Nuh tufanını inkar edərək Quranda ziddiyyət axtaranlar buna fəlakətin bütün dünyanı bürüməsinin mümkün olmadığını dəlil göstərirlər.
Halbuki bu iddia Allah tərəfindən nazil edilən və təhrif edilməyən tək müqəddəs kitab Quran üçün əsaslı deyil. Çünki Quranda Nuh tufanı hadisəsinə Tövrat və müxtəlif mənbələrdə bəhs edilən tufan əfsanələrindən daha fərqli baxış vardır. Qədim Əhdin ilk beş kitabını təşkil edən müxərrəf Tövrat bu tufanın bütün dünyanı bürüdüyünü dediyi halda Quranda belə bir məlumat yoxdur. Əksinə, bununla əlaqəli ayələrdən tufanın regional olduğu və bütün dünyanın deyil, Nuh qövmünün cəzalandırıldığı anlaşılır.
Tövrat və Qurandakı tufan qissələrinə baxanda bu fərqlilik aydın şəkildə özünü göstərir. Quranda yalnız Nuh qövmünün həlak edildiyi bildirilir. Eyni Ad qövmünə göndərilən hz.Hud (Hud surəsi, 50), yaxud Səmud qövmünə göndərilən hz.Saleh (Hud surəsi, 61), yaxud da digər peyğəmbərlər kimi hz.Nuh da yalnız öz qövmünə göndərilmişdir və tufanda Nuhun qövmü ortadan qaldırmışdır. Həlak olanlar hz.Nuhun təbliğini saymayıb üsyan edən qövmdür. (Əraf surəsi, 64-72)
Bundan başqa, Allah hər hansı bir qövmə elçi göndərilmədikcə o qövmün həlak edilməyəcəyini buyurur (Qəsəs surəsi, 59). Həlak üçün qövmə xəbərdaredici gəlməli və həmin qövm onu yalançı saymalıdır. Hz.Nuh da ancaq öz qövmünə göndərilmişdir. Bu səbəbdən, Allah xəbərdaredici göndərilməyən qövmləri deyil, yalnız hz.Nuhun qövmünü həlak etmişdir.
Qurandakı bu açıqlamalardan Nuh tufanının regional olduğu məlum olur. Üstəlik, tufanın baş verdiyi güman edilən arxeoloji bölgədə aparılan qazıntı işləri tufanın Mesopotamiyanın bir hissəsini təsiri altına alan təbii fəlakət olduğunu göstərir.
Nuh tufanının baş verdiyi yer kimi Mesopotamiya ovalığı göstərilir. Bu bölgədə tarixdə bilinən ən qədim və inkişaf etmiş sivilizasiyalar qurulmuşdur. Bundan başqa, bu ərazi Dəclə və Fərat çayının ortasında yerləşməsi səbəbi ilə coğrafi yöndən böyük sel daşqınına uyğun zəmin təşkil edir. Tufanın təsirini artıran səbəblərdən biri, böyük ehtimal ilə, bu iki çayın yatağından daşıb ərazini basmasıdır.
Bu ərazinin tufanın gerçəkləşdiyi yer kimi qəbul edilməsinin ikinci bir səbəbi tarixi yöndəndir. Ərazidəki bir çox mədəniyyət qalıqlarında eyni dövrdə yaşanmış bir tufandan bəhs edən çoxlu yazılı qeydlər ortaya çıxarılmışdır. Nuh qövmünün həlak edilməsinə şahid olan bu mədəniyyətlər bu fəlakətin nəticələrini tarixi qaynaqlara yazmağa ehtiyac hiss etmiş olmalıdırlar. Tufandan bəhs edən əfsanələrin əksəriyyətinin Mesopotamiya mənşəli olduğu da məlumdur. Ən əhəmiyyətlisi isə arxeoloji tapıntılardır. Bunlar bu ərazidə, həqiqətən də, böyük sel daşqınının baş verdiyini göstərir. Sel daşqını bölgədə mövcud sivilizasiyanın süqutuna səbəb olmuşdur. Aparılan qazıntı işlərində belə bir fəlakətin açıq izləri ortaya çıxarılmışdır.
Mesopotamiya ərazisində aparılan qazıntı işlərindən məlum olduğuna görə, bu bölgə tarix boyu bir çox daşqınlarla üz-üzə qalmışdır. Məsələn, e.ə. 2000-ci illərdə Mesopotamiyanın cənubunda yerləşən böyük Ur şəhərinin hökmdarı İbbis dövründəki bir il “göylə yer arasındakı sərhədləri yox edən bir tufan sonrası” şəklində tanınır. E.ə. 1700-cü illərdə babilli Hammurabi dövründə bir il də “Eşnunna şəhərinin sel daşqını ilə viran olması” hadisəsi ilə tanınır.
E.ə. 10-cu əsrdə hökmdar Nabumukinapal dövründə Babil şəhərində sel daşqını baş vermişdir. Miladdan sonra 7, 8, 10, 11 və 12-ci əsrlərdə də bölgədə sel daşqınları olmuşdur. 20-ci əsrin 1925, 1930 və 1954-cü illərində də bu, təkrarlanmışdır. Başa düşülən odur ki, bölgə həmişə sel fəlakətinə açıqdır və Quranda bildirildiyi kimi sel daşqınının bir qövmü yox etməsi tamamilə mümkündür, lakin bütün dünyanı deyil.