Hədis olduğu iddia edilən rəvayətlərin qaynağı müxərrəf Tövratdır

Peyğəmbərimizdən nəql edildiyi iddia edilən sözlər (hədislər) Peyğəmbərimizin şəhadətindən bir neçə əsr sonra yazıya alınmışdır. Kutubi-sittəni yazanlardan Buxari hicri 256-cı ildə, Müslim 261-ci ildə, Tirmizi 279-cu ildə, Əbu Davud 275-ci ildə, Nəsai 303-cü ildə, İbni Macə 273-cü ildə vəfat etmişdir. Bundan başqa, Qulani hicri 329-cu ildə, Babuvay 381-ci ildə, Cəfər Muhəmməd Tusi 411-ci ildə, Əl-Mürtəza 436-cı ildə vəfat etmişdir. Tarixi qaynaqlardan və bizə çatan hədislərdən Peyğəmbərimizə və dörd xəlifə dövrünə aid heç bir yazılı hədisin olmadığı bilinir. Xəlifə Hişam, əz-Zöhri hədislərini ilk toplayan şəxs kimi qəbul edilir. Bu da Peyğəmbərimizin şəhadətindən 2-3 əsr sonraya təvafüq edir.

Beləliklə,  HƏDİS OLDUĞU İDDİA EDİLƏN QURANA ZİDD RƏVAYƏTLƏRİN QAYNAĞININ TÖVRAT olduğunu bir neçə nümunə ilə göstərək:

Baş örtüyü Quranın əmri deyil. “Nur” surəsinin 31-ci ayəsində baş örtüyü kimi tərcümə edilən cümlənin orijinal ərəbcəsində “baş örtüyü” kəlməsi keçmir. Fəqət hədislərdə və təhrif olunmuş Tövratda vardır.

Rəbəqa gözlərini qaldırıb İshaqı görüncə dəvədən endi və köləyə belə dedi: “Bizi qarşılamaq üçün tarlada yürüyən bu adam kimdir?” Kölə: “Ağamdır”, -dedi. Rəbəqa çadrasını götürüb örtündü. (Təqvin səfəri, 24-cü bab, 64-65-ci ayələr. İran yəhudilərinin dini öndəri haham Orvell Davudi yəhudi şəriətində örtüyün fərz olduğunu bu ayələrə əsaslandırır)

Rəcm (daşlayıb öldürmək) cəzası Quranda keçmir. Lakin hədislərdə vardır; eyni hökm Tövratda da mövcuddur.

Əgər bir adam başqa birinin zövcəsi ilə yatanda tutularsa, həm qadınla yatan adam, həm də qadın öldürüləcək. İsraildən pisliyi çıxaracaqsınız. Əgər bir adam şəhərdə başqa birinə nişanlı olan qızla qarşılaşıb onunla yatarsa, hər ikisini şəhərin kənarına gətirib daşlayaraq öldürəcəksiniz. Çünki qız şəhərdə olduğu halda yardım üçün qışqırmadı; adam da qonşusunun zövcəsi ilə əlaqədə oldu. (Təsniyə, 22/22-24)

Quranda heç bir yerdə dindən çıxanın öldürülməsinə dair ifadə keçmir. Amma hədislərdə və təhrif olunan Tövratda öldürülməsinə dair hökmlər mövcuddur.

Rəbbi Musaya: “Kafiri düşərgədən kənara çıxart. Onu eşidən hamı əllərini onun başına qoysun və bütün topluluq onu daşlasın. İsraillilərə de: “Kim Tanrısına lənət oxuyarsa, məsuliyyət daşıyacaq. Rəbbin isminə söyən hər kəs öldürülməli, bütün topluluq onu daşlamalıdır. Yerli, yaxud yad birisi Rəbbə söyərsə, öldürülməlidir. Musa israillilərə dedi; kafiri düşərgədən çıxarıb daşqalaq etdilər. İsraillilər Rəbbin Musaya əmrini yerinə yetirdilər. (Levililər, 24:13-16)

Quranda qadın güclü, ağıllı, güvənilən biri, zəkalı kimi təqdim olunur. Ayrıca, Allah qadını Quranda gözəl bitkiyə bənzətmişdir. Qadınların lənətli olması və ya aşağı təbəqə insan olduğuna dair hər hansı bir ifadə Quranda yoxdur. Lakin hədislərdə və təhrif olunmuş Tövratda qadınlar yarım varlıq və uğursuz kimi verilir.

Kişini yoldan çıxarıb Tanrının əmrlərinə qarşı gəlməsinə səbəb olan qadındır (Yaradılış, 3:6, 11-12). Qadınlar lənətlənmişdir (Yaradılış, 3:16). Qadınlar kişilərdən daha zəifdir (1Petrus, 3:7). Qadınlar kişilərdən aşağı dərəcədədir (1 Korintlilər, 11:7)

Yenə Qurana görə qadınlar adət hallarında cinsi əlaqə qurmazlar, lakin bütün ibadətləri edə bilərlər. Buna dair Quranda heç bir qadağa yoxdur. Hədislərdə və təhrif olmuş Tövratda isə qadağan olduğuna dair hökmlər vardır:

Tövrata görə adət halında olan qadın murdardır (cünubdur). (Baxın: Levililər: 12/2-5)

Adətli qadın yedi gün murdar olur, ona toxunanlar da murdar olurlar, hətta o qadının oturduğu yatağa bir şey bulaşarsa, ona toxunan kişi axşama qədər murdar olar. Adətli qadınla yatıb üstünə bir şey bulaşan kişi də yeddi gün murdar olar. (Levililər: 15/19, 23-24)

Quranda savaş müdafiə məqsədi daşıyır və əsla məzlum insanların öldürülməsinə izn verilmir. Halbuki hədis və təhrif olunan Tövratda qadın və uşaqların öldürülməsinə izn verilir.

Şəhəri Rəbbə adayıb qadın-kişi, gənc-yaşlı, kiçik-böyük baş heyvanlardan eşşəklərə qədər şəhərdə nə qədər canlı varsa hamısını qılıncdan keçirib yox etdilər. (Yeşu, 6:21)

İndi get, amaleqliləri vur. Sahib olduqları nə varsa yox et, canlarını bağışlama. Kişi, qadın, uşaq, öküz, qoyun, dəvə, eşşək –hamısını öldür. (1 Samuel, 15:3)

Nəticədə, İslam dininin yeganə qaynağı Qurandır və Quranın əmr etmədiyi bir hökmün İslamda heç bir əsası yoxdur.