirənlər ona da iman gətirər, namazlarını da qoruyub saxlayarlar.
Yenə “Məkkə” sözünün olmadığı orijinal tərcümə bu şəkildədir:
Bu, şəhərlər anasını və onun ətrafındakıları qorxutmaq üçün nazil etdiyimiz, özündən əvvəlkiləri təsdiq edən mübarək bir kitabdır. Axirətə inananlar ona da inanırlar. Onlar namazlarını doğru-düzgün qılırlar.
Allahın kəlamının bütün dövrlərə və bütün insanlara göndərildiyi Quranda açıq-aydın şəkildə bildirildiyi halda, bu qədər yanlış şərhlər verərək onu yalnız ərəb qövmünə göndərildiyini göstərmək, həqiqətən, böyük səhvdir.
Təkcə “Ənam” surəsinin 19-cu ayəsi belə Quranın bütün insanlığı xəbərdar edən bir kitab olduğuna isbatdır. Qurana hər bir insanı etnik mənşə, rəng, dil və cinsindən asılı olmayaraq, İlahi həqiqətə çatdıran və hər iki dünyada xoşbəxtliyi təmin edən mövzular daxildir.
De: “Kimin şahidliyi daha böyükdür?” De: “Allah mənimlə sizin aranızda Şahiddir. Bu Quran mənə vəhy olundu ki, onunla sizi və onun çatacağı hər kəsi xəbərdar edim. Məgər siz Allahla yanaşı, başqa tanrıların olduğuna şahidlik edirsiniz?” De: “Mən şahidlik etmirəm!” De: “O, Tək olan İlahdır. Mən sizin şərik qoşduqlarınızdan uzağam”. (Ənam surəsi, 19)